Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-852/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları ilə ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 29 sentyabr 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Sonradan onlar arasındakı nikah 20 iyun 2022-ci ildə pozulmuşdur. O, ailə qurarkən cavabdehin yaşadığı ünvan 2 ünvanına köçmüdür. Ailə qurduqdan və həmin mənzilə köçdükdən sonra onların birgə nikahlarından 20 yanvar 2013-cü il təvəllüdlü X6, 05 oktyabr 2015-ci il təvəllüdlü X9 adlı iki uşaqları olmuşdur. Sonradan onların münasibətləri pozulduqdan sonra o 2021-ci il tarixindən avqust ayından evdən uşaqları ilə birlikdə çıxmışdır. Hal-hazırda o, uşaqları ilə birlikdə valideynlərinin mənzilində yaşayırlar. Cavabdeh ilə aralarında olan nikah Mingəçevir şəhər məhkəməsinin 2(051)-137/2022 saylı qətnaməsinə əsasən pozulub. Aralarında olan nikah pozulduqdan sonra özünün və uşaqlarının qalmağa yeri olmadığı üçün valideynlərinin yanın getmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçı, iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin əvvəlki iclasında iştirak etmiş və verdiyi izahatında bildirmişdir ki, onunla iddiaçı arasında 29 sentyabr 2013-cü ildə rəsmi nikah qeydə alınmışdır. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. O məcburi köçkündür. Ailə qurmazdan öncə o məcburi köçkün kimi dövlət tərəfindən onlara müvəqqəti yaşamaq üçün Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış xüsusi təyinatlı yaşayış sahəsindən ev ayrılmışdır. İddiaçı ilə ailə qurduqdan sonra o da, hazırda yaşadığı xüsusi təyinatlı yaşayış sahəsinə gəlin köçmüşdür. Hazırda iddiaçının və uşağının həmin mənzildə yaşamasına etirazı yoxdur. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqların valideynləri Cavabdeh və Hüseynova Ayseldir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X2 nikahı 10 iyun 2022-ci il tarixdə, 73 saylı akt qeydi ilə pozulmuşdur. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır. İşdə olan 20 dekabr 2015-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X1 adlandırılacaq vətəndaş Cavabdeh ilə müqavilə bağlamışlar, müqaviləyə görə ümumi sahəsi 62,71 kv.m yaşayış sahəsi 29,10 kv.m ibarəıt 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və ya bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-137/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında xx.xx.2013–cü il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış və 352 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Zəhra və xx.xx.2015-ci il tarixdə doğulmuş Adəm adlı uşaqların iddiaçı X2 yanında qalması müəyyən edilsin və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 1 nəfər uşaqları doğulmuşdur. İddiaçı evlənən vaxt Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış xüsusi təyinatlı yaşayış sahəsi olan ünvan 3 ünvanında yerləşən mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə yaşamışdır. İddiaçı əri ilə birlikdə 2021-ci ilin avqust ayına qədər həmin mənzildə yaşamışdır. Lakin sonradan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli mənzildən yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzildən istifadə hüququna tanınması ilə bağlı yaranan mülki mübahisədir. Tərəflər arasında yaranan hüquq münasibətləri 2009-cu ildən sonra, yəni 2013-cü ildən əmələ gəldiyindən və mübahisəli ev kirayə müqaviləsi ilə cavabdehə kirayəyə verildiyindən hazırkı mübahisəyə qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına əsasən hüquqi qiymət verilməlidir. AR Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən mənzilə istifadə hüququnun mövcud olmasının sübutetmə yükü iddiaçının, lakin həmin mənzildə istifadə hüququnun olmasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri 29 sentyabr 2013-cu il tarixdən yaranmış, həmin vaxt iddiaçı cavabdehin yaşadığı Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış xüsusi təyinatlı yaşayış sahəsi olan ünvan 3 ünvanında yerləşən mənzilə gəlin köçmüş, lakin sonradan tərəflər arasında rəsmi nikah münasibətləri bitmiş və iddaçı gəlin köçdüyü həmin mənzildən uşağı ilə birlikdə çıxmışdır. Sonradan, yəni 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı 2013-cü ildə gəlin köçdüyü Cavabdeh kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün istifadəsində olan mübahisəli mənzildən istifadə hüququnun tanınmasını tələb etdiyindən, onlar arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2013-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2013-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının Cavabdeh kirayə müqaviləsi əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş xüsusi təyinatlı yaşayış sahəsindən istifadə hüququnun tanınmasına qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh X11 evlənən vaxt iddiaçı Cavabdeh kirayə müqaviləsi əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş xüsusi təyinatlı ünvan 3 ünvanına gəlin köçmüşdür. Göründüyü kimi iddiaçının iddia etdiyi cavabdehin yaşadığı ünvan 4 ünvanda yerləşən mübahisəli mənzil Xüsusi təyinatlı yaşayış sahəsi olaraq dövlət mənzil fondunun mülkiyyətindədir. Sözü gedən mənzil qanunun tələbindən də görünür ki, xüsusi təyinatlı mənzil hesab olunur və həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsində qeyd olunduğu kimi ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmçinin məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Belə olan halda aydın görünür ki, iddiaçı istəsə də cavabdehin həmin mübahisəli mənzil üzərində heç bir tələb hüquqları mövcud deyildir. İddiaçının istifadə hüququ tanınmasını istədiyi mübahisəli mənzil dövlət mənzil fondunun mülkiyyətinə aid olan və müvəqqəti yaşamaq üçün kirayə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilən mülki obyektdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzil dövlət mənzil fonduna məxsus olduğundan onun həmin mübahisəli mənzil üzərində qanuni gözlənti hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə görə Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarımın yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 91.1.6-cı maddəsinə görə qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Yuxarıda qeyd edilənlərə və maddələrin şərhinə əsasən mübahisəli mənzil kirayə müqaviləsi ilə cavabdehə istifadəsinə və sahibliyinə verilmişdir, iddiaçı isə artıq cavabdehin ailə üzvü olmadığından onunla eyni hüquqlara malik deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinə istifadə hüququnun tanınması tələb etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı və 20 yanvar 2013-cü il təvəllüdlü X6 və 05 oktyabr 2015-ci il təvəllüdlü X9 adlı uşaqları ilə ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-852/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-852/2023
25.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver