Məhkəmə qərarları › İş №2(051)-864/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-864/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-864/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1816.30 manat məbləğdə əsas borcu, 1643.54 manat məbləğində faiz borcu və 74.19 manat cərimə borcu olmaqla, cəmi 3534.03 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçıASC-nin Mingəçevir filialı ilə xx xxxxx 2014-cü il tarixdə, 111.LN.2102.170414.00004 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 15000 manat məbləğdə kredit götürmüşdür. Bundan sonra xx.xx.2016-cı il tarixdə 111LN.2102.170414.00004 №2 saylı kredit müqaviləsinə əlavə razılıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka 1816.30 manat məbləğdə əsas borc, 1643.54 manat məbləğində faiz borcu və 74.19 manat cərimə olmaqla, ümumilikdə 3534.03 manat məbləğində kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1816.30 manat məbləğdə əsas 1643.54 manat məbləğdə faiz borcu və 74.19 manat cərimə borcu olmaqla, cəmi 3534.03 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının tutulub İddiaçıAçıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə qismən razı olduğunu bildirərək ona hesablanmış cərimə borclarının azaldılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə İddiaçıAçıq Səhmdar Cəmiyyəti ilə 111.LN. 2102.080915.00004 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 15000 manat məbləğdə kredit götürmüşdür. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 xx xxxxx 2014-cü il tarixli, 111.CL.170414.00004/c saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 4/761 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü və 44-cü vərəqəsində olan xx xxxxx 2014-cü il tarixli 111.CL.170414.00004/c saylı “Zaminlik müqaviləsi”nin 1-ci vərəqinin aşağı hissəsində soldan sağa 2-ci imza və 2-ci vərəqində “5. Tərəflərin rekvizitləri və imzaları” hissəsində “Zamin” qrafasında “V.H. Mustafayev” yazılarının yuxarısında olan imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspert rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 74.19 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 74.19 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 10 manat miqdarda dəbbə pulu alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən rüsumu kimi ödədiyi 30 manat pulun və 0.40 manat xidmət haqqının vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 124 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1816.30 manat məbləğdə əsas və 1643.54 manat məbləğdə faiz borcu olmaqla, və 10 manat cərimə borcu olmaqla, cəmi 3469.84 manat məbləğdə borc tutularaq İddiaçıAçıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub İddiaçıASC-nə ödənilsin. İş üzrə 124 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar