Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-894/2024 29.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(051)-315/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş Məhəmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 2002-ci il tarixdə toy edərək faktiki nikah münasibətinə girməklə ailə qurmuş və həmin vaxtdan da ailə kimi birlikdə yaşamışlar. 06 fevral 2004-cü ildə Şəki rayonu Kiçik Dəhnə kənd icra nümayəndəliyində cavabdehlə rəsmi nikah bağlamışlar. 24 avqust 2003-cü il tarixdə Nuray, 23 mart 2005-ci il tarixdə Nurcan və 14 noyabr 2009-cu il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(051)-315/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və bu barədə ona 10 avqust 2022-ci il tarixli «Nikahın pozulması haqqında şəhadətnamə» verilmişdir. Həmçinin həmin qətnamə ilə Cavabdeh 23 mart 2005-ci il təvəllüdlü X5 və 14 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Nurcan Qədirova artıq 1 ildir ki, yetkinlik yaşına çatmışdır və ona verilən aliment də dayandırılmışdır. O hazırda yalnız Məhəmməd Qədirov üçün hər ay 140 manat aliment alır. Qızları Nuray və Nurcan yetkinlik yaşına çatsalar da, heç bir yerdə işləmirlər. Onların hər ikisi tələbədir və Bakı şəhərində ali təhsil alırlar. Onların da bütün xərcləri onun üzərindədir. Cavabdeh özü həm Azərbaycanda, həm də Rusiya Federasiyasında sərnişin daşınması (taksi) fəaliyyəti ilə məşğuldur. Aylıq gəliri yaxşıdır. O, ərizə ilə Mediasiya Şurasına müraciət etmiş, lakin qarşı tərəf gəlmədiyi üçün mediator tərəfindən 15 fevral 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmçinin o, mediasiya zamanı 60 manat rüsumu da ödəmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 07 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi göndərilmiş və qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu
“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
«Uşaq hüquqları haqqında» Konvensiya
12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Məhəmməd adlı uşağın atası Cavabdeh, anası X3r. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-315/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında 06 fevral 2004-cü ildə Şəki rayonu Kiçik Dəhnə kənd icra nümayəndəliyində 11 № ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 23 mart 2005-ci il təvəllüdlü X7 və 14 noyabr 2009-cu il təvəllüdlü X2 iddiaçı X1 yanında qalmaları müəyyən edilməsi, 23 mart 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, 14 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq, iddiaçı X4 verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 dekabr 2021-ci il tarixdən tutulması və qətnamə alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişdir. 24 avqust 2003-cü il tarixdə Nuray, 23 mart 2005-ci il tarixdə Nurcan və 14 noyabr 2009-cu il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan boşanmışlar. Boşandıqdan sonra Nurcan və Məhəmməd adlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə Nurcan və Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Nurcan adlı uşaq yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı Məhəmməd adlı uşaq üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Məhəmməd adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, hazırda 140 manat sabit pul məbləğində aliment uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 140 manat sabit pul məbləğində alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən bir il ərzində 1 uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 200 manat olduğundan, həmin məbləğdə tutulmalı olan dövlət rüsumunun miqdarı 44 (qırx dörd) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş Məhəmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-315/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 200 (iki yüz) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev