Məhkəmə qərarları › İş №2(051)-899/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-899/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-899/2023 25.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2600 (iki min altı yüz) manat borcun, vəkilə hüquqi xidmət üçün ödənilən 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3.40 (üç manat qırx qəpik) manat, vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Ağdam rayonundan məcburi köçkün olaraq Mingəçevir şəhərində məskunlaşıb, yaşamışdır. Son bir neçə ildir ki, Bakı şəhərində işləyir, işi ilə əlaqədar Bakı şəhərində qalır. İddiaçı Mingəçevir şəhərində Qaçqınkom tərəfindən ona verilmiş mənzili təmizləyən qadın Tahirə vasitəsi ilə Cavabdeh1 tanımış, qısa müddətdə iddiaçı ilə yaxından əlaqə saxlamışdır. Vüsalə iddiaçıya bildirmişdir ki, “Bakı şəhərində yaşayırsan, işləyirsən, ehtiyat pulun varsa, mənə əl tut”. Demişdir ki, ankololoji xəstədir müalicəyə ehtiyacı var, iddiaçı da razılaşmışdır. 2021-ci ilin fevral ayının əvvəlləri, ilk olaraq iddiaçıdan 1000 (bir min) manat pul almış və ona kart vermişdir. Demişdir ki, iddiaçıdan aldığı pulu cəm şəkildə verə bilməyəcəkdir, kartdan hər ay götürər. Aradan bir neçə gün keçmiş, Vüsalə iddiaçıya zəng edərək demişdir ki, "Şölə xanım Cavabdeh2 adlı bir rəfiqəm var, Mingəçevir şəhər 7 saylı tam orta məktəbin müəllimidir, uşağı ilə bağlı problemi var, təcili ona pul ehtiyacdır, xahiş edirəm, ona köməklik et, elə bil mənə köməklik edirsən". İddiaçı da razılaşmış, "Milliön" aparat vasitəsi ilə müxtəlif vaxtlarda 500 manat, 200 manat, 300 manat pul göndərmişdir. Cavabdeh1 iddiaçıya əmək haqqı kartı göndərmiş və demişdir ki, Cavabdeh2 əmək haqqı kartıdır, hər ay bu kartdan pulu götürər. Karta pul az yüklənmişdir. Alınan puldan ödəniş edirdilər. Vüsalə iddiaçıya baldızının kartını atmışdır ki, bu kartdan verdiyi pulu götürər. Kartlar bağlandı. Həmin vaxt iddiaçı Bakı şəhərində idi. İddiaçı Bakı şəhərindən gəlib Vüsalə ilə görüşmüş, Vüsalə ondan xahiş etmişdir ki, Səkinə adlı şəxsə borcu var, borcu ödədikdən sonra, onun borcunu qaytaracaqdır. Bundan sonra iddiaçı Cavabdeh2 ilə görüşmüş, ona borc verdiyi pulu qaytarmasını bildirmişdir. Xalidə də iddiaçıya bildirmişdir ki, onu bir az gözləsin. İddiaçı da razılaşmış və Bakı şəhərinə qayıtmış, ancaq telefonla əlaqə saxlayıb, borcunu istəyirdi. Səs yazıları da vardır. İddiaçının səhhətində də problemlər yarandığından müəyyən müddət başı qarışmışdır. İddiaçı 2022-ci ilin yay aylarında Cavabdeh1 və Cavabdeh2 ilə görüşmüşdür. Həmin vaxt danışıqlar yazılmış və iddiaçı bu barədə onlara xəbərdarlıq etmişdir. Hər iki cavabdeh iddiaçıya cəmi 2600 (iki min altı yüz) manat borclarının olmasını etiraf etmişdirlər. Yenə borcun ödənilməsi ilə bağlı cavabdehlər iddiaçıdan vaxt istəmişdirlər. 2022-ci ilin sonlarında iddiaçı Cavabdeh2 yaşadığı evə getmişdir. Aralarında söz-söhbət yaranmışdır. Xalidə borclu olduğu pulu Vüsaləyə verdiyini demişdir. Bundan sonra iddiaçı Vüsaləyə zəng edib Xalidəyə dediklərini ona demişdir. Vüsalə isə Xalidənin ona pul vermədiyini bildirmişdir. Hazırda Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 2600 (iki min altı yüz) manat borcları var, müəyyən bəhanələrlə pulu qaytarmaqdan imtina edirlər. Bununla bağlı iddiaçı Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, Polis Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməklə bağlı məktub verilmişdir. O da məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı vəkilə hüquqi xidmət üçün 250 (iki yüz əlli) manat, etibarnamə üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, şəxsiyyət vəsiqəsinin notarial təsdiqi üçün 3.40 manat pul ödəmişdir. Hesab edir ki, cavabdehlərdən 2600 (iki min altı yüz) manat borc, vəkilə hüquqi xidmət üçün ödənilən 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3.40 (üç manat qırx qəpik) manat, vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat pul alınıb iddiaçıya verilməlidir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, o, İddiaçı 750 manat borc pul almışdır. Həmin pulu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. O, iddiaçının istifadəsində olan albalı kartına köçürməklə borcunu qaytarmışdır. Belə ki, kart vasitəsi ilə 50 manat, 182 manat, 221 manat, 160 manat olmaqla ödənişlər etmişdir. O, pulu 2021-ci ildə ödəmiş, yalnız 50 manatı 2022-ci ilin avqust ayında ödəmişdir. Cəmi 130 manat borcu qalmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, o, İddiaçı 750 manat borc pul almışdır. O, bunun əvəzində 416974******9335 nömrəli əmək haqqı kartını iddiaçıya vermişdir. Həmin əmək haqqı kartından 920 manat pul çıxarılmışdır. İddiaçı ona verdiyi həmin borc pula görə 250 manat faiz hesablamış, həmin pulu da ondan tələb etmişdir. Ümumilikdə, 1000 (bir min) manat iddiaçıya verməli idi. Ancaq o, kartdan çıxarılan 920 manat puldan əlavə 250 manat faizi də iddiaçıya qaytarmışdır. Həmin 250 manat pulu iddiaçıya məktəbin qarşısında nağd şəkildə vermişdir. O, iddiaçıya olan borcunu ödəmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş CD disklərdə olan Whatsap sosial şəbəkəsi vasitəsilə aparılan səs yazılarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında borc ilə bağlı münasibət olmuş, yəni cavabdehlər iddiaçıdan borc pul almışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehlərə 2600 manat məbləğində borc pul verilməsini və cavabdehlərin ona 2600 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki,İddiaçı ilə cavabdehlər arasında 2021-ci ilin borc fevral ayının əvvəlləri borc pul alınıb verilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı ilk dəfə cavabdehlərin hər birinə 750 manat məbləğində borc pul vermiş, cavabdehlər isə həmin məbləği qaytarmağı öhdələrinə götürmüşdür. Bu hal işin mübahisə edilməyən faktiki hallarıdır. Ona görə də məhkəmə həmin halları araşdırmır. Lakin sonradan cavabdehlərin iddiaçıdan borc almaları və həmin məbləğləri qaytarmaları, həmçinin hazırda cavabdehlərin iddiaçılara borclarının qalıb-qalmaması ilə bağlı tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehlərin hazırda ona 2600 manat borcları olduğunu bildirmiş, lakin cavabdehlər iddiaçının bildirdiklərini qəbul etməmişlər. Belə ki, iddiaçı tərəf Cavabdeh1 2021-ci ilin fevral ayının əvvəllərində, ilkin olaraq iddiaçıdan ilkin olaraq 1000 (bir min) manat, daha sonra "Milliön" aparat vasitəsi ilə müxtəlif vaxtlarda 500 manat, 200 manat, 300 manat pul verdiyini bildirmişdir. Cavabdeh1 iddiaçıdan cəmi 750 manat borc pul aldığını və həmin borcu isə tam şəkildə qaytardığını bilıdirmişdir. Digər Cavabdeh2 isə iddiaçıdan 750 manat borc pul aldığını, iddiaçıya olan borcunu tam şəkildə ödədiyini, hazırda heç bir borcu olmadığını bildirmişdir. Ona görə də məhkəmə həmin halı işin mübahisə edilən faktiki halı kimi qəbul edir və tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclası zamanı cavabdehlərə 2600 manat məbləğində borc pul verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh1 da 750 manat borc pul aldığını etiraf etmiş, lakin həmin puldan cəmi 50 manat ödəniş etməsinə dair qəbz təqdim etsə də, qalan 700 manatı ödəməsinə dair heç bir sübut təqdim etməmişdir. Digər Cavabdeh2 da 750 manat borc almasını etiraf etsə də, həmin borcun tam həcmdə qaytarılmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 2600 manat deyil, yalnız işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, Cavabdeh1 münasibətdə 700 manat, Cavabdeh2 münasibətdə isə 750 manat məbləğində qismən əsaslı hesab edir. Məhkəmə, öz qənaətini onunla əsaslandırı ki, cavabdehlər tərəfindən təqdim edilmiş qəbzlər olsa da, həmin qəbzlər 2021-ci il tarixi əhatə edir. Lakin işin müəyyən olunmuş həqiqi halları, həmçinin tərəflərin razılığı ilə məhkəmə iclasında səsləndirilən, 2022-ci ilin iyul ayında Whatsap sosial şəbəkəsi vasitəsilə aparılan və SD diskə köçürülmüş səs yazıları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında bir neçə dəfə borc pul münasibətləri olmuş, yəni iddiaçı cavabdehlərə borc vermişdir. Belə ki, məhkəmə iclasında səsləndirilən səs yazılarında cavabdehlər iddiaçıdan hər biri 750 manat aldıqlarınıetiraf etmiş və həmin pulu hər ayın sonuncu günü hissə-hissə ödəyəcəklərini bildirmişlər. Həmin tarixdən sonra isə yalnız Cavabdeh1 iddiaçının kart hesabına 50 manat ödəmiş, digər cavabdeh isə ödəniş etməmişdir. Cavabdehlərin təqdim etdikləri qəbzlər isə 2022-ci ilin iyul ayından əvvəlki tarixləri əhatə edir. Bu da o nəticəyə gələməyə əsas verir ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı istinad etdikləri dəlillər işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında şifahi formada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehlər hissə-hissə ödəmək şərti ilə hər biri iddiaçıdan 750 manat məbləğində borc pul almış, Cavabdeh1 50 manat ödəmiş, lakin digər Cavabdeh2 ödəniş etməmişdir. Ona görə də iddiaçının cavabdehlərə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, həmçinin məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda deyil, məhkəmə iclası zamanı cavabdehlərin verdiyi izahatlar və işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni Cavabdeh1 münasibətdə 700 manat, Cavabdeh2 münasibətdə isə 750 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 iddiaçıya 700 manat, Cavabdeh2 isə 750 manat məbləğində borclarının olması sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 700 manat, Cavabdeh2 750 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh1 şifahi borc müqaviləsinin şərtlərini pozaraq 700 manat, digər Cavabdeh2 isə 750 manat məbləğində borclarını ödəmədiklərinə görə iddiaçı əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək üçün pullu hüquqi yardım alaraq 250 manat qonarar, notariat hərəkətlərinin aparılması üçün 3 manat 40 qəpik və 17 manat 25 qəpik məbləğində rüsum ödəmişdir. Bu hallar cavabdehlərin öhdəliyini icra etməməsi nəticəsində yaranmış və iddiaçıya maddi zərər dəymişdir. Həmin zərərin yaranması ilə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçıya dəymiş zərər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, iş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2023 tarixli 86-96 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün Konsensus Vəkil Bürosunun hesabına 250 manat pul ödənilmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Vəkillər X1 tərəfindən xx.xx.2018–ci il tarixdə təsdiq edilmiş, 000431 nömrəli Orderdən görünür ki, İddiaçı ilə Konsensus Vəkil Bürosunun vəkili X2 arasında pul tələbinə dair mülki iş üzrə tapşırığın Mingəçevir Şəhər Məhkəməsində yerinə yetirilməsi üçün ******* nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş, 75-201 nömrəli mədaxil qəbzi və İS- 2584 nömrəli reyestrdə qeydə alınmış şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiq edilir ki, İddiaçı 17 fevral 2023-cü il tarixli etibarnamənin verilməsi və şəxsiyyət vəsiqəsinin surətinin təsdiq edilməsi üçün notariat hərəkətlərinin aparılmasına görə 17.25 manat və 3 manat məbləğində notariat rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442–ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM–in 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi vəkil xidməti üçün və notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş rüsumların alınıb verilməsinə dair hissədə də əsaslı hesab edilməli və iddiaçının İddianın qaldırılması üçün vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 700 (yeddi yüz) manat, Cavabdeh2 750 (yeddi yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 (iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar