Məhkəmə qərarları › İş №2(051)-912/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-912/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-912/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştiraki ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(051)-912/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəməyə gəlmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 №li 28.02.2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya olunma barədə 29.11.2019-cu il tarixli 1101rstMNG/19 saylı kredit müqaviləsi əsasında Cavabdeh illik 1% hesablanması ilə 60 ay müddətinə 392.57 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdeh banka kredit müqaviləsi üzrə 391.94 manat əsas borc, 5.38 manat faiz borc olmaqla, cəmi 397.32 manat kredit borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pulun cavabdehdən tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, "xxxx" KB ASC ilə 29.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 392.57 manat məbləğində kredit almışdır. Maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli 1101rstMNG/19 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 392.57 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 391.94 manat əsas borc və 5.38 manat faiz borc olmaqla, cəmi 397.32 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 391.94 manat əsas borc və 5.38 manat faiz borc olmaqla, cəmi 397.32 manat kredit borcu cavabdehdən alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 391.94 (üç yüz doxsan bir manat doxsan dörd qəpik) manat əsas borc və 5.38 (beş manat otuz səkkiz qəpik) manat faiz borc olmaqla, cəmi 397.32 (üç yüz doxsan yeddi manat otuz iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat alınıb iddiaçı "xxxx" KB ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar