Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-918/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sağlamlığa dəymiş ziyanın kompensası ilə birlikdə 32804 manat məbləğində pul tələbi barədə məhkəməyə müraciət etmiş, iddiasının cavabdehlərin xahişi ilə “xxxx” ASC-dən 15600 manat məbləğində pulun öz adına alıb onlara verməsi, lakin cavabddehlər onun pulunu qaytarmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişlər. Cavabdehlər Zalov qardaşları analarını müalicə etdirmək üçün ondan bankdan 3000 manat pul götürüb onlara verilməsini xahiş etmişlər. Özlərinin banka borcu olduğuna görə, öz adlarına kredit ala bilmədiklərini bildirmişlər. Əvvəl onlara imtina etmək istəsə də, sonradan razılaşmış və kredit götürmək üçün banka getmişlər. Bankda Xəzri bildirmişdir ki, 3000 manat yox, 15000 manat lazımdır və bu barədə onlar bankın müdiri ilə razılaşmışlar. “xxxx” ASC Ağdam rayon filialında kredit müqaviləsi bağlanmış, həmin müqaviləni də özü imzalamış və bu zaman məlum olmuşdur ki, 15600 manat məbləğində kredit müqaviləsini imzalamışdır. Həmin gün cavabdeh qardaşlar ondan 2700 manat borc pul almışlar, 29.01.2018-ci il tarixdə isə Cavabdeh1 13000 manat pul istəmiş və ona söz vermişdir ki, müqaviləni öz adına dəyişdirəcəkdir. Bu zaman o, Xəzriyə borc müqaviləsi bağlamağı təklif etmiş, Xəzri bundan imtina etmiş, səbəbini isə müqaviləyə görə notariusa çox pul ödəməli olacaqları ilə əsaslandırmışdı. Ona görə də qəbz verməyi təklif etdi. Həmin gün Xəzri hərbi şəxsi vəsiqəsinin nömrəsini göstərməklə ondan 13000 manat alması barədə qəbz yazdı və bundan sonra o, 13000 manat pulu Xəzriyə verdi. Cavabdeh1 qəbzdə göstərilən müddətdə, yəni 16.04.2018-ci il tarixdə qaytarmamış, müxtəlif vaxtlarda başqa şəxs vasitəsi ilə bir dəfə 400 manat, bir dəfə isə 200 manat məbləğində pul qaytarmışdır. 2018-ci ildən bu günə qədər cavabdehlər pulu qaytarmadıqlarına görə 4-5 dəfə gərgin əsəb sarsıntısı keçirmiş, sağlamlığını bərpa etmək üçün xeyli miqdar xərc çəkmişdir. Ona görə də həkim, müalicə pulunu da hesablamaqla cavabdehlər borclu olduqları 16500 manat pulla birlikdə ona cəmi 32864.69 manat qaytarmasını barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında bildirdi ki, həqiqətən İddiaçı ilə eyni hərbi hissədə hərbi qulluqçu kimi işləsələr də o, iddiaçını o qədər də yaxşı tanımamışdır. Heç vaxt iddiaçı ilə aralarında pul söhbəti olmamış, ondan pul istəməmiş, yaxud kredit almaq üçün onunla hər hansı bir banka getməmişdir. Hər hansı bir şəxs vasitəsi ilə, yaxud bilavasitə iddiaçıya özünə pul verməmişdir.İcra şöbəsindən 2018-ci ildə ona bildirilmişdir ki, Beyləqan rayon məhkəməsinin qərarı ilə ondan 13000 manat pul alınıb İddiaçı adlı şəxsə verilməlidir. O, məhkəmənin həmin əmrini alıb, əmrə etiraz edərək , işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. O, bir-iki dəfə məhkəməyə getmişdir, lakin İddiaçı məhkəməyə gəlməmişdir. Sonra o da məhkəməyə getməmiş, ərizə baxılmamış saxlanılmışdır. İddiaçının onun və həmçinin qardaşının kredit müqaviləsi məsələsində adlarının hallandırıldığını başa düşmür. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbi barədə ancaq məhkəməyə çağırılarkən bilmişdir və buna qədər hər hansı borc və kredit müqaviləsi barədə heç nə bilməmişdir. Nəinki kredit müqaviləsi, iddiaçı ilə aralarında heç vaxt pul barədə söhbət olmamış, ondan pul istəməmişdir. Ümumiyyətlə bu məsələnin ona heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı borclu olduğu pul məsələsini aydınlaşdırmaq üçünBeyləqan rayonu Milabad kəndinə getmiş, kəndin kafesində onlarla göruşmüşlər. Pulu tələb edərkən aralarında mübahisə yaranmış və dalaşmışlar. Lakin sonradan, yenə də Cavabdeh1la görüşmüş, Xəzri borclu olduğunu etiraf etmiş, pulu qaytaracağını bildirmişdir. Bundan sonra Xəzri müxtəlif vaxtlarda üç dəfə, birinci də 300 manat, ikinci dəfə 200 manat, üçüncü isə dəfə 120 manat ona pul vermiş, o isə pulu İddiaçı vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. İşdə olan 29.01.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASCnin Ağdam rayon filialı ilə İddiaçı arasında illik 27.84 % olmaqla, 37 ay müddətinə 15600 manat məbləğinə dair kredit müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş 29.01.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, qeyd edilən kredit müqaviləsinin təminatı kimi Namazov Elşən Rasim oğlu ilə, “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 29.08.2018-ci il tarixli 2(020)-1823/2018 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh1 13000 manat pulun alınıb tələbkar İddiaçı verilməsi barədə məhkəmə əmri verilmişdir. Beyləqan rayon icra və probasiya şöbəsinin 17.12.2018-ci il tarixli qərarının surətindən aydın olur ki, əmrin icrası ilə əlaqədar qəbul edilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 15.04.2019-cu il tarixli qərardadının surətindən aydın görünür ki, məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmiş, lakin tərəflər məhkəmə prosesində iştirak etmədiklərinə görə iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi X1 ünvanlanlandığı 03.03.2021-ci il tarixli məktubdan aydın olur ki, Beyləqan rayon məhkəməsinin 15.04.2019-cu il tarixli 2(020)- 704/2019 nömrəli qərardadından verilən apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 20.05.2020-ci il tarixli 2(106)-1588/2020 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə təqdim edilmiş məcmu halda qiymət verərək belə hesab edir ki, İddiaçı ilə cavabdehlər Zalovlar hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasında öhdəliyin yaranması üçün heç bir əsas olmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi sadə yazılı əqd isə mövcud deyildir. İddiaçı həmin əqdin bağlanmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisə ilə əlaqədar 2018-ci ildən, gərgin əsəb sarsıntısı keçirməsi və bu səbəbdın də, əlavə pul tələb etməsi barədə izahatına məhkəmə belə qiymət verir ki, ümumiyyətlə onun tələbinin qanuni əsası olmadığına görə iddia həmin hissədə də təmin olunmamalıdır. Məhkəmə şahid qismində ifadə vermiş A.Əliyevin ifadəsinə də, tənqidi yanaşır və hesab edir ki, Cavabdeh1la, iddiaçı İkram Rəsulov arasında qanuni əsaslarla borca dair anlaşma olsaydı və Cavabdeh1 pul qaytarmaq niyyətində olsaydı, o pulu tanımadığı şəxsə deyil, bilavasitə iddiaçının özünə verərdi. Digər tərəfdən şahidin ifadəsinə görə cavabdeh 2 dəfəyə cəmi 600 manat pul qaytarmışdır, sonradan isə qalan pulun qaytarılması barədə ona müraciət edilməmişdir. Buradan da aydın olur ki, şahidin bu cür ifadə verməsində məqsədi Cavabdeh1, İddiaçı borclu olduğunu sübut etmək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şahidin ifadəsi sübut növü kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirə bilmədi. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-918/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-918/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver