Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-928/2024 15.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonradan alimentin artırılmasıtələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1020/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılmış və hər uşağın saxlanması üçün hər birinə 145 manat olmaqla, cəmi 290 manat aliment müəyyən edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtında ödəmədiyindən artıq 2000 manat məbləğində aliment borcu yaranmışdır. Halbuki cavabdeh hazırda Qəbələdə futbol klubunda işləyir və aylıq gəliri yüksəkdir. Əldə etdiyi gəlir ilə uşaqlarına yüksək səviyyədə baxa bilər. O, uşaqlara çətinliklə baxır, uşaqların tələbatı artır. İşləməsinə baxmayaraq aldığı əmək haqqı ailənin tələbatını ödəmir. Odur ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun hazırda daimi və normal maaşlı iş yeri yoxdur. Hazırda Qəbələ futbol məktəbində xidməti müqavilə əsasında işləyir. Müqavilə müddəti mövsümi xarakter daşıyır. Əmək haqqı mövsümdən və dərs yükündən asılı olaraq dəyişkəndir, məbləği yüksək deyildir. Əlavə gəlir və qazanc yeri yoxdur. Evi olmasına baxmayaraq daimi yaşayış yeri yoxdur. Buna görə də iş günləri Qəbələdə, istirahət günləri Mingəçevir şəhərində keçirməyə məcburdur. Nəqliyyat xərclərini və gündəlik yaşayış tələbatını təmin etməkdə çətinlik çəkir. Yaşayışını təmin etmək üçün məsrəfləri əmək haqqımı üstələdiyi üçün mövcud alimenti ödəməkdə də ciddi problemlər yaşayır. Hazırda 1600 manata yaxın aliment borcu yaranmışdır. Hazırda iddiaçının maddi və yaşayış durumunun cavabdeh kimi ona münasibətdə daha üstün və yüksək olduğunu nəzərə alınmasını və iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmiş və aliment məbləğinin hər ay hər uşaq üçün 155 manat məbləğində olmaqla, cəmi 310 manat müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mingəçevir şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 236129 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 985526 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00106 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından iki övladları – xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Daha sonra İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1020/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılmış və hər uşağın saxlanması üçün hər birinə 145 manat olmaqla, cəmi 290 manat aliment müəyyən edilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir, cavabdeh buna etiraz edir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2022-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaqlar üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay hər uşağa 180 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alır. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1020/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-928/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-928/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver