Məhkəmə qərarları › İş №2(051)-939/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-939/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-939/2021 16.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh : Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona borcu olduğu 3100 (üç min bir yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh onun həyat yoldaşıyla birlikdə işlədiyindən tanıyır. 2019-cu ildə tanıdığı Cavabdeh onu işə düzəltmək adı ilə ondan 3100 (üç min bir yüz) manat pul aldı. Ona söz veridiyi işə düzəldə bilmədiyindən ona verdiyi pulu qaytarmağı ondan tələb etmişdir. O hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmırmış. Ona görə də o məcbur olub 02.08.2020-ci ildə Mingəçevir Şəhər Prokurorluğuna ərizə yazaraq Cavabdehın ona qarşı dələduzluq hərəkətlərinin etdiyini və onun ona qarşı etibarından istifadə edərək ondan aldığı 3100 manat pulun alınaraq ona qaytarılmasında köməklik etmələrini xahiş etmişdir. Mingəçevir polis şöbəsinin istintaq bölməsində aparılan istintaq zamanı müstəntiq qərara gəlmişdir ki, onunla Cavabdeh arasında olan məsələ tam şəkildə mülki olub, mülki qanunvericiliklə tənzimlənən, yəni borc verən və borc alan münasibətləri səviyyəsində olmuşdur. Ona görə də 08 sentyabr 2020-ci il tarixdə Cavabdehın əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış matrial üzrə cinayət işinin başlanmasırədd edilmişdir. Eyni zamanda Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli məsələ olduğundan ona məhkəməyə müraciət etməsi bildirilmişdir. O müstəntiqin qəbul etdiyi qərardan razı olmadığına görə 2020-ci ilin dekabr ayında Mingəçevir şəhər Prokuroruna yenidən şikayət ərizəsi yazmışdır. Prokurorluqda aparılan arşdırma zamanı Mingəçevir şəhər PŞ-nin İB-də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında müstəntiq N.Yusifov qəbul etdiyi 06.12.2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilərək əlavə araşdırma aparılması üçün PŞ-nin istintaq bölməsinə qaytarılmışdır. Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi N.Yusifovun Cavabdeh ona qarşı etdiyi dələduzluq hərəkətləri törətməsi faktı sübuta yetirilmədiyindən toplanmış materiallar üzrə iki dəfə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Ona görə də o H.Ə.Kərimovaya verdiyi 3100 manat pulun alınması üçün mülki qaydada məhkəməyə müraciət məcburiyyyətindədir. Ona görə də məhkəmədən Cavabdeh ona borcu olduğu 3100 (üç min bir yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul edərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi işə düzəltmək adı ilə ondan pul götürməmişdir. Əslində o, İddiaçı borc pul götürmüşdür. O, həmin borcu müəyyən hissəsini qaytarmış və hazırda ona 1050 manat məbləğində borcu qalmışdır. Lakin qalan borcunu maddi imkanı olmadığından geri qaytara bilməmişdir. Onun iddiaçıya 3100 manat deyil, 1050 manat borcu vardır. O, məhkəmədən qətnamə çıxarərkən izahatında göstərdiyi halları da nəzərə almasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş 08 sentyabr 2020-ci il tarixli və 06 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Cavabdehın əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış matrial üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və materialın əlavə araşdırma aparılması üçün aidiyyəti üzrə göndərilməsi barədə 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Nurlan Yusifovun qəbul etdiyi 06.12.2020ci il tarixli qərarı əsassız olduğundan ləğv olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməllərində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı 3100 manat məbləğdə pulu Cavabdeh borc olaraq vermiş, Cavabdeh isə aldığı borcunu geri qaytarmamışdır. Ona görə də cavabdehin iddiaçıya 3100 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı 3100 manat məbləğdə pulu borc olaraq Cavabdeh vermiş, cavabdeh isə alınmış pulu iddiaçıya qaytarmamışdır. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Cavabdehin izahatında bildirdiyi 3100 manat yerinə 1050 manat borclu olması iddiası isə işdə olan cinayət işinin rədd edilməsi materialları ilə təkzib olunur. Belə ki, cavabdehin 3100 manat məbləğində pulu götürməsi faktiki halı həmin materiallar əsasında təsdiq olunur, lakin cavabdeh tərəfindən həmin pulların müəyyən miqdarının qaytarması iddiasını sübut edə biləcək heç bir əsaslı dəlil irəli sürə bilməmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respblikası MPM-in 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh 3100 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3100 (üç min bir yüz) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar