Məhkəmə qərarları › İş №2(051)-96/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-96/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-96/2024 24.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili Vəkil2 Üçüncü şəxs: X1 nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə X6 şəhər X10 Hüquqi Şəxsinə və Cavabdeh2 MMC-yə qarşı tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Mingəçevir şəhər X10 Hüquqi Şəxsinə və Cavabdeh2 MMC-yə qarşı tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ona vurulan 8000 (səkkiz min) manat zərərin müştərək qaydada Mingəçevir şəhər X10 Hüquqi Şəxsindən və Mingəçevir şəhərində yerləşən Cavabdeh2dan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona vurulan 5000 manat maddi zərərin və 3000 manat mənəvi zərərin alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin və tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, səhhətində problemlər olduğu üçün həkimə müraciət etmiş, həkim ona əməliyyat olmalı olduğunu bildirmişdir. İcbari Tibbi Sığorta üzrə X6 şəhər X10 hüquqi şəxsində həkim işləyən Aynurə Mehdiyeva əməliyyatı öz öhdəsinə götürmüş, o da bir qadın olaraq ona etibar etmiş və izah etmişdir ki, onun uşaqlıq boynu çölə çıxıb və ağrıları buna görə də çox olur. Aynurə həkim ona “Elə bizim işimiz budur, özüm əməliyyat edəcəm”,-demişdir. 2017-ci ilin aprel ayında əməliyyat üçün gün təyin etmişdir. Sığorta olmasına baxmayaraq, ondan 200 (iki yüz) manat pul tələb etmiş, o, 150 (yüz əlli) manat vermiş və əlavə olaraq 40 (qırx) manat da narkoza pul ödəmişdir. Əməliyyatdan 5 gün keçməyinə baxmayaraq, ağrıları yenə şiddətlənmişdir. Buna görə həkimə zəng etmiş, o isə ona USM-də müayinə olmasının nəticəsini gətirməsini bildirmişdir. O, həkimin dediyi kimi USM-də müayinə üçün 3 (üç) manat verib Aynur Mehdiyevanın onu müayinə etməsi üçün lazımi vərəqəni almışdır. Növbəsi çatdığı zaman həkimin otağına yaxınlaşmışdır ki, həkim onu müayinə etsin. Ondan nə qədər pul gətirdiyini soruşmuş, o isə cavabında 5 (beş) manat gətirdiyini deyəndə, ona “Utanmırsan bu nə puldu gətirmisən?”-demişdir. O isə cavabında yeni əməliyyat olunduğunu və onlara heç bir əlavə ödəniş üçün maddi imkanının çatmadığını bildirmişdir. Aynurə Mehdiyeva bacısına zəng edərək “O mənim xəstəmdir, ona yaxşı bax”,-demişdir. O isə cavabında “Hamam suyundan özünə dost tutma”,-deyərək bacısına bildirmişdir. Ona müayinə üçün paltarlarını soyunmağını bildirmişdir. Onun xəbəri olmadan müayinə üçün olan aparatı qəflətən ona salmışdır. Onun vəziyyəti həmin andan pisləşməyə başlamışdır. Qanaxmaya düşmüş, palataya qalxmışdır. Həkimə dəfələrlə zəng vurmağına baxmayaraq, o, telefonu açmamışdır. Bundan sonra valideynləri onu evə gətirmiş, eyni vəziyyətdə evdə yatmışdır. Aynurə həkim Bakıya orda olan xəstələri qəbul etməyə gedibmiş. Bir neçə gündən sonra zəng və mesajlara cavab verərək ona təcili xəstəxanaya gəlməyini demişdir. O, həkimə onun yanına sağalmaq üçün gəldiyini bildirmişdir. Aynurə həkim valideyninə və ona yalvararaq “Səs-küy salmayın, özüm bacımın səhvini düzəldəcəm”,-demişdir. Həkim ona yenə 6 tikiş vurmuş və ona 15 gündən sonra yenidən gəlməyini bildirmişdir. O, 15 gün sonra gələrək əməliyyatının düzgün olmadığını (uşaqlıq boynunun hələ də çöldə olduğunu), bacısının USM müayinə adı ilə onun sidik kisəsinə aparatla xəsarət yetirdiyini bildirmişdir. Aynurə Mehdiyeva “Etdiyim əməliyyat düzdür, belə də olmalıdır”,-demişdir. O isə ağrılarının dəyişmədən qaldığını və əlavə olaraq 5 gün öncə əməliyyatdan çıxan xəstəyə bacısı Aynur Mehdiyeva tərəfindən USM aparatı ilə sidik kisəsini zədələməsi, əməliyyat zamanı qoyulan tikişlərinin sökülməsini irad tutmuşdur. Ona cavabında “Mən bacarmadım get, Azirə həkim baxıb lazımi tədbirləri görsün”,-demişdir. O, Azirə həkimin qəbulunda olmuş, onu müayinə etdikdən sonra ona uşaqlığının kəsilməyini, əks təqdirdə gələcəkdə problemlər yaşayacağını bildirmişdir. O, əməliyyata razı olmamış, buna görə də yalnız müalicə yazmış, lakin bunun da ona heç bir xeyri olmamışdır. Yenə Aynurə həkimin qəbuluna gələrək onun məsuliyyətsizliyinin əziyyətini çəkdiyini bildirmişdir. Uşaqlıq boyunun əməliyyatının başdan ayağa yanlış aparılmasını və sidik kisəsinin deşilməsi nəticəsində normal yaşantısının olmadığını bildirsə də, onu yenə də başqa ginekoloqa yönləndirmişdir. Bu dəfə isə Rahilə həkimin qəbulunda olmağını ona məsləhət görmüşdür. Rahilə həkim də ona eyni Azirə həkimin dediyi sözləri demişdir. O, yenə Aynurə həkimə zəng etsə də, ya telefonu açmamış, ya da zənglərinə rədd cavabı vermişdir. O, İlham Dumanovun qəbulunda olmuşdur. Ona 1 ayda, 1 həftədə narkozla 1 iynə ilə edilən əməliyyatın təkrar 6 aydan sonra ola biləcəyini bildirmişdir. Bu müddət ərzində Aynurə həkim nə telefon zənglərini açmırdı, nə də geri dönüş edirdi. 6 ay müddətində ağrıkəsicilər ataraq dayanmışdır. 6 ay sonra İlham Dumanovun qəbulunda yenidən olmuşdur. Həkimə əməliyyatları barədə və USM müayinə adı ilə sidik kisəsinin deşilməsi barədə məlumat vermişdir. Dumanov ona uşaqlıq boynun düzəlməyinə söz vermiş, amma sidik kisəsi ilə bağlı heç bir söz verə bilməyəcəyini demişdir. İlham Dumanov həkim Aynurə Mehdiyeva və Qiyas Mehdiyevin etdiyi yanlış əməliyyatı bərpa etmişdir. Amma deşilmiş sidik kisəsinə heç bir müdaxilə edə bilməmişdir. Əməliyyatdan 22 gün sonra appendisit ağrıları başlamışdır. Buna görə də yenə də Dumanova müraciət edərək ağrılarının səbəbini soruşmuşdur. Ona dərhal əməliyyat olmağını bildirmişdir. Əməliyyat üçün Azin Əliyev adlı həkimi təyin etmişlər. Həkim əməliyyat zamanı yaranın içində bint, sap qoyub. Buna görə də 2 dəfə appendisitdən əməliyyat olmuşdur. Buna görə də hələ də ayağını tam şəkildə yerə basa bilmir. Artıq 6 il keçib, hələ də ağrıları dayanmır. Sidiyini saxlaya bilmir. Buna görə dəfələrlə Aynurə xanımın qəbulunda olmuşdur. Etdikləri səhv əməliyyatın əziyyətlərini çəkdiyini demişdir. Aynurə həkim ona “X12 həkim var, get, o səni əməliyyat etsin, pulunu özüm verəcəm”,-demişdir. Ora getmiş və ona ordan bildirmişlər ki, bura özəldir, ödənişi əvvəlcədən etməlidir. O, bu barədə Aynurə həkimə məlumat vermiş, o isə cavabında “Get Dumanov ödəsin pulu”,-demişdir. O, səhvi onların etdiyini bildirmişdir. Ona ekspertə getməyini, “Əgər səhv əməliyyat etmişiksə, ödənişi özüm edib səni yenidən əməliyyat etdirəcəm”,-demişdir. Onu Respublikanski xəstəxanasına göndərmişlər. 3 gün orda qaldıqdan sonra ona setka köçürülməli olduğunu demişlər. Xeyli xərci çıxandan sonra onu evə göndərmişlər. 380 manat pul xərcləmişdir. Aynurə həkimin yanına gəlib ona xəstəxanada deyiləni demişdir. O isə cavabında günah təkcə onda deyil, atası ilə bacısının da günahı olduğunu, “Get, onlar səni əməliyyat etsin”,-demişdir. O, Qiyas həkimin yanına getmiş, ona sabah 3-də yenidən onun yanına gəlməyini demişdir. O, səhər dediyi vaxt xəstəxanaya getmiş, amma ona bildirilmişdir ki, həkim yas yerinə gedib və onun başqa şəxslə görüşməli olduğunu demişlər. Onu Nümayəndə2 adlı şəxs qarşılamış və onu hədələmişdir, ona özünü Qiyas həkimin oğlu kimi təqdim etmişdir. Ona qarşı qeyri-etik ifadələr işlədərək ona onlara şər atdığını deyəcəyini bildirmişdir. Səhəri gün yenə Qiyas həkimin yanına gəlib dünən olanları danışmışdır. O, 2019-cu ildə Mingəçevir şəhər prokurorluğuna müraciət etmişdir. Aynurə həkimlə danışanda o, cavabında “Ekspertə göndərin, günahımız varsa, həll edəciyik”,-demişdir. Ekspertə göndərilmiş və ekspert rəyinə əsasən günah həkimlərdə olmuşdur. O, bu yaşında çox pis vəziyyətdədir, iki uşağı ilə tək yaşayır, onun tək gəlir mənbəyi məcburi köçkünlər üçün aldığı müavinətdir. O, bu əməliyyatla bağlı 8000 (səkkiz min) manat pul xərcləmişdir. Mingəçevir səhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 226/C nömrəli qərarı ilə onun ərizəsi əsasında toplanmış material üzrə X9 və X14 əməllərində AR CM-in 131.2, 311.1 və 314-cü maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilməsi göstərilmişdir. Komisyon məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli KEŞ-55 saylı rəyindən görünür ki, icra edilmiş cərrahiyyə əməliyyatları zamanı arxa kolporafiyada aralıq əzələləri düzgün bərpa edilməmiş, ön divarda sidik kisəsinin fassiyalarının selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış və bu səbəbdən ön divarın sallanması aradan qaldırılmamışdır. Belə olan halda İddiaçı üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatları zamanı arxa kolporafiyada aralıq əzələlərinin düzgün bərpa edilməsi, ön divarda sidik kisəsi önü fassiyaların selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış, cərrahi əməliyyat texniki cəhətdən düzgün icra edilməyərək Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmr pozulmuşdur. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclası zamanı məhkəməyə ünvanlanan etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 MMC-də müayinə və müalicə olunmamış, ona hər hansı tibbi xidmət göstərilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissədə təmin olunmamasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X1 nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı 2017-ci ildə əməliyyat olunmuş, həmin vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində olan fəsadların həqiqətən də iddiaçının qeyd etdiyi əməliyyatdan sonra baş verdiyi müəmmalıdır. Belə ki, əməliyyatdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı iddia tələbi ilə keçən il məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində bilinmir ki, iddiaçı bəlkə başqa həkimin yanına gedib, bəlkə başqa əməliyyat olunub. Həmçinin ekspert rəyi ilə də razı deyildir. Bununla belə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs qismində cəlb edilmiş X17 iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçının qeyd etdiyi fəsadların baş verdiyi əməliyyatda iştirak etməmişdir. İddiaçını appendisitdən əməliyyat etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlərə və üçüncü şəxslər X15, X5, X3 və X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 MMC tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində xx.xx.2024-cü il tarixinə və bundan sonrakı tarixlərə təyin edilən məhkəmə iclaslarında Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirak etməməsinin səbəbinin üzürlü sayılması və işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmiş, digərləri isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndəsinin və üçüncü şəxslər X11, X4, X2 və X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh2 MMC-nin nümayəndəsinin, üçüncü şəxs X1 nümayəndəsinin, üçüncü şəxs qismində cəlb edilmiş X11 izahatlarını, məhkəmə-tibbi ekspertizasının rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan Mingəçevir şəhər X10 Hüquqi Şəxsi tərəfindən verilmiş xəstəlik tarixindən, ambulator kartdan Çıxarışdan görünür ki, İddiaçı uşaqlıq yolunun ön divarının sallanması diaqnozu ilə xx.xx.2017-ci il tarixdə stasionar üzrə daxil olmuş, xx.xx.2017-ci il tarixdə çıxmışdır. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif diaqnozlarla stasionar üzrə daxil olmuş və çıxmışdır. İş materiallarına əlavə edilmiş tibbi ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 469 nömrəli rəyindən görünür ki, Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli KEŞ-55 saylı rəyindən görünür ki, “İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda qarışıq tipli sidik saxlamazlığının, uşaqlığın ön və arxa divarında sallanmanın, sağ over stromasında hemorragik kistanın və sol parametral sahədə paravariol kistanın olduğu müəyyən edilmişdir. Müəyyən edilmiş qarışıq tipli sidik saxlamazlığının və uşaqlığın ön və arxa divarında sallanmanın onun üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatlarından sonra yaranması istisna edilmir. İddiaçı uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamazlığı onun üzərində icra edilmiş əməliyyatla səbəbli əlaqəli vardır. Lakin sağ yumurtalıq stromasında hemorragik kista və sol parametral sahədə paraovarial kista, qarışıq tipli sidik saxlamazlığı İddiaçı üzərində icra edilmiş cərrahi əməliyyatla səbəbli əlaqəsi yoxdur. Müəyyən edilmiş qarışıq tipli sidik saxlanılmazlığı İddiaçı üzərində icra edilən cərrahi əməliyyatlar zamanı uşaqlıq yolunun ön divarının texniki anatomik cəhətdən düzgün bərpa olunmamasıdır. İş materiallarına əlavə edilmiş komisyon məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli KEŞ-55 saylı rəyindən görünür ki, “İcra edilmiş cərrahiyyə əməliyyatları zamanı arxa kolporafıyada aralıq əzələləri düzgün bərpa edilməmiş, ön divarda sidik kisəsinin fassiyaların selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış və bu səbəbdən ön divarın sallanması aradan qaldırılmamışdır.” Belə olan halda İddiaçı üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatları zamanı arxa kolporafıyada aralıq əzələlərinin düzgün bərpa edilməsi, ön divarda sidik kisəsiönü fassiyaların selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış, cərahi əməliyyat texniki cəhətdən düzgün icra edilməyərək Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmr pozulmuşdur. A.Mehdiyevanın əməlləri (hərəkət və ya hərəkətsizliyi) ilə İddiaçı səhhətinə vurlmuş ziyan arasında səbəbli əlaqə vardır, belə ki onun üzərində icra etdiyi cərrahi əməliyyatın düzgün icra edilməməsi səbəbi ilə İddiaçı qarışıq tipli sidik saxlamazlığının və uşaqlığın ön və arxa divarında sallanması xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər prokurorunun köməkçisi Rəfael Tağıyevin 04 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə X9 və X14 əməllərində AR CM-in 131.2, 134, 311.1 və 314-cü maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş təkrar Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 985/KEŞ saylı rəyindən görünür ki, Mingəçevir ŞMX-nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə xəstəxananın ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq yolunun ön və arxa divarının sallanması” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Ön və arxa kolporafiya” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2017-ci il tarixdə xəstə evə yazılmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə təkrar Mingəçevir ŞMX-nın cərrahiyyə şöbəsinə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq yolunun ön və arxa divarlarının sallanması” diaqnozu düzgün təyin edilmiş və xx.xx.2017ci il tarixdə üzərində təkrar “Ön və arxa kolporafiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2017-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə evə yazılmışdır. Mingəçevir ŞMX-da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona xx.xx.2017-ci il tarixdə “Kəskin appendisit” diaqnozu düzgün təyin edilmiş və üzərində “Laparotomiya. Appendektomiya. Qarın boşluğunun sanasiyası və drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2017-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda qarışıq tipli sidik saxlamamazlığının, uşaqlığın ön və arxa divarında sallanmanın, sağ over stromasında hemorragik kistanın və sol parametral sahədə paraovarial kistanın olduğu müəyyən edilmişdir. Müəyyən edilən qarışıq tipli sidik saxlamamazlığının və uşaqlığın ön və arxa divarında sallanmanın onun üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatlarından sonra yaranması istisna edilmir. Bununla əlaqədar İddiaçı hazırda uroginekoloji əməliyyata ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq, Mingəçevir ŞMXda İddiaçı üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatları tam həcmdə icra edilməmişdir. Belə ki, icra edilmiş cərrahiyyə əməliyyatları zamanı arxa kolporafiyada aralıq əzələləri düzgün bərpa edilməmiş, ön divarda isə sidik kisəsiönü fassiyyaların selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış və bu səbəbdən ön divarın sallanması aradan qaldırılmamışdır. Bu da Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanovdur. Əmək qabiliyyətinin itirilməsinin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə onda sidik saxlamamazlığı müəyyən edilməmişdir. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş "xxxx" MMC Aptek tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 165706 nömrəli kassa çekindən görünür ki, 1 ədəd böyüklər üçün “podquzniki”ə (gigiyenik vasitə yə) görə nağd qaydada 1 (bir) manat 50 qəpik məbləğində ödəniş edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X9 hazırda Mingəçevir şəhər X10 Hüquqi Şəxsdə həkim ginekolok, Mingəçevir TİBB kollecində isə müəllim vəzifəsində işləyir. X22 oğlu isə yaşa görə əmək pensiyaçısı olmaqla bərabər, həmçinin Yevlax Rayon X10 Hüquqi şəxsdə və X7 MMC-də cərrah vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçıya maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə isə 3000 manat məbləğində zərər vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı səhhətində problemlər olduğu üçün həkimə müraciət etmiş, həkim ona əməliyyat olunmalı olduğunu bildirmişdir. Ondan sonra iddiaçı əməliyyat olunmaq üçün İcbari Tibbi Sığorta üzrə X6 şəhər X10 hüquqi şəxsində həkim ginekolok işləyən Aynurə Mehdiyevaya müraciət etmiş, həkim isə əməliyyatı öz öhdəsinə götürmüşdür. İddiaçı 2017-ci ilin aprel ayında həmin həkim tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan bir müddət sonra ağrıları yenə şiddətləndiyindən, həkimə zəng etmiş, o isə iddiaçıya USM-də müayinə olmasının nəticəsini gətirməsini bildirmişdir. Aynur Mehdiyeva iddiaçını müayinə etmiş, müayinədən sonra vəziyyəti yenə də pisləşməyə başlamışdır. İddiaçı yenə də ginekolok Aynurə Mehdiyevanın yanına gedərək əməliyyatının düzgün olmadığını bildirmişdir. Daha sonra isə müayinə üçün bir neçə həkimin qəbulunda olmuşdur. İddiaçı əməliyyat həkiminin göstərişi ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən İlham Dumanovun da qəbulunda olmuşdur. İlham Dumanov iddiaçıya əməliyyatın təkrar olması üçün ən azı 6 ay müddət keçməli olduğunu bildirmişdir. Ona görə də iddiaçı gözləmiş və 6 aydan sonra yenidən İlham Dumanovun qəbulunda olmuşdur. İlham Dumanov sidik kisəsinə heç bir müdaxilə edə bilməmişdir. İllər keçməsinə baxmayaraq, ağrıları dayanmamış və sidik saxlamamazlığı xəstəliyinə düçar olunmuşdur. Ona görə də mütəmadi olaraq hər gün “podquzniki”dən (gigiyenik vasitədən) istifadə etmək məcburiyyətində qalmışdır. Ona görə iddiaçı ilkin olaraq Mingəçevir şəhər prokurorluğuna müraciət etmiş, 04 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçının ərizəsi əsasında toplanmış material üzrə X9 və X14 əməllərində AR CM-in 131.2, 134, 311.1 və 314-cü maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Ondan sonra iddia hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı iş üzrə təyin edilmiş ekspert rəylərində İddiaçı uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamamazlığının onun üzərində icra edilmiş əməliyyatlardan sonra yarandığı müəyyən edilmişdir. Müəyyən edilən qarışıq tipli sidik saxlamamazlığının və uşaqlığın ön və arxa divarında sallanmanın onun üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatlarından sonra yaranması istisna edilməmiş, bununla əlaqədar İddiaçı hazırda uroginekoloji əməliyyata ehtiyacı olduğu göstərilmişdir. Mingəçevir ŞMX-da İddiaçı üzərində icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatları tam həcmdə icra edilməmişdir. Belə ki, icra edilmiş cərrahiyyə əməliyyatları zamanı arxa kolporafiyada aralıq əzələləri düzgün bərpa edilməmiş, ön divarda isə sidik kisəsiönü fassiyyaların selikli qişalarının rezeksiyası və bərpası tam həcmdə aparılmamış və bu səbəbdən ön divarın sallanması aradan qaldırılmamışdır. Bu da Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilmiş və buna məsul şəxslər kimi Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyevanın və həkim-cərrahı İ.Dumanovun olduğu göstərilmişdir. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə onda sidik saxlamamazlığı müəyyən edilməmişdir. Hazırda iddiaçıda sidik saxlamamazlığı müəyyən edildiyindən, o, gün ərzində gigiyenik vasitədən istifadə edir. İş materiallarına əlavə edilmiş kassa çekdən də görünür ki, həmin gigiyenik vasitənin 1 ədədinin qiyməti 1 manat 50qəpik təşkil edir. İddiaçının Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən əməliyyat olunması, onun uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamamazlığının üzərində icra edilmiş əməliyyatlardan sonra yarandığı, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə onda sidik saxlamamazlığı müəyyən edilmədiyi, hazırda iddiaçıda sidik saxlamamazlığı müəyyən edildiyi, gün ərzində gigiyenik vasitədən istifadə etdiyi məhkəmə iclasında tədqiq edilən, mötəbər mənbələrdən əldə edilmiş sənədlərlə sübuta yetirildiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin hazırkı mübahisə üzrə Cavabdeh2 MMC-nin cavabdehlik daşıması, həmçinin dəymiş maddi və mənəvi ziyanın məbləği barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halı kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın qanuni həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edlməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti tibb müəssisəsinin vurduğu zərərin, yəni maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1–ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2–ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112–ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1–ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin,o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdeh Mingəçevir ŞMX-nın həkim mamaginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən əməliyyat olunaraq, cərrahiyyə əməliyyatlarından sonra qarışıq tipli sidik saxlamamazlığının və uşaqlığın ön və arxa divarında sallanmanın yaranması nəticəsində, fiziki əzab çəkməklə iztirab keçirmişdir. Bununla da iddiaçı mənəvi zərərə, həmçinin sağlamlığına dəyən zərərin aradan qaldırılması üçün maddi ziyana məruz qalmışdır. Belə ki, cavabdeh Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən iddiaçı əməliyyat olunduqdan sonra qarışıq tipli sidik saxlamamazlığı və uşaqlığın ön və arxa divarında sallanma yaranmışdır. Nəticədə o, gün ərzində gigiyenik vasitədən istifadə edir. Həmin gigiyenik vasitənin (böyüklər üçün “podquzniki”nin) 1 ədədinin qiyməti 1.50 manat təşkil edir. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin işçilərinin (həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov) hüquqazidd təqsirli hərəkətləri nəticəsində maddi ziyana məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1–ci maddəsinin tələbinə əsasən cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsi öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin işçiləri (həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov) tərəfindən vurulmuş zərər bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olmuş, yəni hər iki işçinin zərər vuran hərəkətləri (cərrahiyyə əməliyyatı aparmaları) işəgötürənin fəaliyyət dairəsinə aid olmaqla bərabər, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir. Göründüyü kimi baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılıq və səbəbli-nəticə əlaqəsi olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) deyil, işəgötürənin, yəni cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarından formalaşmış hüquqi mövqedən görünür ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında, həmçinin müəyyən etmişdir ki, Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıya maddi ziyan cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin işçilərinin (həkim mamaginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov) hüquqazidd hərəkəti nəticəsində vurulmuşdur. Belə ki, iddiaçının üzərində ilkin və təkrar cərrahiyyə əməliyyatlarının tam həcmdə icra edilməməsi, yəni cərrahiyyə əməliyyatları zamanı arxa kolporafiyada aralıq əzələlərin düzgün bərpa edilməsi, ön divarda isə sidik kisəsiönü fassiyyaların selikli qişalarının rezeksiyası və bərpasının tam həcmdə aparılmaması və bu səbəbdən ön divarın sallanması aradan qaldırılmaması nəticəsində Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulmuşdur. Həmin pozuntunun da Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən törədilməsi ekspert rəyində öz təsdiqini tapmışdır. Bunun nəticəsində iddiaçıda qarışıq tipli sidik saxlamamazlığı və uşaqlığın ön və arxa divarında sallanması müəyyən edilmişdir. Bu isə iddiaçının sağlamlığının pozulmasıdır. Halbuki, ilkin və təkrar cərrahiyyə əməliyyatlardan əvvəl iddiaçıda qarışıq tipli sidik saxlamamazlığı və uşaqlığın ön və arxa divarında sallanması halı müəyyən edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması ilə hüquqa zidd əməl təqsirli olaraq törədilmiş, həmin əməlin törədilməsi nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş, zərər məhz ilkin və təkrar cərrahiyyə əməliyyatların düzgün aparılmaması nəticəsində yaranmışdır. Ona görə də sağlamlığının pozulması ilə bağlı iddiaçının çəkdiyi xərclərinin əvəzi ödənilməlidir. Məhkəmə, iddiaçının sağlamlığının pozulması ilə əlaqədar olaraq vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər, yəni əməliyyat olunduğu 2017-ci ilin aprel ayından mütəmadi olaraq hər gün istifadə etdiyi “podquzniki”n (gigiyenik vasitənin) alınmasına dair mötəbər sənədlər təqdim etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş kassa çekindən görünür ki, böyüklər üçün “podquzniki”nin (gigiyenik vasitə) 1 ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edir. İddiaçının gün ərzində minimum iki dəfə həmin gigiyenik vasitədən istifadə etməsi nəzərə alınsa, həmin gigiyenik vasitəyə 1 ay (30 günə) ərzində çəkilən xərc 90 manat təşkil edir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3–cü maddəsində fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələb ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç ilə şamil edildiyindən, iddiaçıya ödənilməli olan zərər xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, mülki işin xx.xx.2024-cü il tarixədək icraatda olma müddətini və 3 ili (36 ay) nəzərə alındıqda, ümumi olaraq iddiaçının gigiyenik vasitədən istifadə etməsi müddəti 44 ay təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3–cü maddəsinə əsasən iddia müddəti fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Ona görə də məhkəmə iddianın maddi ziyana aid hissəsinin (44x36) 3960 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının üzərində Mingəçevir ŞMX-nın həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatlarından sonra onun uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamamazlığı yaranmışdır. Nəzərə alınsa ki, iddiaçının sağlamlığının pozulması, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, bu hal iddiaçının gün ərzində gigiyenik vasitədən istifadə etməsinə, gündəlik həyatda, cəmiyyətdə çətinlik çəkməsinə və narahatçılıq keçirməsinə səbəb olmuşdur. Eləcə də iddiaçı icra edilmiş ilkin və təkrar cərrahiyyə əməliyyatlarından sonra kəskin ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Bu isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə mənəvi zərərə görə 3000 manat məbləğində pul tələbi ilə bağlı hissəsinə münasibətdə o qənaətdədir ki, iddiaçının üzərində Mingəçevir ŞMX-nın həkim mamaginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov tərəfindən icra edilmiş əməliyyatlardan sonra onun uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamamazlığı yaranmış, şübhəsiz ki, iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdiyi iztirab və sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı hazırda da sağlamlığını tam şəkildə bərpa edə bilməmiş, iddiaçı əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmış, lakin zərərin məbləğinin 3000 manat həcmində olması, işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına uyğun deyildir. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 2000 manat, maddi zərərin məbləğinin isə 3960 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Məhkəmə bu qənaətə gələrkən, həmçinin nəzərə almışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə doğulduğundan, onun üzərində 2017-cilin aprel ayında ilkin və təkrar cərrahiyyə əməliyyatları icra edilən vaxt o, 39 yaşında olmuşdur. Həmin vaxtdan iddiaçı uşaqlığının ön və arxa divarının sallanması, qarışıq tipli sidik saxlamamazlığı xəstəliyindən əziyyət çəkir. Hazırda isə iddiaçı fəal həyat tərzini qismən bərpa etmək üçün gündəlik gigiyenik vasitələrdən istifadə etmək məcburiyyətindədir. Sağlamlığını tam bərpa etmək üçün isə onun təkrar uroginekoloji əməliyyata ehtiyacı vardır. Bütün bu hallar onun gündəlik sosial və ailə həyatında arzuolunmaz məhdudiyyətlərin komplekslərin yaranmasına səbəb olur. Ona görə də iddiaçı daima fəal ictimai həyat tərzindən məhrum olmuş, həmçinin onun tanıyanların və yaxınlarının yanında iztirab və sarsıntı keçirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddia tələbini Cavabdeh2 MMC-yə münasibətdə əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı Cavabdeh2 MMC-də əməliyyat olunmamış, ona hər hansı tibbi xidmət göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1–ci maddəsinin tələbinə əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından və iddiaçı cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin işçilərinin (həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov) hüquqazidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığından, ən başlıcası isə həkim mama-ginekoloqu A.Mehdiyeva və həkim-cərrahı İ.Dumanov ilə onun arasında əmək münasibətləri olmadığına görə iddia tələbi Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməlidir. Ona görə də iddiaçının mənəvi zərərə görə 3000 manat və maddi zərərə görə 5000 manat məbləğində tələb etdiyi iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsindən vurulmuş mənəvi zərərə görə 2000 manat, maddi zərərə görə isə 3960 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, zərərçəkənin cavabdeh Mingəçevir şəhər X10 Hüquqi Şəxsinin işçilərinin (həkim mama-ginekoloqu A.Mehdiyeva və həkimcərrahı İ.Dumanov) hüquqazidd hərəkətləri nəticəsində gün ərzində ən azı 2 ədəd gigiyenik vasitədən istifadə etməsinə məcbur qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da iddiaçının mənəvi zərərə məruz qalması üçün yetərlidir. Həmin vaxt iddiaçının işləməsi və yaxud evdar qadın olması, onun mənəvi zərərə məruz qalmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu hallar yalnız mənəvi zərərin məbləği zamanı nəzərə alınır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə və Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh icbari Tibbi Sığorta üzrə X6 şəhər X10 Hüquqi Şəxsindən maddi ziyanın əvəzi olaraq 3960 (üç min doqquz yüz altmış) manat, mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, cəmi 5960 (beş min doqquz yüz altmış) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar