Məhkəmə qərarları › İş №2(051)-978/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-978/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-978/2022 17.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 15 qram çəkidə qızıl sepin, 4415 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 65 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbində dəyişiklik edərək, Cavabdeh 4415 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 65 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh bir neçə dəfə kredit götürüyü "xxxx" BOKT MMC-nin işçisi kimi tanımışdır. Yaxşı müştəri kimi ona 30000 manat kredit götürmək təklif edilmiş, kredit təşkilatının işçisi kimi Cavabdeh da ona sənədləşmənin aparılması və pulun tez bir zamanda götürülməsi üçün ondan 5000 manat pul istəmişdir. Başqa bir adamdan borc alaraq Əmirxana vermişdir. Lakin həmin kredit təşkilatından pulu götürməmiş kredit təşkilatı ləğv edilmiş və bağlanmışdır. Bundan sonra cavabdehdən verdiyi pulu tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış, onu və bacısını söyüb təhqir etmişdir. Bu səbəbdən Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra Əmirxan götürdüyü puldan ona 585 manat, daha sonra isə 80 manat qaytarmışdır. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Çünki maddi vəziyyəti ağırdır, özünün və yoldaşının səhhətində problemlər yaranmışdır, pula çox ehtiyacı var. Hazırda cavabdehin 4415 manat borcu qalmışdır. Cavabdeh verdiyi 4415 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı işlədiyi "xxxx" BOKT MMC-nin müştərisi kimi 2014-cü ildən tanıyır. İddiaçı həmin kredit təşkilatından kredit götürməsinə kömək etmişdir. İddiaçı ona 30.000 manat kredit götürmək üçün 5000 manat pul verməmişdir. İddiaçıya 30.000 manat kredit götürməsi də ğəklif olunmamışdır. Çünki biznesi olmayan şəxslərə həmin məbləğdə kredit verilmir. İddiaçı 2014-cü ildə ona 3000 manat borc pul vermiş, həmin pulu iddiaçıya qaytarmışdır. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Mingəçevir şəhər Polis Şöbəsinin 16 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış tədqiqat zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində cavabdehə 5000 manat pul verdiyini, lakin tələb etməsinə baxmayaraq pulu geri qaytarmadığını, həmin puldan əvvəl 585 manat, sonra isə 80 manat qaytardığını bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında etirazında iddiaçı ona 5000 manat deyil, cəmi 3000 manat pul verdiyini, həmin pulu da qaytardığını bildirdi. Lakin iddiaçı cavabdehə 5000 manat pul verdiyini, cavabdeh isə iddiaçıdan almış olduğu 3000 manat pulu qaytarmağını təsdiq edən sübutları məhkəməyə təqdim etmədilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. İddiaçı Cavabdeh 5000 manat pul verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə, cavabdeh isə iddiaçıdan 3000 manat pul aldığını etiraf etdiyinə, lakin həmin pulu qaytarması barədə izahatını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, eləcə də iddiaçı cavabdehə vermiş olduğu puldan bir dəfə 585 manat, daha sonra 80 manat, cəmi 665 qaytarmasını etiraf etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 2335 (iki min üç yüz otuz beş) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2335 (iki min üç yüz otuz beş) manat məbləğdə pul və dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar