Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-981/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015963-2022 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 36 ay müddətinə, illik 25 faiz olmaqla 4940 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı "xxxx" QSC ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ZM1-MR0015963-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh krediti və kredit üzrə faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq krediti və kreditə hesablanmış faiz borcunu ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 4940 manat əsas borc, 688.47 manat faiz borcu olmaqla, cəmi 5628.47 manat kredit borcu vardır. İddianın təmin olunmasını, cəmi 5628.47 manat kredit borcun, ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 4940 manat məbləğində pulu digər adamların təklifi ilə arvadı almışdır. Lakin həmin kredit müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Götürülən həmin pulun yalnız 2500 manatı arvadına çatmışdır, pulun qalan hissəsi isə həmin adamlara verilmişdir ki, krediti də onlar ödəməli idilər. Maddi imkanı olmadığına görə də borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə "xxxx" QSC ilə onun arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. O, Cavabdeh1 anasıdır. Həmin kredit müqaviləsinə əsasən verilmiş 4940 manat məbləğində pulu gəlini almışdır. Lakin kredit müqaviləsi oğlu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Götürülən həmin pulun yalnız 2500 manatı onlara çatmışdır. Maddi imkanları olmadığı üçün borcu ödəyə bilməmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015963-2022 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, illik 25 faiz olmaqla 4940 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZM1- MR0015963-2022 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş karta köçürüləcək məbləğin aktından görünür ki, Cavabdeh1 "xxxx" QSC-dən xx.xx.2022-ci ildə 4940 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" QSC-yə 4940 manat əsas borc, 688.47 manat faiz borcu olmaqla, cəmi 5628.47 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 4940 manat əsas borc, 688.47 manat faiz borcu olmaqla, cəmi 5628.47 manat kredit borcu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 77 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4940 (dörd min doqquz yüz qırx) manat əsas borc, 688.47 (altı yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 5628.47 (beş min altı yüz iyirmi səkkiz manat qırx yeddi qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) manat alınıb iddiaçı "xxxx" QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-981/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-981/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver