Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-986/2020 29.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili x1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq onun xeyrinə hər ay Cavabdeh aliment məbləğinin 170 manata qədər, cəmi 340 manat sabit pul aliment məbləğinin artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili x4 məhkəmə iclasında iddia tələbini azaldaraq izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2007-ci il tarixli rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x5 adlı iki uşaqları var. Cavabdehlə aralarındakı nikah 2011-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1299/2018 saylı iş üzrə 31.05.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən Cavabdeh və x5 adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul miqdarında alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin müəyyən edilmiş aliment uşağın tələbatını təmin etmək üçün kifayət etmir. Ona görə də məhkəməyə müraciət edərək, 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq onun xeyrinə hər ay Cavabdeh 130 manat, cəmi 260 manat sabit pul məbləğinin miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı ilə 2007-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x5 adlı uşaqları olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən 2011-ci il tarixdə boşanmışdır. Birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment ödəməyə razıdır. İddia ərizəsinə əlavə olunmuş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikahın ləğv olunması 17.05.2011-cü il tarixdə 82 № ilə qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1299/2018 saylı 31.05.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat məbləğində alimentin hər ay tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 15.01.2010-cu il təvəllüdlü x5 və 02.04.2008-ci il təvəllüdlü x3 adlı uşaqları olmuşdur. İşə əlavə olunmuş AR-nın Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin verdiyi arayışdan görünür ki, İddiaçı həqiqətən erməni təcavüzü Nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır və halhazırda Günəşli bağ evi küçə 9, mənzil 39 ünvanında yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, sonuncu dəfə aliment artırıldıqdan sonra uşaq üçün müəyyən edilmiş yaşayış minimumu artmışdır. Məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın saxlanması üçün alimentin artırılaraq hər ay cavabdehdən hər uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(051)-1299/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.04.2008-ci il təvəllüdlü x3, 15.01.2010-cu il təvəllüdlü x5 adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında müəyyən edilsin və hər ay ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-986/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-986/2020
29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver