Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-106/2023 31.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(045)-939/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(045)-939/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 27 avqust 2020-ci il tarixdə Goranboy rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 oktyabr 2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüyür, onların xərcləri artıb. O, uşaqların aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Buna görə də uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin hər il artırılması uşaqların mənafeyinə uyğundur. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamışdır. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Respublikada inflyasiya – pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, sonuncu dəfə alimentin məbləği təyin edilən vaxtdan 2 il müddət keçmişdir. Hazırda uşaqlar üçün təyin edilmiş 120 manat məbləğ isə çox aşağıdır. Cavabdeh aliment pulundan başqa uşaqların saxlanılmasında iddiaçıya heç bir köməklik etmir. Uşaqların bütün problemləri iddiaçının üzərindədir. Halbuki cavabdeh Goranboy rayonunda işləməklə yetəri qədər pul qazanır. Hər uşaq üçün ən azı 150 manat alimentin tutulmasına etiraz etmir. İddiaçının vəkili Vəkil iddiaçının nümayəndəsinin ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qəbul etmir. İddia ərizəsində tələb edilən məbləğ hədsiz yüksəkdir. İddiaçının isə iddianın əsası kimi qeyd etdiyi hallar tam əsassızdır. İlk olaraq qeyd olunmalıdır ki, uşaqların saxlanılmasında iştirak etmək hər iki valideynin borcudur. O da, bir ata kimi müəyyən edilmiş alimentin miqdarını tam şəkildə ödəməyə çalışır. Hazırda əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment borclarını da tam şakildə ödəyə bilmədiyi üçün 700 manat borcu yaranmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 649757 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 sentyabr 2018-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 450995 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 iyul 2020-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Goranboy Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(045)-939/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 avqust 2020-ci il tarixdə Goranboy rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(045)-939/2021 saylı qətnaməsi ilə 29 sentyabr 2018-ci il təvəllüdlü X2 və 23 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(052)-106/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-106/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver