Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-114/2024 11.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 7147 (yeddi min yüz qırx yeddi) manat borclu olduğu pulun və ödəmiş olduğu 104 (bir yüz dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Naftalan şəhərində yerləşən özünə məxsus mağazada geyim paltarlarının satışı ilə məşguldur. Naftalan şəhər sakini kimi yaxından tanıdığı Cavabdeh 2020-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda, sonradan ödəyəcəyini söz verməklə onun mağazasından nisyə olmaqla özü, qızı və nəvələri üçün geyim paltarları almışdır. Cavabdeh həmin malların pulundan əvəllər hissəhissə ödənişlər etdiyindən, ona inanaraq hər dəfə 300-400 manat dəyərində ona nisyə paltarlar vermişdir. Cavabdehin hazırda geyim əşyalarının dəyərinə görə ona 2497 manat borcu vardır. Bundan əlavə cavabdeh 2023-cü ilin noyabr-dekabr aylarında hissə-hissə olmaqla ondan borc pul istəmiş və yaxın zamanda qaytaracağını bildirmişdir. O da, cavabdehə inanmış və ona ümumilikdə 2450 manat pul vermişdir. Daha sonra cavabdeh ona demişdir ki, bankdan kreditə pul götürərək həm aldığı malların pulunu, həm də borc götürdüyü pulları ona qaytarmaq istəyir. Lakin Naftalan şəhərində yerləşən “Kapital Bank”da ona deyirlər ki, yalnız Mingəçevir şəhərində yerləşən banka olan borcunu tam şəkildə ödəyəcəyi təqdirdə, ona 8000 manat kreditə pul verilə bilər. Bu səbəbdən cavabdeh ona təklif etmişdir ki, onun banka olan 2200 manat borcunu tam ödəsin, daha sonra bankdan kreditə götürəcəyi vəsait ilə onun borcunu tam qaytarsın. O, da verdiyi pulların ona qaytarılması üçün bu təklif ilə razılaşmışdır. Bu səbəbdən o, 2024-cü ilin aprel ayının 1-də 2200 manat pulu cavabdehə vermiş, cavabdeh isə həmin gün banka olan borcunu bağlamışdır. Lakin, cavabdeh onu aldadaraq borcunu qaytarmamışdır. Hazırda cavabdehin ona ümumilikdə 7147 manat borcu qalmaqdadır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh onun pulunu qaytarmamış, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin belə hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehi 15 ilə yaxın müddətdir tanıyır. Münasibətləri yaxşı olmuşdur. Həmin illər ərzində daim alış-veriş etmişlər. Cavabdeh daha əvvəllər də, ondan nisyə mal almış, lakin aldığı malların pulunu gec də olsa ödəmişdir. Son 4 il ərzində isə o, nisyə aldığı malların pulunu lazımi qaydada ödəməmişdir. Cavabdeh ondan nisyə aldığı mallardan başqa həm də, müxtəlif vaxtlarda borc pul məbləğləri də almışdır. Borclarının əvəzində isə cavabdeh özünün və qızının təqaüd kartlarını ona vermişdir ki, hər ay həmin kartlardan borclu olduğu pullardan çıxılsın. Həmin kartlar 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayına kimi onda olmuşdur. O da, hər ay kartlardan pul vəsaitlərini çıxarmış və cavabdehin borclarından silmişdir. Kartlardan çıxardığı pullardan təxminən 90-100 manatını cavabdehin nisyə aldığı paltarlara görə olan borcundan, qalan hissəsini isə borc aldığı pullara görə olan borcundan silmişdir. Kartlardan həmin vaxt ərzində ümumilikdə 14400 manat pul çıxarmışdır. Buna səbəb cavabdehin ondan müxtəlif vaxtlarda almış olduğu başqa borclarının olması olmuşdur. Cavabdehin hazırda ona ümumilikdə 7147 manat borcu vardır. Həmin borcun 2497 manat hissəsini nisyə aldığı paltarların dəyəri, 2450 manatını 2023-cü ilin noyabrdekabr ayında aldığı borc və 2200 manatını isə aprel ayının əvvəlində aldığı borc təşkil edir. Cavabdehin 2020-ci ildən başlayaraq ondan nisyə aldığı mallara görə ümumi borcu 4058 manat olmuş, borcdan 1561 manatını ödəmiş, qalan 2497 manat isə ödənilməmiş qalmaqdadır. O, cavabdehə 2024-cü ilin mart ayının əvvəlindən sonra nisyə mal verməmişdir. Həmçinin cavabdeh ondan müxtəlif vaxtlarda müəyyən məbləğlərdə borclar almış olsa da, kartdan çıxardığı pullar hesabına həmin borclar bağlanmışdır. Cavabdehin guya ondan pulları faiz ilə götürmüşdür deməsi isə həqiqəti əks etdirmir. Belə ki, borc şəklində verdiyi pullara görə cavabdehdən hər hansı faiz məbləğləri tələb etməmiş və almamışdır. Sonuncu dəfə cavabdeh 2024-cü ilin aprel ayının əvvələri onun yanına gəlmiş və Mingəçevir şəhərində yerləşən banka olan borcunu bağlamaq üçün ondan borc pul istəmişdir. Bu zaman cavabdeh bildirmişdir ki, həmin banka olan 2200 manat borcunu birbaşa bağlayacağı təqdirdə Naftalan şəhərində yerləşən “Kapital Bank”dan 7000 manata yaxın pul götürə biləcək və həmin pul ilə onun bütün borclarını qaytaracaqdır. O da, cavabdehin sözlərinə inanmış və ona əri Vüqar vasitəsi ilə 2200 manat pul vermişdir. Cavabdeh isə həmin pulu ondan alaraq banka olan borcunu ödəmiş, lakin borcunu isə qaytarmamışdır. Cavabdehin verdiyi kartlardan sonuncu dəfə əri Vüqar 2024-cü ilin aprel ayının sonunda Naftalan şəhərində yerləşən “Kapital Bank”a məxsus bankomat vasitəsi ilə kartın birindən 242 manat, digərindən isə 470 manat olmaqla, ümumilikdə 712 manat pul çıxarmışdır. Bundan sonra isə cavabdeh polis şöbəsinə şikayət etdiyindən, may ayında polis əməkdaşlarının vasitəsi ilə kartlar ondan alınaraq cavabdehə qaytarılmışdır. Həmin vaxtdan sonra isə cavabdeh ona hər hansı ödəniş etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçını uzun illərdir tanıyır. Onun mağazasından uzun müddət nisyə paltar almış və daim pulunu ödəmişdir. İddiaçıya nisyə aldığı paltarlara görə hazırda heç bir borcu yoxdur. İddiaçının ona daha əvvəl deməsinə görə ondan ümumilikdə 2000 manatlıq nisyə paltar almışdır. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş dəftər isə saxtadır. Belə ki, vaxtı ilə nisyə aldığı malların yazılmış olduğu dəftər başqa formada olmuşdur. Hazırki dəftəri isə iddiaçı özü sonradan yalan məlumatlar yazaraq hazırlamışdır. İddiaçıdan ümumilikdə iki dəfə, 2600 manat və 2200 manat olmaqla faizə pul almışdır. Belə ki, iddiaçı həmin borc pullar ona aylıq 20 faiz ilə vermişdir. O da, faizə götürdüyü pullara görə özünün və qızının təqaüd kartlarını iddiaçıya vermiş, iddiaçının əri Vüqar Bayramov isə hər ay kartlara gələn pulları çıxarmışdır. İki ilə yaxın müddət kartlar iddiaçıda olmuş və o, kartlardan ümumilikdə 15000 manat pul çıxarmışdır. O, sonuncu dəfə iddiaçıdan 2024-cü ilin aprel ayının birində 2200 manat faizə borc pul almışdır. Aldığı pulun aylıq faizi isə 440 manat olmuşdur. Həmin borcu almaqda məqsədi Mingəçevir şəhərində yerləşən banka olan borcunu bağlamaq olmuşdur. Həmin pul ilə banka olan borcunu tam şəkildə bağlamışdır. Borcunu bağladıqdan sonra isə bankdan yenidən 7000 manat kreditə pul götürərək iddiaçıdan aldığı 2200 manat borcu və borcundan əlavə olan faiz borcunu qaytarmaq istəmişdir. Lakin bankdan pul götürə bilməmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. İddiaçı sonuncu dəfə aprel ayında onun kartlarından ümumilikdə 712 manat pul çıxardıqdan sonra xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının köməyi ilə kartlar ona geri qaytarılmışdır. İddiaçı onun kartlarından çıxardığı pulların tamamını faiz borcuna sildiyi üçün hazırda ondan bu qədər pul tələb edir. İddiaçı əgər ondan 7147 manat pul istəyirsə, bu zaman iddiaçı da onun kartlarından iki il ərzində çıxardığı 15000 manata yaxın pulu ona qaytarsın. O da, həmin puldan iddiaçınin istədiyi pulları ona qaytaracaqdır. Belə ki, əslində onun iddiaçıya deyil, iddiaçının ona borcu vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun arvadıdır. Naftalan şəhərində yerləşən paltar mağazasını arvadı ilə birlikdə işlədir və təsərrüfatı birgə idarə edirlər. Bu səbəbdən iddianı onların ümumi razılığı əsasında arvadı qaldırmışdır. Nisyə verilmiş malların və borc verilmiş pul vəsaitlərinin sahibi arvadıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naftalan şəhər polis şöbəsində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh Tahiq qızına məxsus bank kartı Naftalan şəhər sakini X1 alınaraq Cavabdeh Tahiq qızına qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin müqavilələrdən əmələ gələn öhdəliklər bölməsinə uyğun olaraq alğı-satqı (nisyə) və borc müqaviləsinin müddəaları təşkil edə bilər. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi formada razılaşdırılmış nisyə alğı-satqı münaibətləri yaranmış, iddiaçı müxtəlif geyim əşyalarını müxtəlif vaxtlarda cavabdehə nisyə satmış, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya hissə-hissə olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yuxarıda qeyd edilən münasibətlərin yaranmış olması işin mübahisəsiz halı olsa da, alğı-satqının ümumilikdə hansı məbləğdə həyata keçirilmiş olması müəyyən olunmur. İddiaçı cavabdehin 4 il ərzində ondan aldığı malların dəyərinin ümumilikdə 4058 manat olmasını, cavabdehin 1561 manat ödədikdən sonra 2497 manat borcunun qalmasını iddia etsə də, məhkəməyə buna dair əsaslı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə etirazında iddiaçıdan ümumilikdə təxminən 2000 manat dəyərində mal aldığını, həmin malların dəyərini isə iddiaçıda olan, ona və qızına məxsus bank kartlarından iddiaçı tərəfindən çıxarılan pullar hesabına ödənildiyini, hazırda isə iddiaçıya mallara görə hər hansı məbləğdə borcunun qalmadığını bildirir. Belə ki, iddiaçının qeyd edilən kartlardan özünün etirafına əsasən 14400 manat pul çıxarmış olması da, mübahisəsizdir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və onun özü tərəfindən birtərəfli qaydada yazılmış, cavabdehin hər hansı iradə ifadəsini əks etdirməyən yazılı hesabat dəftəri iş üzrə mümkün sübutetmə vasitəsi hesab edilə bilməz. Bu səbəbdən nisyə satılmış əşyalara görə borc məbləğinin cavabdehin etirafına uyğun olaraq 2000 manat olması qəbul edilməlidir. Belə olan halda iddiaçının iki ilə yaxın müddət ərzində bank kartlarından çıxarmış olduğu məbləğlər nəzərə alınarsa, cavabdehin həmin malların dəyərinə görə hazırda iddiaçıya borcunun olmadığı qənaətinə gəlinə bilər. Odur ki, iddia qeyd edilən məbləğə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə iddianın borc verilmiş 2450 manat və 2200 manat pul tələbi hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə verilmiş olması mübahisəsizdir. Belə ki, cavabdeh bunu etiraf edir. Bununla yanaşı cavabdeh iddiaçının ona və qızına məxsus bank kartlarından 15000 manata yaxın məbləğ çıxardığını, ümumilikdə hesablanarsa onun iddiaçıya borcunun qalmadığını deyir. Məhkəmə qeyd edir ki, 2450 manat borcun 2023-cü ilin noyabr-dekabr aylarında iddiaçı tərəfindən cavabdehə verilmiş olması nəzərə alınarsa, iş materiallarına əlavə edilmiş “ödəniş kartı üzrə çıxarışdan” iddiaçının həmin ilin noyabr ayından başlayaraq 2024-cü ilin mart ayı daxil olmaqla X2 məxsus təqaüd kartından 2350 manat, Cavabdeh məxsus təqaüd kartından isə 1677 manat olmaqla, ümumilikdə 4027 manat pul çəkməsi müəyyən olunur. Belə olan halda məhkəmə cavabdehin qeyd edilən borc məbləğ üzrə borcunun olmadığı qənaətinə gəlir. İddianın 2200 manat tələb hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin məbləğin cavabdeh tərəfindən iddiaçıdan 2024-cü ilin aprel ayının 1-də alınması mübahisəsizdir. Bununla yanaşı iddiaçının 2024-cü ilin aprel ayında, yəni həmin borcun alınması tarixindən sonra X2 məxsus təqaüd kartından 470 manat, Cavabdeh məxsus təqaüd kartından isə 242 manat olmaqla, cəmi 712 manat pul çıxarması nəzərə alınarsa, cavabdehin yekun olaraq iddiaçıya qeyd edilən borc məbləğinə münasibətdə 1488 manat borcunun qalması müəyyən olunur. Odur ki, iddia qismən, yəni 1488 manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 104 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda ödənilmiş tələbin məbləğinə mütənasib olaraq həmin məbləğin 21 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1488 (bir min dörd yüz səksən səkkiz) manat borc məbləği və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 21 (iyirmi bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X8