Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-118/2024 09.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(052)-70/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 06 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat alimentin tutulması, həmçinin mediasiya xərci kimi ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh ilə 04 aprel 2019-cu ildə ailə qurmuş, nikahlarını Gəncə ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından 06 noyabr 2019-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(052)-70/2023 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, 06 noyabr 2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 mart 2023-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh hər ay 148 manat aliment ödəyir. Lakin həmin məbləğ ilə uşağın saxlanılması mümkün deyildir. Aliment təyin edilən vaxtdan bu vaxta qədər həm uşağın tələbatı, həm də ölkədə yaşayış minimumu artmışdır. Ödənilən aliment məbləği ilə isə bir nəfər uşağı saxlamaq, onun yaşamını təmin etmək mümkün deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, daha əvvəl təyin edilmiş alimentin məbləği çox aşağıdır. İddiaçı uşağı həmin məbləğ ilə tək saxlamaqda çətinlik çəkir. İddiaçı hazırda Gəncə şəhərində yerləşən uşaq əyləncə mərkəzində işləyir və aylıq 175 manat əmək haqqı alır. Buna səbəb iş saatlarının az olmasıdır. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır. Hətta o, yenidən ailə qurmuşdur. Odur ki, məhkəmədən iddianın tam təmin edilməsi, alimentin artırılaraq 250 manat həddində müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş 55 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia ərizəsində tələb edilən məbləğ çox yüksəkdir. Həmin məbləği ödəməyə maddi imkanı çatmır. Belə ki, hazırda Naftalan şəhərində yerləşən “Sun City” adlanan sanatoriyada mühafizəçi vəzifəsində işləyir və aylıq 175 manat əmək haqqı alır. Aylıq aliment borcunu ödədikdən sonra isə, özünün yaşaması üçün cəmi 30-40 manat əlavə pul qalır. Uşağı saxlamaq hər iki valideyinin borcudur. İddiaçı özü də işləyir və əmək haqqı alır. Odur ki, uşağı saxlamaqda iddiaçı özü də iştirak etməlidir. Əgər iddiaçı onun ödədiyi aliment məbləği ilə uşağı saxlaya bilmirsə, uşağı ona qaytarsın. Əvvəllər aliment borclarını atası ödəmiş, hazırda atası işsiz olduğu üçün alimentin məbləği artırılacağı təqdirdə ödənişləri edə bilməyəcəkdir. İddianın qismən təmin edilərək alimentin 150 manat müəyyən edilməsinə etiraz etmir. Həmçinin iddiaçının ödədiyi 55 manat mediasiya xərcinin ona aid edilməsi ilə razı deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 06 noyabr 2019-cu il tarixdə anadan olmuş, onun ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(052)-70/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04 aprel 2019-cu il tarixdə Gəncə ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 727 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 06 noyabr 2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 06 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 mart 2023-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı “GəncLand” istirahət və əyləncə kompleksində nəzarətçi vəzifəsində işləyir və 172.5 manat əmək haqqı alır. “X6 SPA Naftalan” MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən “X6 SPA Naftalan” MMC-də nəzarətçi vəzifəsində işləyir və 175 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman dəyişdirilmiş alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(052)-70/2023 saylı qətnaməsi ilə 06 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlansın. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh aid edilsin və ondan alınaraq İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(052)-118/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-118/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver