Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-119/2023 20.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X16 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(052)-75/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 18 oktyabr 2008-ci il təvəllüdlü X1, 28 may 2010-cu il təvəllüdlü X2 və 11 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq ücün 180 manat olmaqla, üç nəfər uşaq üçün cəmi 540 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(052)-75/2022 saylı qətnaməsinə əsasən cavabdehdən 18 oktyabr 2008ci il təvəllüdlü X1, 28 may 2010-cu il təvəllüdlü X2 və 11 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh halhazırda Rusiya Federasiyasında işləyir, qazancı yaxşıdır. O, hazırda işləmir. Üç nəfər uşaq üçün 300 manat sabit pul məbləğində təyin edilmiş aliment ilə uşaqları tək saxlamaqda çətinlik çəkir. Uşaqlar böyüdükçə ehtiyacları da çoxalır. Cavabdehin hər ay hər uşaq üçün 180 manat olmaqla, üç uşaq üçün cəmi 540 manat aliment ödəməyə imkanı çatar. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, sonuncu dəfə alimentin məbləği təyin edilən vaxtdan bir il müddət keçmişdir. Hazırda uşaqlar üçün təyin edilmiş 100 manat məbləğ isə çox aşağıdır. Cavabdeh aliment pulundan başqa uşaqların saxlanılmasında ona heç bir köməklik etmir. Uşaqların bütün problemləri onun üzərindədir. O, evində saç ustası kimi fəaliyyət göstərir və gündəlik 9-10 manat civarında qazancı olur. Qeyd ediləndən başqa isə heç bir gəliri yoxdur. Halbuki cavabdeh Rusiya Federasiyasında işləməklə yetəri qədər pul qazanır. Cavabdeh onunla ayrıldıqdan sonra isə başqa bir qadınla ailə qurmuş, həmin nikahdan da bir nəfər övladı olmuşdur. Cavabdeh hazırda həmin övladı ilə bərabər yaşayır və onun xərclərini qarşılayır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, cavabdehin anasıdır. Cavabdeh ona qarşı qaldırılmış iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində tələb edilən məbləğ hədsiz yüksəkdir. Həmçinin oğlunun hazırda həm fiziki sağlamlığı, həm də maddi vəziyyəti çox pis vəziyyətdədir. Uşaqların saxlanılmasında iştirak etmək isə hər iki valideynin borcudur. Cavabdeh hazırda müəyyən edilmiş alimentin miqdarını hər ay çətinlikə də olsa tam şəkildə ödəyir. Oğlu hazırda Rusiya Federasiyasında yaşayır və restoranların birində kababçı kimi işləyir. Bundan başqa oğlu ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da, bir nəfər övladı doğulmuşdur. Alimentin miqdarı isə ümumilikdə 50 manatdan daha çox artırılarsa, cavabdeh həmin məbləği ödəyə bilməyəcədir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 143492 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 oktyabr 2008-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X3 göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 403618 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 may 2010-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X3 göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 935029 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 sentyabr 2012-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X3 göstərilmişdir; V-AK 706210 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 oktyabr 2021-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X5 göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(052)-75/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(052)-75/2022 saylı qətnaməsi ilə 18 oktyabr 2008-ci il təvəllüdlü X1, 28 may 2010-cu il təvəllüdlü X2 və 11 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(052)-119/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-119/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver