Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-124/2023 20.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 və cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-249/2022 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(052)-249/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2004cü il tarixdə Naftalan şəhər VVADQ şöbəsində 67 № ilə qeyd edilmiş nikah pozulmuş, həmin nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 iddiaçının yanında qalmış və iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər ay hər birinə 130 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X2 17 yaşı vardır, Xİ sinifdə oxuyur. xx.xx.2007-ci il təvəllüdlü X3 isə 15 yaşı vardır və İX sinifdə oxuyur. Onların xərcləri günü-gündən artır. O isə gündəlik və aylıq xərclərini qiymət artımları ilə ödəməkdə çətinlik çəkir. Odur ki, müəyyən edilmiş alimentin miqdarının artırılmasına ehtiyac yaranmışdır. Buna görə də, uşaqların saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin hər il artırılması uşaqların mənafeyinə uyğun, qanuna və məqsədə müvafiqdir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamışdır. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Respublikada inflyasiya – pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 izahat verərək bildirdi ki, sonuncu dəfə alimentin məbləğinin təyin edilməsindən 6 ay müddət keçməsinə baxmayaraq hazırda iddiaçı himayəsində yaşayan uşaqların saxlanılmasında əziyyət çəkir. Bu səbəbdən alimentin miqdarının artırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uşaqların artıq böyük olmaları və tələbatlarının çox olması nəzərə alınarsa, təyin edilmiş 130 manat məbləğ bir uşağın saxlanılması üçün olduqca az məbləğdir. Həmçinin cavabdeh alimentin məbləğindən başqa uşaqların saxlanılmasında iddiaçıya başqa hər hansı bir köməklik etmir. Uşaqların bütün problemləri demək olar ki, iddiaçının üzərindədir. Bundan başqa qeyd olunmalıdır ki, bir neçə aydan sonra Aydanın 18 yaşı tamam olacaqdır ki, bu da ona münasibətdə alimentin tutulmasının dayandırılacağı anlamına gəlir. Lakin uşaq yetkinlik yaşına çatmış olsa da, onun saxlanılması hər bir halda anasının üzərinə düşəcəkdir. Halbuki cavabdeh Rusiya Federasiyasında işləməklə yetəri qədər pul qazanır və artırılmış alimentin məbləğini asanlıqla ödəyə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 izahat verərək bildirdi ki, cavabdeh iddianı qəbul etmir. Belə ki, sonuncu dəfə alimentin məbləğinin təyin edilməsindən cəmi 6 ay müddət keçmişdir. Bu müddət ərzində isə cavadehin maddi və əmlak vəziyyətində heç bir müsbətə doğru dəyişiklik olmamışdır. Həmçinin qeyd edilməlidir ki, uşaqların saxlanılmasında iştirak etmək hər iki valideynin borcudur. Cavabdeh də, bir ata kimi müəyyən edilmiş alimentin miqdarını tam şəkildə ödəyir. Odur ki, hazırki iddia əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Naftalan Şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 579581 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 dekabr 2005-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 996026 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 avqust 2007-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X4 2022-2023-cü tədris ilində Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin Xİa sinfində təhsil alır; Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X5 2022-2023-cü tədris ilində Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin İxb sinfində təhsil alır; Naftalan Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(052)-249/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Naftalan şəhər VVADQ şöbəsində 24 dekabr 2004-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 01 dekabr 2005-ci il təvəllüdlü X2 və 22 avqust 2007-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 01 dekabr 2005-ci il təvəllüdlü X2 və 22 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 noyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(052)-249/2022 saylı qətnaməsi ilə 01 dekabr 2005-ci il təvəllüdlü X2 və 22 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-124/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-124/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver