Məhkəmə qərarları › İş №2(052)-129/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-129/2025

22.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-129/2025 22.07.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X27 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyətində olan 31.63 kv.m. sahəsi olan evindən, sahəsi 18,98 kv.m. olan köməkçi tikilisindən və 345 kv.m. torpaq sahəsindən istifadə etməsinə, habelə həmin əmlakların texniki pasportunun hazırlanmasına Cavabdeh tərəfindən edilən maneçiliklərə son qoyulması, Cavabdeh maddi ziyana görə 6500 (altı min beş yüz) manat və mənəvi ziyana görə 1500 (min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən əmlakdan ona məxsus fərdi yaşayış evinin 31.63 kv.m hissə, həyətyanı torpaq sahəsinin 0.0345 ha hissə və köməkçi tikilinin 18.98 kv.m hissəsinə texniki passportun hazırlanmasına Cavabdeh tərəfindən səlahiyyətli dövlət orqanın əməkdaşlarına ölçü işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, mübahisəli 18.98 kv.m köməkçi tikilidən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh maddi ziyana görə 6500 (altı min beş yüz) manat və mənəvi ziyana görə 1500 (min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynlərindən miras qalmış ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli ev, həyətyanı sahəsi və köməkçi tikililərlə birlikdə Naftalan Şəhər Məhkəməsinin 2(052)-35/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən vərəsələr arasında bölünmüşdür. Həmin miras əmlakdan onun payı həyətyanı torpaq sahəsindən 345 kv.m, yaşayış evindən 2-ci mərtəbədə olan 31.63 kv.m. yaşayış sahəsi və 18.98 kv.m olan köməkçi tikilidən ibarətdir. Həmin əmlakların xüsusi mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Hazırda qanuni qüvvədə olan Naftalan Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən X22 və X2 qalmış miras əmlakdan (yaşayış evi, həyətyanı torpaq sahəsi və digər tikililər) qanun üzrə vərəsələr - X17, X11, X12, X8 hər birinə həyətyanı torpaq sahəsindən 345 kv.m., yaşayış evindən 31.63 kv.m, digər tikililərdən 18,98 kv.m., qanun və vəsiyyət üzrə vərəsə X13 həyətyanı torpaq sahəsindən 2070 kv.m, yaşayış evindən 189.78 kv.m, digər tikililərdən 113.88 kv.m paylar bölünmüş və vərəsələrin mülkiyyət hüquqları tanınmışdır. Lakin həmin evdə heç bir mülkiyyət hüququ olmayan, mərhum qardaşı X1 arvadı, Cavabdeh (yalnız uşaqlarına düşən paydan istifadə hüququ olan) tərəfindən xüsusi mülkiyyətlərindən tam istifadə edə bilmir. O, hər vasitə ilə həmin əmlaklarından istifadə etməsinə maneçiliklər törədir, qəsdən həyətdə olan su çənindən evin təməlinə su axırdaraq evi çökdürür. Evin divarları çatlamış, təməli çökmüş, tavan və dam örtüyündə ciddi zədələr əmələ gəlmişdir. Hazırda cavabdehin təqsiri üzündən ev qəzalı vəziyyətdədir, orada yaşamaq isə təhlükəlidir. Evə dəymiş ziyanın aradan qaldırılması üçün minimum 4-5 min manat pul vəsaiti lazımdır. Mülkiyyətinə ziyan vurduğuna görə həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Uşaqlıqdan yaşadığı həmin evdən ona düşən paydan 2012-ci ildən 2021-ci ilin sonlarınadək istifadə etmişdir. Ona aid olan ev və məişət əşyalarını (3 ədəd taxta qapılar, şəxsi kompyuteri (prosessor, monitor, klaviatura, dinamiklər və s.), tozsovuran, ütü, mikser, samovar, mətbəx əşyaları, xrustal vazalar, boşqablar, çəngəlbıçaq dəstləri, 3 ədəd yorğan-döşək dəstləri, 6 ədəd balış, 4 ədəd odeyal və s.) da sahəsi 18,98 kv.m. olan həyətdə yerləşən köməkçi tikilisinə yığmış və qapısını bağlamışdır. 2021ci ilin sonlarından havaların soyuq keçməsi ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşamış və 2022-ci ilin fevral ayında evinə baş çəkməyə gəldikdə məlum olmuşdur ki, Cavabdeh köməkçi tikilisinin qapısını divarı ilə birlikdə söküb dağıtmış, bu zaman tikilinin divarlarına və tavanına ciddi ziyan dəymiş və tikili tam yararsız vəziyyətə salınmışdır. Həmin tikilidə olan və yuxarıda adları sadalanan ev və məişət əşyalarını da, yararsız vəziyyətə salmış, əşyaları aparıb onun payına düşən torpaq sahəsinə tökmüşdür. Orada isə yağış-qar altında qalan həmin əşyalar tam yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm köməkçi tikilisinə ciddi ziyan dəymiş, həm də ev və məişət əşyaları tam məhv olmuşdur. Köməkçi tikilisinin bərpası ilə əlaqədar ona ən azından 1500 manat pul lazımdır. Ev və məişət əşyalarının minimum dəyəri isə 1500 manatdan çoxdur. Hesab edir ki, həmin məbləğlər cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa Cavabdeh qanunsuz hərəkətləri nəticəsində payına düşün əmlaklarına dair ayrıca çıxarış alınması üçün plan-sxem hazırlanması da mümkün deyildir. Belə ki, cavabdeh yerində ölçmə işləri aparmaq üçün onların ünvana gəlmiş DƏDRX-nin əməkdaşlarına ciddi maneçiliklər törətmiş və onlara imkan verməmişdir ki, yerində ümumi əmlaklara baxış keçirilərək ona ayrıca sənəd verilsin. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçi olaraq hüquqlarının pozulduğundan, onun tərəfindən edilən maneçiliklərin aradan qaldırılması barədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Xüsusi mülkiyyət hüququ əsasında ona və digər mülkiyyətçilərə məxsus olan həmin evin uşaqlarına düşən hissəsində yaşayan, həmin mülkə heç bir mülkiyyət hüquqi olmayan Cavabdeh uşaqları tərəfindən ona verilən etibarnamədən sui-istifadə edərək paylı mülkiyyətdə olan evin bünövrəsinə su axıtmış, evi qəzalı vəziyyətə salmış, rəhmətə gedənlərini söyüb təhqir etmiş, namuslarına toxunan ifadələr işlətmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəbləri pozulmuş, əsəb sarsıntısı keçirmiş, mənəvi iztirablar çəkmiş, şərəf və ləyaqəti alçaldılmışdır. Ona görə də cavabdehdən mənəvi ziyana görə də, təzminat tələb edir. Cavabdehin vurduğu mənəvi ziyan məbləği sonsuzdur, lakin simvolik olaraq cavabdehdən mənəvi ziyana görə 1500 manat pul tələb edir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, ona vurduğu maddi və mənəvi ziyanı könüllü şəkildə ödəməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən məcbur qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 4 ünvanında yerləşən əmlakın fərdi yaşayış evindən 31.63 kv.m, həyətyanı torpaq sahəsindən 0.0345 ha və köməkçi tikilidən 18.98 kv.m hissəsi ona məxsusdur. Belə ki, həmin əmlakdan payı valideynlərindən qalmış mirasa dair məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsasında əldə etmiş və əmlakda payının olmasına dair çıxarış almışdır. Daha sonra o, həmin payına dair texniki sənədləri almaq üçün idarəyə müraciət etmiş, idarənin əməkdaşları həmin ünvana gələrək, ölçü işləri aparmaq istəyən zaman Cavabdeh dövlət orqanının əməkdaşlarına əmlaka baxış keçirmələrinə imkan verməmişdir. Bu səbəbdən sənədlərin düzəldilməsi başa çatmamışdır. Həmçinin məhkəmə qətnaməsi ilə ona mübahisəli əmlaka daxil olan köməkçi tikililərdən 18.98 kv.m hissə verilmişdir ki, 2012-ci ildən başlayaraq özünəməxsus əşyaları oraya yığaraq qapısını bağlamışdır. Həmin köməkçi tikili Cavabdeh istifadəsində olan darvazadan girərkən sol tərəfdə yerləşən birinci tikilidir. Tikili məhkəmə qətnaməsi qəbul edildikdən sonra, qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən ona verilmiş və həmin vaxtdan onun istifadəsində olmuşdur. Daha sonra cavabdeh Əminə onun daimi Bakı şəhərində yaşamasından istifadə edərək, tikilinin qapısını sındırmış, orada olan əşyaları həyətin ortasına tökərək yağış suyunun altında məhv etmiş, bəzi əşyalarını isə götürmüşdür. Həmin əşyalar kompyuter, printer, samovar, müxtəlif mətbəx əşyaları, tozsovuran, ütü, mikser, xrustal vazalar, boşqablar, çəngəl-bıçaq dəstləri, yorğan-döşək dəstləri, balışlar və s. ibarət olmuşdur. Cavabdeh həmin əşyaları köməkçi tikilidən çıxararaq, çölə tökməklə həmin əşyaların məhv olmasına şərait yaratmış və bununla da ona 1500 manat maddi ziyan vurmuşdur. Bundan başqa cavabdeh uzun müddət evin bünövrəsinə su axıtmışdır ki, bu da həmin evin zədələnməsi və divarların çatlaması ilə nəticələnmiş, həmçinin otaqların divarları yararsız vəziyyətə düşmüşdür. Cavabdeh bu hərəkəti ilə ona 5000 manat maddi ziyan vurmuşdur. Belə ki, hazırda evin bərpa-təmiri üçün həmin məbləğ tələb olunur. Cavabdehin sözügedən hərəkətləri nəticəsində ona həmçinin mənəvi ziyan dəymişdir. Cavabdeh onun və yaxınlarının ünvanına daim təhqiramiz ifadələr işlətmiş, bunun nəticəsində o, xəstəlik tapmışdır. Keçirdiyi əsəb və sarsıntılara görə cavabdehdən 1500 manat dəyərində mənəvi ziyan tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, həqiqətən ölçü işləri görmək üçün gəlmiş dövlət xitmətinin əməkdaşlarına bununla bağlı maneələr yaratmışdır. Buna səbəb isə, həmin əməkdaşların əmlakı tam şəkildə, yəni onlara da aid hissə ilə birlikdə ölçmək istəmələri olmuşdur. O isə yalnız iddiaçıya aid hissədə ölçü işlərini aparmaq şərti ilə həmin əməkdaşlara işlərini icra etməyə imkan verəcəyini bildirmişdir. Lakin onlar əmlakı tam şəkildə ölçməli olduqlarını bildirmişlər. İddiaçının istifadə etmək istədiyi mübahisəli 18.98 kv.m olan köməkçi tikili isə həyətyanı torpaq sahəsinə daxil olmaq üçün onun istifadə etdiyi darvazanın girəcəyindən sol tərəfdə yerləşən birinci tikilidir. Həmin tikili onun ərazisinə düşdüyü üçün iddiaçının oradan istifadə etməsinə razı deyildir. Belə ki, o, mübahisəli həyətə 40 il əvvəl gəlin gəlmiş və həmin tikili uzun illər istifadəsində olmuşdur. İddiaçı isə ümumiyyətlə 2018-ci ildən həyətə yaşamağa gəlmişdir. Bu səbəbdən mübahisəli tikili iddiaçının istifadəsində olmamalıdır. Həmçinin iddiaçıya aid hissədə başqa tikili də mövcuddur ki, iddiaçı rahat şəkildə həmin tikilini istifadə edə bilər. Əslində iddiaçının məhz həmin tikilini istəməsinə səbəb başqadır. Belə ki, tikilinin arxasında müəyyən qədər boş torpaq sahəsi vardır ki, iddiaçı həmin sahəni də, ələ keçirmək istəyir. Ümumiyyətlə iddiaçı həmin tikilinin ona məxsus olduğunu desə də, buna dair heç bir sənədi yoxdur. Bundan başqa tikili çox köhnə olmaqla, demək olar ki, dağılmış və yararsız vəziyyətdədir. Hazırda oğlu evlidir və kirayədə yaşayır. Gələcəkdə həmin tikilini sökərək yerində oğluna ev inşa etdirmək niyyətindədir. İddiaçıya məxsus heç bir əmlaka isə ziyan vurmamış, iddiaçının əşyalarına ümumiyyətlə toxunmamışdır. Həmçinin iddiaçının ziyan vurmuşdur dediyi evin böyük hissəsi onun öz yaşadığı sahədir. İddiaçının deməsinə görə isə o, öz yaşadığı evə zərər vurmuşdur. Bunun baş verməsi isə mümkün deyildir. İddiaçının onun barəsində dedikləri şər və böhtandır. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Naftalan Şəhər Məhkəməsinin 21 fevral 2012-ci il tarixli 2(052)-35/2012 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən X16 və X3 miras əmlaklarını - yaşayış evi, həyatyanı torpaq sahəsi və digər tikililərdən qanun üzrə vərəsələr - X17, X12, X11, X8 hər birinə həyatyanı torpaq sahəsindən 345 kv.metr, yaşayış evindən 31.63 kv.metr, digər tikililərdən 18.98 kv.metr qanun və vəsiyyət üzrə vərəsə X13 həyatyanı torpaq sahəsindən 2070 kv.metr, yaşayış evindən 189.78 metr, digər tikilidən 113.88 kv.metr payın bölünməsi və onların paylı mülkiyyət hüqularının tanınması qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyətdə X4, X5, X8, X14 hər birinin fərdi yaşayış evində 31.63 kv.m, torpaq sahəsində 0.0345, X10 isə fərdi yaşayış evində 189.78 kv.m, torpaq sahəsində 0.2070 ha payları vardır (Daşınmaz əmlakın reyestr nömrəsi **********63-10301, qeydiyyat tarixi xx.xx.2015, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********76 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı X5 müraciətinə əsasən ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin paylı mülkiyyətdən ayrılaraq özünə düşən hissəsinə ayrıca çıxarış verilməsi ilə əlaqədar ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazı İdarəsində baxılmışdır. Qeyd edilmişdir ki, iddiaçı X6 və ailə üzvlərinə məxsus paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin paylı mülkiyyətdən ayrılaraq ona düşən hissəsinə çıxarış verilməsi əmlakın fiziki cəhətdən bölgüsü mümkün olduğu halda notarial qaydada təsdiq olunmuş bölgü planı və bölgü sazişi təqdim olunduqdan sonra mümkündür. Eyni zamanda müraciət ilə bağlı əmlaka baxış keçirilməsi istənilən zaman fərdi yaşayış evində faktiki olaraq yaşayan şəxslər tərəfindən müayinə baxış keçirilməsinə maneçilik törədilmiş, əmlak üzərində mübahisə olduğu müəyyən olunmuşdur. DƏDRX-nin 7 saylı Bərdə ərazi idarəsinin Naftalan şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 müraciəti əsasında ona məxsus fərdi yaşayış evi və torpaq sahəsinə baxış keçirilmişdir. Fərdi yaşayış evinin inventarlaşdırılması üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə ki, həmin evdə qeydiyyatda olan Cavabdeh evin ölçülməsində və işin aparılmasında problemlər yaratmışdır. Nəticədə ölçü işlərinin aparılması dayandırılmışdır. Naftalan Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(052)-77/2022 saylı qərardadından görünür ki, iddiaçı X7 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 14 oktyabr 2022-cü il tarixli, 10/4258 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində divara bitişik şəkildə su çəni olmadığından, həmçinin iddiaçı X9 məxsus otaq təmirli vəziyyətdə olduğundan, iddiaçı X9 aid otağa su sızma nəticəsində ziyan dəyibdəyməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına və əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması (qadağan edilməsi) hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyası 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisəli əmlakda payının olması mübahisəsizdir. Belə ki, Naftalan Şəhər Məhkəməsinin 21 fevral 2012-ci il tarixli 2(052)-35/2012 saylı qətnaməsi ilə iddiaçının və digər vərəsələrin mirasda payları müəyyən edilmiş, paylara münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və çıxarış alınmışdır. Lakin işin hallarından göründüyü kimi, əmlaka dair texniki sənədlər rəsmiləşdirilməmişdir. Beləliklə iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi məhz həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlərin alınmasının başa çatdırılması olmuşdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh tərəfindən mübahisəli əmlaka dair səlahiyyətli dövlət orqanlarının əməkdaşlarına ölçü işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddiaçının 18.98 kv.m hissədən ibarət köməkçi tikilidən istifadəsinə münasibətdə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlar ilə müəyyən olunur ki, mübahisəli tikili hazırda Cavabdeh faktiki istifadəsinə olan torpaq sahəsinə giriş üçün istifadə etdiyi darvazanın girişindən sol tərəfdə yerləşir. Həmçinin tərəflərin izahatları ilə o da müəyyən olunur ki, tərəflərin hər ikisi həmin tikilidən istifadə etməkdə maraqlıdırlar. Lakin qeyd edilməlidir ki, Naftalan Şəhər Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(052)- 35/2012 saylı qətnaməsi ilə mübahisəli əmlakda ümumi olaraq payların miqdarı təsbit olunsa da, əmlakda paylar naturada ayrılmamışdır. Bu isə o deməkdir ki, hazırda nə iddiaçının, nə də əmlakda payları olan digər şəxslərin əmlakdan onlara düşən hissənin məhz əmlakın hansı hissəsində olması qeyri-müəyyəndir. Odur ki, belə vəziyyətdə cavabdehin iddiaçıya mübahisəli əmlakın hər hansı hissəsindən sərbəst istifadəyə maneə yaratması qanuni hesab edilə bilməz. Məhkəmə iddianın maddi ziyan tələbi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki iş materiallarına əlavə edilmiş və eyni tərəflər arasında daha əvvəl məhkəmənin icraatında olmuş, lakin İddiaçı ərizəsi əsasında baxılmamış saxlanılmış mülki iş üzrə əldə edilmiş ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində divara bitişik şəkildə su çəni olmadığından, həmçinin iddiaçı X9 məxsus otaq təmirli vəziyyətdə olduğundan, iddiaçıya aid otağa su sızma nəticəsində ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçı ona məxsus əmlaka, eləcədə digər əşyalara ziyan dəyməsini və ziyanın məhz cavabdeh tərəfindən vurulmuş olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə məhkəmə iclasında tərəfindən iddiçıya hər hansı ziyan vurulmadığını qeyd etmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Bundan əlavə iddiaçı hazırkı iddia ərizəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə yuxarıda sadalanan hallar öz təsdiqini tapmadığından iddia mənəvi zərərin ödənilməsi hissədə də, əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 8 ünvanında yerləşən əmlakda İddiaçı məxsus fərdi yaşayış evinin 31.63 kv.m, həyətyanı torpaq sahəsinin 0.0345 ha və köməkçi tikilinin 18.98 kv.m hissəsinə dair lazımi sənədlərin hazırlanması məqsədi ilə ixtiyarlı şəxslərin ölçü işlərinin aparmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. ünvan 8 ünvanında yerləşən əmlakda Cavabdeh faktiki istifadəsində olan darvazanın girişindən sol tərəfdə yerləşən birinci köməkçi tikilidən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar