Məhkəmə qərarları › İş №2(052)-140/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-140/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-140/2023 11.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (məhkum) tərəfindən yararsız hala salınmış elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277.4 manat pulun cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)-03/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Naftalan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına 10 mart 2022-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Məhkum 17 mart 2022-ci il tarixdə qeydiyyata götürülmüş, cavabdehin ayağına elektron nəzarət vasitəsi olan qolbağ bağlanmış və mobil qurğu ona təhvil verilmişdir. Bundan sonra cavabdeh Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşadığı üçün şəxsi iş aidiyyatı üzrə İddiaçınə göndərilmiş və 05 may 2022-ci il tarixdən başlayaraq məhkumun üzərində probasiya nəzarəti İddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh probasiya nəzarətində oduğu müddətdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğunu ehtiyatsızlıq edərək əlindən yerə salmış və mobil qurğunun yerə düşən zaman zərbə nəticəsində korpusu aralanmış, ekranında qaralma və titrəmə yaranmışdır. Təmir mümkün deyildir. İstifadəyə tam yararsızdır. Odur ki, cavabdehdən mobil qurğunun tam dəyəri olan 2277.4 manat pul vəsaiti alınaraq Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı rəisi Rauf Cəfərov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə hazırlıq iclasında iştirak etmişlər, iddianı müdafiə edirlər və məhkəmə baxışının iştirakları olmadan keçirilməsini xahiş edir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşlı nənəsi ilə birlikdə yaşayır. Nənəsi xəstə və köməksizdir. Kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. Bu səbəbdən nənəsinin hər bir qayğısını şəxsən özü çəkir. Cəzasının sonuna bir müddət qalmış nənəsini yuyunduran zaman ehtiyatsızlıq etmiş və bu zaman mobil nəzarət qurğusu cibindən yerə düşmüşdür. Nəticədə qurğunun ekranı zədələnmişdir. Elektron qurğunun ekran hissəsi zədələnmiş olsa da, istifadəyə yararlı olmuş, cəza müddəti bitənədək üzərində olmuşdur. Cəza müddəti bitdikdən sonra isə qurğu üzərinədən sökülərək şöbəyə təhvil vermişdir. Hazırda ondan tələb edilən məbləğ çox yüksəkdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)-03/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Naftalan Şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 7(052)-05/2022 nömrəli qərarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(052)- 03/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanından Goranboy rayonu Qızılhacılı qəsəbəsinə dəyişdirilməsinə icazə verilmişdir. 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkumun ayağına “Attenti markalı” elektron nəzarət vasitəsi tətbiq edilmiş, sadə elektron qolbağ bağlanmış, məhkuma 1 ədəd mobil nəzarət qurğusu, onun adaptoru təhvil verilmişdir. Məhkuma elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. 06 may 2022-ci il tarixli protokoldan görünür ki, elektron nəzarət vasitəsinə baxış keçirilən zaman heç bir müdaxilə və ya zədə aşkar olunmamışdır. Elektron nəzarət vasitəsi işlək vəziyyətdədir və izləmə məlumatlarını ötürür. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000227 saylı texniki rəydən görünür ki, qurğunun qapaqlarına kley vurulmuş, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mobil elektron nəzarət qurğusunun ümumi dəyəri 2277.4 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkum Cavabdeh elektron nəzarət qurğusu təhvil verilərkən cihazı zədələməsi və ya hər hansı formada yararsız hala salacağı təqdirdə dəyərinin ondan tutulacağı izah edilmiş, o isə protokolu imzalayaraq bununla razlı olduğunu təsdiq etmişdir. Hazırki vəziyyətdə isə elektron nəzarət vasitənin mobil qurğusunun Cavabdeh təqsirindən zədələnmiş olması mübahisəsizdir. Odur ki, cavabdehdən 2277,4 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyan kimi 2277,4 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar