Məhkəmə qərarları › İş №2(052)-173/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-173/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-173/2024 05.11.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11095 (on bir min doxsan beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. 2019-cu ildə Naftalan şəhərində yerləşən “Möcüzə” pansionatında müalicə alarkən orada iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Belə ki, cavabdeh həmin pansionatda işləmişdir. Cavadeh ona “sən Lənkərandansan, mən də Lənkərandanam, burada mənə hər ay 300 manata qədər maaş verirlər” demişdir. Orada müalicə aldığı vaxt onun ad günü olacaqdı. Bu səbəbdən o, cavabdehə demişdir ki, yerliçilikdir, ad günündə ərzaq alsın, cavabdeh də öz evində bişirsin və birlikdə yesinlər. Lakin cavabdeh ona anası ilə qaldığını, anasının onların tanışlıqlarından xəbəri olmaması gərəkdiyini demiş və onunla razılaşmamışdır. Orada müalicə aldığı müddətdə cavabdeh ilə hər gün telefonla əlaqə saxlamışdır. Müalicəsini bitirdikdən sonra isə o, Lənkəran rayonunda yerləşən evinə qayıtmışdır. Evində olarkən cavabdeh onunla telefon əlaqəsi saxlamış və ona demişdir ki, uşağı xəstədir, müalicəyə ehtiyacı vardı. Bu səbəbdən ondan 1000 manat pul istəmişdir. Həmin vaxtı onun əlində nağd pul olmadığı üçün kredit götürmək istəmiş, lakin yaşı keçdiyi üçün bankdan kredit götürə bilməmiş, həmçinin borc da ala bilməmişdir. Məcbur qalaraq cavabdehin ondan istədiyi 1000 manat pulu hissə-hissə olmaqla hər ay aldığı pensiyasından və şəhid ailəsi olduğu üçün ona verilən təqaüddən toplayaraq cavabdehə göndərmişdir. Cavabdehə pul ilə yanaşı vaxtaşırı olaraq sovqatlar da göndərmişdir. O, cavabdeh üçün təxminən 17 dəfə sovqat payı göndərmişəm. Bütün bunlara ümumilikdə 4780 manat pul xərcləmişdir. Eyni zamanda həmin sovqatları cavabdehə göndərmək üçün taksilərə 530 manat pul ödəmişdir. Cavabdeh eyni zamanda ondan danışıq üçün kontur pulu yükləməsini də xahiş etmiş və o, ümumilikdə cavabdeh üçün 750 manatlıq kontur yükləmişdir. Lakin cavabdeh bununla kifayətlənməyərək hər dəfə ondan təkrar pul istəmişdir. O isə cavabdehə demişdir ki, onun istədiyi məbləğdə nağd pulu yoxdur. Cavabdeh isə ona demişdir ki, “mən kredit götürmüşəm, krediti hər ay sən ödəyərsən”. Onun cavabdehə yazığı gəldiyi və cavabdehə inandığı üçün hər ay ona kreditini bağlamaq üçün 197 manat, bəzi aylarda isə 204 manat pul göndərmişdir. Beləliklə o, cavabdehə ümumilikdə 5235 manat pul göndərmişdir. Bütün bu sovqatları və pulları cavabdehə ona görə göndərmişdir ki, cavabdeh ona həyat yoldaşının xəstə olduğunu, həkimlərin yoldaşına 2 ay vaxt qoyduqlarını, onun öləcəyini, bundan sonra isə o, Lənkərana gələrək onunla ər-arvad kimi yaşayacağını deməsi olmuşdur. O, da cavabdehə inanmış və öz həyat yoldaşının həmin vaxtı ağır xəstə olması səbəbindən onunla razılaşmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır. Belə ki, cavabdehin həyat yoldaşı həmin vaxtdan 07 il əvvəl vəfat etmişdir. Əslində isə cavabdeh ondan pul qoparmaq üçün bu addımları atırmış. O, vəziyyətin belə olduğunu gördükdən sonra cavabdeh barəsində tədbir görülməsi üçün Naftalan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oraya hər ikisi çağırılmış və ayrı-ayrılıqda şifahi olaraq dindirilmişdir. Polis şöbəsində bununla bağlı ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən o, Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid ailəsidir, dövlətin hər ay ona verdiyi təqaüdlə dolanır. Cavabdeh isə onun etibarından istifadə edərək onu ümumilikdə 11745 manat xərcə salmışdır. Odur ki, həmin məbləği ondan tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə qeyd etdiyi məbləğləri verməsinin, həmçinin sovqatlar göndərməsinin səbəbi onunla evlənmək niyyətinin olması olmuşdur. Belə ki, cavabdeh də, onunla evlənəcəyi barədə ona söz verdiyi üçün ona inanmış və bu addımları atmışdır. Lakin sonda cavabdehin onu aldatığını, məqsədinin onun pullarını ələ keçirmək olduğunu anlamışdır. Hətta cavabdeh üçün Bakı şəhərində kirayədə yaşaması üçün mənzil tutmuş və pul ödəmiş, lakin cavabdeh onu aldadaraq evdə onunla qalmamışdır. Cavabdehə vediyi pulları məhz cavabdeh ondan istədəyi üçün vermişdir. Bu isə verilənlərin cavabdehə bağışlamış olduğunu deməyə əsas vermir. Əgər cavabdeh ondan pul istəməs idi, o, cavabdehə pul göndərməzdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçını 2018-ci ildən tanıyır. İddiaçını onun işlədiyi Naftalan şəhərində yerləşən sanatoriyada müalicə alarkən tanımışdır. İddiaçı onun işlədiyi şöbədə kardioqrama çəkdirmiş, lakin kardioqramanı o yox, başqa bir iş yoldaşı çəkmişdir. İddiaçını məhz həmin vaxtdan tanımışdır. Daha sonra iddiaçı onun otağına daxil olmuş və “xanım qız, sən demə biz yerliyik” demişdir. Bu zaman o, iddiaçıdan haralı olduğunu soruşmuş, iddiaçı isə Lənkəran rayonundan olduğunu demişdir. O da, iddiaçıya həqiqətən də yerli olduqlarını bildirmişdir. Həmin vaxt iddiaçı artıq bütün pullarını xərcləmiş olduğunu, bu səbəbdən ona hörmət edə bilməyəcəyini demişdir. O isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını demişdir. Lakin iddiaçı ondan israrla telefon nömrəsini istəmiş və demişdir ki, rayona qayıtdıqdan sonra sanatoriyaya gələnlər ilə onun üçün sovqat payı göndərəcəkdir. O da, öz nömrəsini iddiaçıya vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı ona zəng etmiş və “Naftalan şəhərinə gələn var, xanım qız sənə sovqat göndərəcəyəm” demişdir. O isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını desə də, iddiaçı israrla sovqatı göndərmişdir. Həqiqətən də iddiaçının dediyi kimi ona 3 ədəd böyük qutuda sovqat payı gəlmişdir. Qutulardan ikisində cənub meyvələri, bir qutuda isə bişmiş ət məhsulları, yəni cücə, balıq, əlavə olaraq uşağı üçün mağazadan alınmış şirniyyat malları olmuşdur. O da, bu qədər meyvəni yeyə bilməyəcəklərini düşündüyü üçün yaşadığı binada olan qonşularına paylamışdır. Daha sonra mart ayında iddiaçı ona yenidən sovqat göndərmişdir. Onun ana və atası soruşanda ki, bu sovqat haradandır, o, “Talış baba” göndərib demişdir. Hətta o ailəsinə iddiaçının çox xeyirxah adam olduğunu, həmyerlisi olduğu üçün ona köməklik etdiyini də demişdir. İddiaçının ona pul göndərməsini o istəməmişdir. Belə ki, iddiaçı telefonla danışan zaman ona Lənkəran rayonundan bir neçə nəfər ilə birlikdə xeyriyyə işləri ilə məşğul olduqlarını, imkansız şəxslərə hər ay köməklik etdiklərini bildirmiş, ona da yerlisi olduğu üçün köməklik etmək istədiklərini demişdir. O da, oğlu xəstə olduğu və müalicəyə ehtiyacı olduğu üçün iddiaçının ona poçt vasitəsi ilə göndərdiyi pulları qəbul etmişdir. Belə ki, müharibə başlayan zaman sanatoriya işləməmiş, bu səbəbdən istəmişdir ki, Bakı şəhərinə getsin və orada bir iş taparaq işləsin. Anası isə xəstə oğlunu klinikaların birinə fizioterapiyaya aparsın. Uşağının müalicəsi üçün pul lazım olduğunu, qızıllarını verərək pul götürdüyünü, aldığı 160 manat təqaüdü isə hər ay həmin borcuna verdiyini iddiaçıyla demiş, iddiaçı da ona bir neçə nəfər ilə birlikdə pul torplayaraq hər ay xeyriyyəçilik məqsədi ilə ehtiyacı olanlara verdiklərini, bu səbəbdən ona da kömək məqsəd ilə hər ay pul verəcəklərini demişdir. Şəxsən özü iddiaçıdan nəinki pul, heç bir şey istəməmişdir. Danışıq konturlarını isə iddiaçı özü öz istəyi ilə, onun xəbəri olmadan telefonuna göndərmiş və bildirmişdir ki, pensiya pulu kartına oturduğu üçün ona da kontur yükləyir. Bir müddət keçdikdən sonra isə iddiaçı ona zəng edərək “sənə bir söz deyəcəm, amma əsəbləşmə” demiş, o da iddiaçıdan “ay talış baba nə olub, bir de görək” soruşmuşdur. Bu zaman iddiaçı ona artıq onu kəbininə aldığını demişdir. Bu sözü eşidib əsəbləşmiş və iddiaçıya elə bir şeyin mümkün olmadığını, onun atasından yaşca daha böyük olduğunu demişdir. İddiaçı da bundan sonra “əgər istəmirsənsə gedib kəbini pozduraram” demişdir. Bundan sonra ona məlum olmuşdur ki, əslində iddiaçının əvvəldən niyyəti onunla evlənmək olmuşdur. Əgər əvvəldən bunu bilmiş olsa idi telefon nömrəsini iddiaçıya verməz, ondan heç bir sovqat qəbul etməmişdir. Pandemiya qurtardıqdan sonra sanatoriyalar yenidən fəaliyyətə başlamış və iddiaçı da, onun işlədiyi sanatoriyaya müalicə üçün gəlmişdir. Bu zaman iddiaçı sanatoriyada qarşısına keçən hər kəsə guya əvvəllər onunla evləndiklərini, daha sonra isə onun iddiaçının bəyənmədiyini deyərək, onun barəsində söhbətlər yaymağa başlamışdır. İş yoldaşlarından biri ona yaxınlaşaraq, yaşlı bir kişinin ona barəsində belə söhbətlər işlətdiyini demiş, o isə həmin iş yoldaşına “o kişi sizə həmişə danışdığım xeyriyyəçi talış babadır, göndərdiyi meyvələrdən həmişə sizə də verirdim” demişdir. Çalışmışdır ki, iddiaçının bu hərəkətlərinə məhəl qoymasın. Lakin iddiaçı hər gün onun işlədiyi otağın qabağında saatlarla dayanaraq onu narahat etməyə başlamış, işdən çıxarkən isə onu hədələyərək “səni şikayət edəcəm, görəcəksən sənin başına nə oyun açacam, sən bundan sonra Naftalanda yaşaya bilməyəcəksən” kimi ifadələr işlətmişdir. Daha sonra iddiaçı onun barəsində polis şöbəsinə şikayət etmişdir. Beləliklə hesab edir ki, iddia tam əsassızdır. Çünki o, iddiaçıdan heç vaxt heç bir şey istəməmiş, iddiaçı könüllü olaraq ona yardım etmək istədiyini deyərək, ona pul və ərzaq məhsulları göndərmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə işin araşdırılan halallarına dair qeyd edir ki, İddiaçı müxtəlif vaxtlarda ərzaq sövqatlarını, həmçinin müəyyən məbləğlərdə pul vəsaitlərini poçt rabitə vasitəsilə Cavabdeh göndərmiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatı ilə iddiaçının dediklərini təsdiq etmiş, iddiaçının ona göndərmiş olduğu vəsait və sovqatları aldığını etiraf etmişdir. Bundan başqa iddiaçı cavabdehin onunla ailə münasibətlərinə girəcəyini düşündüyü üçün, bununla bağlı aralarında əvvəlcədən razılaşmanın olduğunu, bu səbəbdən qeyd olunan vəsaitləri və soqatları ona verdiyini bildirmiş, cavabdeh isə etirazında iddiaçının qeyd olunan niyyətindən xəbərdar olmadığını, ümumiyyətlə iddiaçı ilə ailə münasibətlərinə girmək fikrinin və buna dair əvvəlcədən onunla aralarında hər hansı razılaşmalarının olmadığını qeyd etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Beləliklə tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının hansısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. İşin görünən hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini, yəni verilənlərin bağışlama olmadığını iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Belə ki, iddiaçı qeyd etdiyi xərcləri könüllü olaraq çəkmədiyini, buna əsas kimi qarşılığında cavabdehin onunla ailə quracağı barədə söz vermiş olmasını qeyd edir. Odur ki, hazırki işdə iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyini istinad edirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də daşımış olur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyindən, eləcədə iş üzrə bağışlamaqdan imtina və ya bağışlamanın ləğvi əsasları mövcud olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçıya verilmiş 006762 nömrəli vəsiqənin surətindən görünür ki, o, şəhid ailəsi statusuna malikdir. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən iddiaçı məhkəmədə verilən iddialar üzrə rüsumu ödəməkdən azaddır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar