Məhkəmə qərarları › İş №2(052)-177/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-177/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-177/2025 04.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 6, mənzil 13-də yaşayan Cavabdeh ona məxsus Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən Elektrik Mallarının satışı mağazasından 2025-ci ilin iyul-avqust ayında aralarında olan şifahi razılaşmaya əsasən hər ay 100-150 manat məbləğində pul ödəmək şərti ilə nisiyə almış olduğu 6-7 kqlıq 01 ədəd avtomat paltaryuyan maşına görə borclu olduğu 950 (doqquz yüz əlli) manat pulun, nisyə almış olduğu 01 ədəd AUX-18 markalı kondisionerinə görə borclu olduğu 1250 (min iki yüz əlli) manatın və dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manatı, cəmi 2242 (iki min iki yüz qırx iki) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən Elektrik Mallarının satışı mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisi olaraq qeydiyyatdan keçmiş və bu barədə ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X1 Haqqında Şəhadətnamə verilmişdir. Fəaliyyət göstərdiyi müddətdə qanunla üzərinə düşən bütün vergiləri tam olaraq ödəmişdir. Cavabdeh isə Zərdab RPŞ-də polis zabiti olaraq çalışmışdır. Cavabdeh 2025-ci ilin iyul-avqust ayında çalışdığı mağazaya yaxınlaşaraq Zərdab RPŞ-nə polis zabiti olaraq xidmətə gəldiyini, xidməti işlə əlaqədar olaraq qalmaq üçün rayon ərazisində kirayə mənzil tutduğunu, lakin mənzildə elektrik avadanlıqlarından heç bir avadanlıq olmadığını, buna görə də, mənzildə şəxsi istifadə üçün 01 ədəd kondisioner və 01 ədəd avtomat paltaryuyan maşın lazım olduğunu ona bildirmiş, o da, mağazada olan bir neçə kondisioner və paltaryuyan maşın markalarını ona təklif etmişdir. Cavabdeh mağazadan dəyəri 950 (doqquz yüz əlli) manat olan 6-7 kq-lıq 01 ədəd avtomat paltaryuyan maşın və dəyəri 1250 (min iki yüz əlli ) manat olan 01 ədəd AUX-18 markalı kondisioneri bəyənərək nisyə almış və buna dair özünün imzası ilə qəbz təqdim etmişdir. Cavabdeh həmin elektrik avadanlıqlarını ondan alarkən hər ay ona 100- 150 manat məbləğində pul verəcəyini bildirmişdir. O da, cavabdehin rayonda polis əməkdaşı olaraq çalışacağına və verdiyi sözü tutacağına inanaraq aralarında olan şifahi razılaşmaya əsasən həmin əşyaları ona nisyə olaraq satmışdır. Lakin aradan bir neçə müddət keçsə də, cavabdeh aldığı elektrik avadanlıqları ilə bağlı ödənişlər etməmişdir. Bununla bağlı maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh artıq Zərdab RPŞ-dən işdən çıxmışdır. O, dəfələrlə cavabdehin istifadəsində olan mobil telefona zən edərək onunla əlaqə saxlamış və cavabdeh hər dəfəsində maddi vəziyyətinin yaxşı olmadığını, yaxın zamanda pul olacağı təqdirdə göndərəcəyini demiş, lakin heç bir ödəniş etməmişdir. Daha sonra ona aydın olmuşdur ki, cavabdeh götürmüş olduğu avadanlıqların pulunu ödəmək fikrində deyildir. Belə ki, cavabdeh ondan başqa rayon ərazisində fəaliyyət göstərən digər mağaza sahiblərindən də, aldığı ərzaq və sair mallarla görə borclarını ödəməmiş, hazırda onlara da borcu vardır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh xx.xx.2025-ci il tarixdə ondan nisyə almış olduğu malların dəyərindən heç bir məbləğ ödəməmişdir. Borc məbləği tam şəkildə qalmaqdadır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı dəyəri 950 manat olan LG markalı 7kq-lıq paltaryuyan maşını hər ay 100-150 manat, dəyəri 1250 manat olan AUX-18 markalı kondisioneri isə hər ay 150 manat ödəmək şərti ilə nisyə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh iddiaçıdan elektrik mallarını nisyə almış, mallarının müəyyənləşdirilmiş dəyərini müəyyənləşdirilmiş müddət ərzində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyinini yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən almış olduğu elektrik mallarının dəyərinin tam şəkildə ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də, iddianı tam əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd LG markalı avtomat paltaryuyan maşının dəyəri olan 950 manat və 1 ədəd AUX-18 markalı kondisionerin dəyəri olan 1250 manat olmaqla, cəmi 2200 manat borc və 42 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar