Məhkəmə qərarları › İş №2(052)-188/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-188/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-188/2023 14.11.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 (otuz beş min) manat pulun və qətnamənin tam icra edildiyi günə kimi bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğində faizlərin, həmçinin ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə daha sonra məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 35000 (otuz beş min) manat pulun və ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumunun alınaraq iddiçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 35000 manat məbləğində borc vermişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən cavabdeh verdiyi borcun müqabilində özünə məxsus olan Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində 0.28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 237.4 kvm-dən ibarət fərdi yaşayış evinin sənədlərini girov qoymuş və əgər borcunu qaytara bilməyəcəyi təqdirdə evin satılmasına etiraz etmədiyini bildirmişdi. Daha sonra cavabdeh borcunu qaytara bilmədiyi üçün iddiaçı evi adına keçirmişdir. Bundan sonra cavadehin evdən çıxarılması üçün ona qarşı Naftalan Şəhər Məhkəməsində iddia qaldırmış, eyni zamanda cavabdeh də ona qarşı sözügedən evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka və kredit müqaviləsinin bağlanmış hesab edilməklə yeni ödəniş qrafikinin açılması barədə qarşılıqlı iddia qaldırmışdı. Həmin vaxt Naftalan Şəhər Məhkəməsində onun iddiası təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmış və bu qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdı. Lakin sonradan cavabdehin kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsində cavabdehin apellyasiya şikayətinə yenidən baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(104)-1074/2022 saylı qətnaməsi ilə Naftalan Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(052)- 81/2020 saylı qətnaməsi ləğv olunmaqla yeni qətnamə çıxarılaraq ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmişdir. Sözügedən qətnamədən tərəfindən kassasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(104)-1074/2022 saylı qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, cavabdehə verilmiş pulun taleyinə aydınlıq gətirilməmişdir. Cavabdeh bu günə kimi ondan aldığı pulu geri qaytarmamışdır. Bu barədə onun özünə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını bildirir. Lakin, həmin pullar onun tərəfindən çox çətinliklə qazanılmış pullardır və şəxsi mülkiyyətidir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı cavabdehə 35000 manat məbləğində borc pul vermişdir. Cavabdeh pulu iddiaçıdan götürərkən əgər borcunu iki ay ərzində qaytara bilməyəcəyi təqdirdə özünəməxsus evin iddiaçının adına keçirilməsinə etiraz etmədiyi barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra cavabdeh borc aldığı pulu qaytarmadığına görə iddiaçı evi öz adına keçirmişdir. Lakin sonradan məhkəmə qaydasında həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş olsa da, iddiada pul tələbi olmadığına görə pulun taleyinə aydınlıq gətirilməmişdir. Pul cavabdehin evi girov qoyması qarşılığında ona verilmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddianı qismən etiraf edərək 35000 manat puldan 17500 manatının onu borcu olduğunu, qalan 17500 manatın isə Əliheybət adlı şəxsin borcu olduğunu bildirsə də, bu tam əsassızdır. Belə ki, borc məbləği Yaqut xanıma evin girov qoyulması müqabilində verilmişdir. Daha sonra Əliheybət və Yaqut arasında hansı qaydada sövdələşmə olmuşdursa, bunun mübahisə predmetinə heç bir aidiyyəti yoxdur. Hətta Yaqutun özü də, məhkəmənin hazırlıq iclasında Əliheybətdən dəfələrlə pulunu tələb etməsinə baxmayaraq ala bilmədiyini demişdir. Həmçinin qeyd edilməlidir ki, Yaqut pulun ona verilmiş olması barədə iltizama da imza atmış və 35000 manat pulu Dilarədən borc aldığını təsdiq etmişdir. Əliheybət adlı şəxsə 17500 manat pulu isə Yaqut özü vermişdir. İddiaçı həmin pulun Əliheybətə verilməsindən xəbərdar deyildir. Hazırda Yaqutun həmin pulu Əliheybətdən tələb etmək hüququ vardır. Bundan başqa iddiaçı ödəmiş olduğu dövlət rüsumunu da cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, qeyd edilən pul vəsaiti 7 faizlə İddiaçı evin girov qoyulması müqabilində götürülmüşdür. Evini girov qoymuş olsa da, İddiaçı onu aldadaraq onunla girov müqaviləsi deyil, alğı-satqı müqaviləsi bağlamış və evini ələ keçirmişdir. Daha sonra isə məhkəmə qərarı ilə həmin müqavilə etirbarsız hesab edilmişdir. Pul alınan zaman tanışı Əliheybət adlı şəxs İddiaçı xahiş edərək, özünə də pul lazım olduğu üçün pulun artıq verilməsini istəmişdir. Bu səbəbədən pul 35000 manat verilmişdir. Əsl həqiqətdə isə pul 30000 min verilmiş, 5000 manat isə iki ayın faizinə hesablanmışdır. Lakin tərəfindən imzalanmış əlyazmada 35000 manat pula qol çəkmişdir. Çünki Əliheybət pulun qalan hissəsini ödəyəcəyinə onu inandırmışdır. Əslində isə ona çatan pul həmin məbləğin yarısı olmuşdur. Belə ki, həmin vaxt ona 10000 dollar pul lazım olmuşdur. Əliheybətin özünə də, pul lazım olduğu üçün Dilarə xanıma daha çox pul verməsini xahiş etmiş, o da, Əliheybətə görə pulu çox vermişdir. Ümumi pulu isə Dilarədən Əliheybət şəxsən əldən-ələ almış, yarısını ona vermiş, qalan hissəsini isə Əliheybət özündə saxlamışdır. Belə ki, o, şəxsən Dilarəni tanımamış, bütün danışıqları Dilarə ilə Əliheybət aparmışdır. Çünki Dilarə ilə Əlihebətin əvvəlcədən tanışlıqları olmuşdur. Həmin pulun 17500 manatını o, qalan 17500 manatını isə Əliheybət Dilarəyə ödəməli idi. Hətta Xəzər Rayon Polis idarəsinə bununla bağlı çağırılmış və təhqiqatçının yanında Dilarənin Əliheybətdən pulunu qaytarmamasına görə şikayəti ilə bağlı dindirilmişdir. Hazırda ona düşən hissə olan 17500 manatdan Dilarəyə hər hansı məbləğdə ödəniş etməmişdir. Lakin borcunu inkar etmir və hissə-hissə olmaq şərti ilə ödəmək fikrindədir. Dəfələrlə Əliheybətdən borcun ona düşən hissəsinin ödənilməsini tələb etsə də, heç bir faydası olmamışdır. Hətta bir dəfəsində əlində nöyüt ilə Əliheybətin qapısına gedərək özünü yandırmaq belə istəmişdir. Sonda isə baldızı ilə əlaqə saxlamış və Əliheybət məhkəmə iclasına dəvət edilərsə, borcun 17500 manat hissəsinin ona aid olduğunu bildirəcəyini demişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 fevral 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 35000 manat məbləğində pul götürdüyünü, əvəzində evini girov qoyduğunu, iki ay ərzində tam məbləği qaytarmayacağı təqdirdə evinin satılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(104)-1074/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-81/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AN İ ******* saylı müqavilə etibarsız hesab edilmiş, İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir. İş materiallarında olan Ali Məhkəmənin 06 mart 2023-cü il tarixli, 2(102)-891/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənləşdirilmiş pul məbləğini Cavabdeh borc vermiş, cavabdeh tərəf isə iddiaçıdan 35000 manat pulu almış olduğunu etiraf edərək, bunda dair yazılı qəbzə imza etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vermiş olduğu 35000 manat məbləğin geri qaytarılmasını tələb edir. Cavabdeh iddianı qismən etiraf edərək iddiaçıya tələb olunan məbləğdə deyil, 17500 manat borcunun olduğunu, borcun qalan 17500 manat hissəsinin isə ona deyil, Əliheybət adlı şəxsə aid olduğunu bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən 04 fevral 2019-cu il tarixdə imzalanmış yazılı qəbz ilə cavabdehin iddiaçıdan 35000 manat məbləğində pul almış olması öz təsdiqini tapır. Cavabdeh həmin borc məbləğinin 17500 manat hissəsinin ona, digər 17500 manat hissəsinin isə Əliheybət adlı digər şəxsə aid olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 35000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehin iddiaçıdan 35.000 manat pul almış olması yazılı qəbzə əsasən öz təsdiqini tapmışdır. Odur ki, tərəflər arasında bağlanmış 35.000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 35.000 manat pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu cavabdehə adi edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat pul məbləği və 195 (yüz doxsan beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar