Məhkəmə qərarları › İş №2(052)-2/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-2/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-2/2023 26.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh2 iştirakı ilə. İddiaçı L.P.O İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı L.P.O İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6020.32 (altı min iyirmi, otuz iki) ABŞ dolları əsas, 6025.55 (altı min iyirmi beş, əlli beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 12045.87 (on iki min qırx beş, səksən yeddi) ABŞ dolları kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 12 (on iki) manat və 30.40 (otuz, qırx) manat dövlət rüsumunun tutularaq L.P.O İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC-nin “Nərimanov” filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4847NF nömrəli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faizlə, 6120 (altı min yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, kredit məbləği kredit alanın hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddətin bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılmalı idi. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə onunla eyni tarixdə “zaminlik” müqaviləsi də bağlanmışdır. Lakin borclular öhdəliklərini lazımınca yerinə yetirməmiş və borc məbləğlərini banka ödəməmişlər. Onlara bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən yayınmışlar. Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov məhkəməyə ərizə ünvanlayaraq İddiaçı L.P.O İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə təyin olunmuş baxış iclasını onların iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilən borc məbləği onun tərəfindən deyil, digər Cavabdeh1 tərəfindən götürülmüş, o isə kredit müqaviləsi üzrə zamin durmuşdur. Daha sonra Cavabdeh1 cinayət törətdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkməkdədir. Hazırda maddi imkanı qeyd edilən borcun ödənilməsinə kifayət etmir. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 (qırx səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) faizlə, 6120 (altı min yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclu Cavabdeh1 bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 13 mart 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 6020.32 ABŞ dolları əsas, 6025.55 ABŞ dolları faiz borcu məbləğindədir. İş materiallarına əlavə edilmiş Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu üzrə kompensasiya hesablanmış və yekun olaraq restrukturizasiya olunması təklif olunan kredit məbləği 6632.89 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddiaçı təşkilatın nümayəndəsinin teleqramını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə işdə olan sübutlarla Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı təşkilata 6020.32 ABŞ dolları əsas, 6025.55 ABŞ dolları faiz borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçı təşkilata ödənilməmiş əsas borc qismində qalıq borcun 6632.89 manat təşkil etməsi təsdiq olunur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia yalnız 6632.89 manat əsas borc məbləğinə münasibətdə təmin edilməlidir. Məhkəmə bununla yanaşı qeyd edir ki, əsas kredit öhdəliyi üzrə zamin Cavabdeh2 münasibətdə də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddiaçı təşkilat tərəfindən kredit və zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 12 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul vəsaitləri də cavabdehlərə aid edilmlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllə müvafiq maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6632.89 manat əsas borc, 12 manat işə baxılması ilə əlaqədar olan məsrəf və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı L.P.O İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar