Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-200/2024 12.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2790 (iki min yeddi yüz doxsan) manat əsas borcun, hüquqi yardıma görə vəkilə ödənilən 450 (dörd yüz əlli) manat xidmət haqqının və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu Azər Əliyev 9b ünvanında yerləşən İddiaçı MMC-yə qızı Əsmər İsmayılova ilə birlikdə yaxınlaşaraq stomatoloji xidmətlərdən yararlanmaq istədiklərini bildirmişlər. Daha sonra Əsmər İsmayılova klinikada həkim stomatoloq kimi fəaliyyət göstərən X2 tərəfindən müayinə olunmuş və müayinə nəticəsində ona 18 ədəd Zirkonyum diş qapaqları və müalicə işləri görülməli olduğu bildirilmişdir. Bundan sonra görüləcək işlərin ümumi məbləği bilinmiş və həmin işlərin 5580 manat olduğu müəyyən olunmuşdur. Daha sonra Əsmər İsmayılovanın anası Cavabdeh 5580 manat məbləği birdəfəlik ödəməyə imkanının olmadığını, həmin məbləği hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bundan sonra həkim stomatoloq Aydın Qurbanov İddiaçı MMC-nin direktoru X3 Cavabdeh 5580 manat məbləği birdəfəlik ödəyə bilməyəcəyini, həmin pulu hissə-hissə ödəyə biləcəyini bildirmiş və tərəflər razılığa gələrək klinika daxili borc müqaviləsi bağlamağı, müqavilədə ilkin ödəniş kimi ümumi məbləğin 50%-ni, yəni 2790 manat məbləğin klinikaya ilkin ödəniş edilməsi, yerdə qalan 2790 manat məbləği aylara bölərək hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Əsmər İsmayılovanın anası Cavabdeh öz övladı Əsmər İsmayılovanın heç bir yerdə işləmədiyini əsas gətirərək bu səbəbdən müqaviləni onunla bağlamağı xahiş etmiş, özünün “Reneo Center”-də işlədiyini, 700 azn əmək haqqı aldığını, aylıq ödənişləri özünün edəcəyini, yəni qızına göstərilən tibbi xidmətə görə öhdəliyi öz üzərinə götürəcəyini bildirmiş və bundan sonra tərəflər (Cavabdeh ilə “Estetik Dental" MMC) arasında borc müqaviləsi bağlanmışdır. Bununla da, Cavabdeh övladı Əsmər İsmayılovaya göstərilən tibbi xidmətə görə ödəniş öhdəliyini öz boynuna götürmüşdür. Bu müqavilə tərəflər tərəfindən imzalanmış və şirkətin müvafiq möhürü ilə təsdiqlənmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh ilkin ödəniş olaraq 2790 manat pulu klinikaya ödəmiş və yerdə qalan məbləği xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 240 (iki yüz qırx) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh övladı Əsmər İsmayılovanın dişləri müalicə olunmuş və 18 ədəd zirkonyum diş qapaqları qoyulmuşdur. Beləliklə iddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəlik tam yerinə yetirilmiş, müvafiq tibbi xidmət göstərilmişdir. Cavabdeh övladı Əsmər İsmayılovaya görülən işdən tam razı qaldığını, dişlərin estetik görünüşünü bəyəndiyini, heçbir şikayət və tələbinin olmadığını İddiaçı MMC-nin direktoru X3 yazılı şəkildə bildirmişdir (bu barədə bildiriş iddia ərizəsinə əlavə olunur). Lakin Cavabdeh bu vaxta qədər üzərinə götürdüyü öhdəliyə əməl etməyərək klinikaya heç bir ödəniş etməmiş, dəfələrlə ona şifahi qaydada həmin məbləği ödəməli olduğu bildirilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən yayınmışdır. Cavabdeh tərəfindən hal-hazıradək, yəni xx.xx.2024-cü il tarixə 2790 manat borc ödənilməmişdir. İddiaçı şirkət cavabdehin həmin borcu qaytarmaqdan imtina etdiyi üçün məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəməyə müraciət etmə qaydasını və borc pulun alınması üçün hansı addımı atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək onlara köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün vəkil ilə hüquqi xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə 450 (dörd yüz əlli) manat ödəniş olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi (vəkil) Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə hazırlıq iclasında verdiyi izahatı və iddia tələbini müdafiə etdiyini nəzərə alaraq, işə cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ədəd Zirkonyum qapaq və müalicə işləri üçün İddiaçı MMC-yə 5580 manat pul ödəməlidir. Həmin pulun 2790 manatını ilkin ödəniş olaraq ödəmiş, yerdə qalan 2790 manat məbləği isə ödəniş qrafikinə uyğun olaraq 1 (bir) il müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı vəkil bürosu tərəfindən verilmiş arayış və ödəniş qəbzindən görünür ki, həmin büroda fəaliyyət göstərən Vəkil ilə İddiaçı MMC arasında Naftalan Şəhər Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2024-cü il tarixli, EM-2472VK-8020/24 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə vəkilə (marka və xidmət haqqı ilə birlikdə) 450 manat məbləğində xidmət haqqı ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin direktoru X4 tərəfindən verilmiş bildirişdən görünür ki, Cavabdeh 2024-cü il tarixində X1 görülən işdən (18 zirkon və müalicə işləri) tam razı olmuş, dişlərin estetik görünüşünü bəyənmiş və heç bir şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri yazılı şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı cəmiyyət müəyyənləşdirilmiş xidmətin göstərilməsi barədə, Cavabdeh isə həmin xidmətin qarşılığında cəmiyyətə muzd ödəməsi barədə üzərinə öhdəlik götürmüş, lakin cəmiyyət üzərinə götürmüş olduğu öhdəliyi tam şəkildə icra etsə də, cavabdeh bu vədinə əməl etməmiş, ödəniş cədvəlinə uyğun ödəməli olduğu vəsaitləri hər ay cəmiyyətə ödəməmişdir. Hazırda iddiaçı cəmiyyət cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu pul məbləğlərinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və həmin məbləği iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu və 450 manat vəkil xərci cavabdehə aid edilməli və ondan tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2790 manat borc məbləği, hüquqi yardıma görə vəkilə ödənilən 450 manat xidmət haqqı və 53 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(052)-200/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-200/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver