Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-207/2023 10.10.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 1156 manat əmək haqqısından dörddə bir hissə, yəni 289 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə ailə qurub nikahlarını 18 iyun 2018-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan 10 may 2019-cu il təvəllüdlü X5 adlı bir övladları olmuşdur. Nikahları Naftalan Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(052)-57/2020 saylı qətnaməsi ilə pozulumuş, ondan əvvəl isə Naftalan Şəhər Məhkəməsinin 2(052)-197/2019 saylı qətnaməsi ilə cavabdehdən 10 may 2019-cu il tarixdə anadan olmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda yaşamaq üçün zəruri olan bütün istehlak mallarının, ərzağın, geyim əşyalarının qiymətləri bahalaşmışdır. Uşağın inkişaf etaplarının geriliyi, epileptik ensefalopatiya və beyin anomaliyası diaqnozu ilə ağır xəstədir. Onun müalicəsi üçün böyük miqdarda pul tələb olunur. Təkcə 10 mq Tablets Frisium clobazam dərman preparatı üçün hər ay 220 manat pul ödənilir. İddiaçı hazırda işləmir. Uşağı çox çətinliklə müalicə etdirir. Onun təlabatlarını və ehtiyaclarını ödəyə bilmir. Hazırda ailələrində çox acınacaqlı vəziyyət yaranmışdır. Uşağın ağır xəstəliyi, özünün maddi imkansızlığı bir ana kimi onu üzür. Bir valideyn kimi cavabdeh də, uşağın böyüməsi, cəmiyyətə yararlı, sağlam şəxs kimi yetişməsi üçün ona maddi qayğı göstərməlidir. Lakin cavabdeh borcunu xəstə uşağa 150 manatlıq məbləği ödəməklə yerinə yetirmiş hesab edir. Halbuki həmin məbləğ yuxarıda qeyd etdiyi təkcə bir dərman preparatının alınması üçün bəs etmir. Cavabdeh hazırda Goranboy Rayon İcra Hakimiyyəti Başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1156 manatdır. Odur ki, onun maddi vəziyyəti dözülməz dərəcədə dəyişərək daha da pisləşdiyi və oğlu ağır xəstə olduğu üçün məhkəmə tərəfindən sabit pul məbləğində təyin edilmiş 150 manat alimentin miqdarının dəyişdirilərək artırılmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək bildirdi ki, sonuncu dəfə alimentin məbləği təyin edilən vaxtdan bu günə kimi 4 il müddət keçmişdir. Hazırda daha əvvəl təyin edilmiş 150 manat məbləğ isə azyaşlı uşağın saxlanılması üçün azdır. Cavabdeh aliment pulundan başqa uşağın saxlanılmasında iddiaçıya heç bir köməklik etmir. Belə ki, uşaq ağır xəstə olmaqla mütəmadi olaraq dərman preparatı qəbul edir ki, həmin dərmanın hər ay alınmasına 200 manatdan çox pul ödənilir. Cavabdeh isə Goranboy Rayon İcra Hakimiyyətində işləyir və yetəri qədər əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, daha əvvəl müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 230 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Lakin alimentin əmək haqqının müəyyən hissəsi kimi deyil, sabit pul məbləği formasında tutulmasını istəyir. Odur ki, alimentin sabit pul məbləğində tutulmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 317122 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 may 2019-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X4 göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(052)-197/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 10 may 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 oktyabr 2019-cu il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1156 manatdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə cavabdehin tutulacaq alimentin onun əmək haqqının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulmasına dair xahişinə münasibətdə qeyd edir ki, qanunvericiliyin müəyyən etdiyi əsas şərtlərdən biri ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin edilən zaman dəyişdirilmiş alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(052)-197/2019 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-207/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-207/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver