Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-220/2025 22.01.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11600 (on bir min altı yüz) manat pul vəsaiti və 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonu, Qaradağlı kəndində yaşayır. Fərdi qaydada heyvandarlıqla məşğul olur. Goranboy rayonu Erkəc kəndində şəxsi ferması vardır. Həmin fermada 2025-ci ilin aprel ayında 256 ana qoyun, 106 baş isə quzusu olmuşdur. Cavabdeh 12 aprel 2025-ci il tarixdən etibarən onun fermasında çoban kimi işləmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Musa ona zəng edərək özünə İmişli rayonunda çoban kimi iş tapdığını və heyvanları sayıb ondan təhvil almalı olduğunu bildirmişdir. O da, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində fermaya getmiş, Musa ilə birlikdə heyvanları sayan zaman ümumilikdə 26 baş qoyunun əksik olmasını görmüşdür. Həmin 26 başdan 19 başı toğlu, 7 baş isə ana qoyun olmaqla Beyləqan qara dolaq cinsindən olmuş, çəkiləri isə 50-55 kq aralığında olmuşdur. O, heyvanları sayan vaxt 26 baş heyvanın aqibəti barədə Musadan soruşmuş, Musa isə ona heyvanların hamısını müxtəlif vaxtlarda satdığını bildirmişdir. Onun fermasında olan heyvanlara cavabdeh şəxs Musa olmuşdur. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, fərdi qaydada heyvandarlıqla məşğul olur. Goranboy rayonu Erkəc kəndinda yerləşən şəxsi ferması vardır. Cavabdeh 2025-ci ilin aprel ayından başlayaraq onun fermasında aylıq 500 manat əmək haqqı, aylıq çörək və aylıq 1 blok siqaret qarşılığında çoban kimi işləməyə başlamışdır. Ümumilikdə Musa 8 ay müddətində onun fermasında işləmişdir. Həmin vaxt Musa onun fermasında özündən yaşca xeyli böyük Zoya adlı bir qadın ilə birlikdə yaşamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Musa ona zəng edərək İmişli rayonunda yeni iş tapdığını, bundan sonra onun fermasında işləmək istəmədiyini bildirmişdir. O, səhhətində problem olduğu üçün həmin gün fermaya gedə bilməmişdir. Sonrakı gün fermaya gedərək Musa ilə birlikdə heyvanları sayan vaxt ümumilikdə 26 baş heyvanın əksik olduğunu aşkar etmişlər. Heyvanların aqibəti barədə Musadan soruşduqda Musa bu barədə məlumatı olmadığını ona bildirmişdir. O da, Musa barəsində polis və prokurorluq orqanlarına şikayət etmişdir. Həmin ərəfədə Musa ilə qeyri rəsmi yaşayan Zoya adlı qadın isə DİN 102 xidmətinə zəng edərək, özünün fermadan 56 baş qoyunu oğurlaması barədə məlumat vermişdir. Lakin bununla bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, Zoya bu addımı qadın olduğu üçün tutulmayacağını zənn etdiyi üçün Musanı müdafiə etmək məqsədi ilə atmışdır. Goranboy rayon prokurorluğunda izahatları alınmış, Musa məsuliyyəti öz üzərinə götürmüş və əksik gələn qoyunların dəyəri olan 11600 manat pulu ona işləyərək ödəməyə hazır olduğunu bildirmişdir. Razılıqlarına əsasən Musa aylıq 600 manat əmək haqqı qarşılıqda çoban olaraq onun fermasında qalıb işləməli, o isə hər ay Musaya ödəniləcək puldan 400 manat borcundan çıxmalı, Musaya isə 200 manat verməli olmuşdur. Bu barədə qəti olaraq razılığa gəldiklərindən prokurorluq orqanında araşdırma yekunlaşmışdır. Musa bundan sonra 1 ay müddət onun fermasında işləmiş, o da razılaşdıqları kimi Musaya həmin ay 200 manat ödəmiş, 400 manatı isə borcdan silmişdir. Lakin Musa növbəti aydan səhhətini bəhanə edərək onun yanında işləməkdən imtina etmişdir. O, Musaya bildirmişdir ki, ya razılaşdıqları kimi onun yanında işləməli, ya da ona vurduğu ziyanı tam şəkildə qaytarmalıdır. Lakin Musa ona olan borcunu verməkdən boyun qaçırmışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Musanın digər çoban Köçəri ilə danışığı heyvanların oradan satılması üçün aparılmış olduğunu deməyə əsas vermir. Belə ki, fermada heyvanlar mütəmadi olaraq seçilir və sayılır. Bundan başqa Musanın guya onu təhdid etməsi ilə bağlı dedikləri isə tam yalandır. Ümumiyyətlə Musa prokurorluq orqanında müstəntiqə izahat verən zaman otaqda onun yanında olmamış, otaqda yalnız Musa, onun anası və müstəntiq olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, 2025-ci ilin aprel ayından başlayaraq iddiaçıya məxsus fermada aylıq 500 manat əmək haqqı qarşılığında çobanlıq etməyə başlamışdır. O, işə başlayarkən iddiaçı onunla rəsmi əmək müqaviləsi bağlayacağı barədə üzərində öhdəlik götürsə də, buna əməl etməmişdir. Hətta bir neçə dəfə Süleymana bunu xatırlatsa da, nəticəsi olmamışdır. Süleyman özü isə qəssab işlədiyi üçün mütəmadi olaraq fermadan qoyunları kəsib satmaq üçün aparmışdır. O, iddiaçıya məxsus fermada qeyri-rəsmi münasibətdə olduğu Zoya adlı qadın ilə birlikdə yaşamışdır. Bir müddət işlədikdən sonra ona İmişli rayonunda yerləşən fermalardan birindən daha yüksək əmək haqqı ilə işi təklifi gəlmiş, o da təklifi qəbul etmişdir. Hətta həmin ferma sahibindən kartına avans olaraq 500 manat pul köçürülmüşür. Həmin gün Goranboy rayonunda yerləşən kafelərin birində içkili vəziyyətdə ictimai qaydanı pozduğu üçün polis əməkdaşları tərəfindən tutularaq şöbəyə aparılmış və bir gün şöbədə saxlanılmışdır. Bu zaman o, Süleymana zəng etmiş və ondan şöbədən çıxarılmasına köməklik göstərilməsini istəmişdir. Şöbədən çıxdıqdan sonra isə fermada olan digər çobandan eşitmişdir ki, o, polis şöbəsində olarkən fermada qoyunlar sayılaraq seçilmişdir. Daha sonra o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında iddiaçıya zəng edərək özünə İmişli rayonunda çoban kimi iş tapdığını, işdən ayrılmaq istədiyini və heyvanları sayıb ondan təhvil amalı olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı fermaya gəlmiş və onunla birlikdə heyvanları sayan vaxt ümumilikdə 26 baş xırda buynuzlu qoyunun əksik olduğunu bildirmişdir. O isə heyvanlardan xəbərdar olmadığını, oradan heyvan oğurlamadığını, heyvanların şöbədə olarkən seçilərək oradan aparıldığını demişdir. Belə ki, onun öz dəftərində yazdığı qeydlərınə əsasən heyvanların sayında əksiklik olmamışdır. Sonuncu dəfə qoyunların sayılıb seçilərək bazara satmaq məqsədilə aparıldığını və pulunun da iddiaçıya verildiyini desə də, iddiaçı bunu qəbul etməmişdir. Hesab edir ki, iddiaçının bu addımı atmasına səbəb, onun işdən çıxıb getmək istəməsi olmuşdur. Bundan sonra Süleyman onun barəsində şikayət etmiş, Goranboy rayon prokurorluğunda izahatları alınmışdır. Belə ki, izahatları alınmamışdan əvvəl Süleyman ona hədə-qorxu gəlmiş, onu qorxudaraq qoyunlarının dəyərini ona ödəməyəcəyi təqdirdə onu tutduracağını bildirmişdir. Bu səbəbdən izahat verərkən heyvanların dəyəri olan 11600 manatı ona işləyərək ödəyəcəyini boynuna götürmüşdür. Həmçinin şöbədə anasının səhəti pisləşdiyi üçün borcunun olduğunu etriaf etmişdir. Lakin Süleymanın heyvanlarının əksik gəlməsi ilə heç bir əlaqəsi yoxdur. Razılaşmalarına əsasən yenidən Süleymanın fermasında 1 ay və əlavə olaraq 1 həftə işləmiş, Süleyman da 400 manat pulundan çıxaraq ona 200 manat ödəmişdir. Qalıq 1 həftənin pulunu isə ona ödəməmişdir. Daha sonra səhhətində yaranan nasazlıqlar səbəbindən fermadan çıxmalı olmuşdur. Bundan sonra həmin fermada işləmək kimi bir niyyəti yoxdur. Çünki Süleymana heç bir borcu yoxdur. Həmçinin onun əlində digər çoban yoldaşı olan Köçəri ilə telefon danışığına dair səs yazısı vardır ki, həmin səsdə Köçəri etiraf edir ki, o, fermada olmayan zaman qoyunlar seçilərək sayılmışdır. Lakin Köçəri şəxsən məhkəməyə gələrək şahid kimi ifadə vermək istəməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, X1 etmiş olduğu müraciət əsasında toplanmış material üzrə hər hansı cinayət hadisəsinin olması, həmçinin göstərilənlərə əsasən hər hansı şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin və toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, İddiaçı ona dəymiş ziyanla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə vətəndaş X4 ***-***-**-** nömrə ilə DİN-in 102 xidmətinə zəng edərək, 2 ay əvvəl çoban işlədiyi Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən Namiq (Süleyman) adlı şəxsin fermasından 56 baş qoyun oğurladığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Paşayev X2 rayon prokurorluğunda verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı fermasında ona məxsus heyvanlara nəzarət edən zaman ümumilikdə yoxa çıxaraq itmiş 26 baş qoyunu oğurlamamışdır. Münasibəti olan qadın Zoya Buratçın DİN-in 102 xidmətinə zəng edərək yalandan 56 baş qoyun oğurlamasını deməkdə məqsədi onu müdafiə etmək olmuşdur. Halbuki heyvanları nə Zoya, nə də o oğurlamışdır. Hazırda Süleyman ilə aralarında olan razılmaşmaya əsasən 26 baş qoyuna görə ümumilikdə 11600 manatı Süleymanın yanında işləyərək ayda 400 manatdan ödəyəcəkdir. Buna səbəb heyvanların faktiki onun nəzarətində olan zaman itməsidir. Süleymana dəymiş ziyanı ödəməyə razıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazısından müəyyən edilir ki, Musa onunla birlikdə fermada işləmiş Köçəri adlı şəxs ilə telefon danışığı aparmış, köçəri tarixini dəqiq xatırlamasa da, fermada heyvanların seçilərək sayıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, razılaşmaya əsasən Cavabdeh İddiaçı məxsus fermada olan xırdabuynuzlu heyvanlara nəzarət etməli, İddiaçı isə bunun müqabilində Cavabdeh muzd ödəməli olmuşdur. Musa 2025-ci ilin aprel ayından başlayaraq fermada işləmiş və Süleymana məxsus heyvanlara nəzarət etmişdir. 2025-ci ilin oktyabr ayında tərəflər arasında heyvanların sayımı keçirilən zaman 26 baş heyvanın əksik olması müəyyən edilmişdir. Süleymanın şikayəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılmış, bu zaman Musa çatışmayan qoyunların pulunu Süleymana ödəməyə hazır olduğunu, bu məqsədlə ona məxsus fermada işləyərək hər ay maaşından 400 manatın tutlmasına etiraz etmədiyini bildirmişdir. Musa bir ay fermada işlədikdən sonra isə işləməkdən imtina etmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 26 baş heyvanın dəyəri olan 11600 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir və qeyd edir ki, o, Goranboy rayon prokurorluğunda vermiş olduğu izahatı Süleymanın təzyiqi altında vermişdir. Belə ki, Süleyman onu tutduracağı ilə qorxutmuş, həmçinin anasının səhhəti pisləşdiyi üçün məcburiyyət qarşısında qalaraq ona 11600 manat borclu olduğunu etiraf etmiş və həmin məbləği ona ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin eyni səbəbdən məcbur qalaraq Süleyman ilə onun fermasında işləyərək hər ay maaşından 400 manat ödəyəcəyi ilə bağlı razılıq əldə etmişdir. Əslində isə heyvanların əksik gəlməsinin ona heç bir aidiyyəti yoxdur və o, heyvanları oğurlamamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Goranboy rayon prokurorluğunda etirafedici izahatlar verdikdən sonra, əlavə olaraq iddiaçı ilə razılaşmalarına əsasən ona məxsus fermada bir ay işləmiş, hətta iddiaçıya olan borcundan 400 manat pul vəsaiti ödəmişdir. Belə olan halda cavabdehin iddiaya etiraz edərək “etirafedici izahatı iddiaçının təzyiqi ilə vermişəm” bildirməsi inandırıcı səslənmir. Həmçinin cavabdeh buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh sübut kimi təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı məxsus fermada işləmiş Köçəri adlı şəxsin səs yazısında “heyvanlar seçilərək sayılmışdır” bildirməsi iddianın əsaslı olmasını aradan qaldırmır. Odur ki, həmin səs yazısı mümkün sübutetmə vasitəsi hesab edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edildi ki, tərəflər arasında 11600 manat pulun ödənilməsi barədə razılqı əldə edildikdən sonra, iddiaçı cavabdehə fermasda işlədiyi üçün ödəməli olduğu 600 manat puldan 200 manat ödəmiş, 400 manatını isə borcundan silmişdir. Belə olan halda hazırda ödənilməli məbləğin 11600 manat deyil, 11200 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 11200 manat pul vəsaiti və iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq 123.60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11200 manat pul vəsaiti və 123.60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(052)-220/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-220/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver