Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-244/2023 14.11.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X16 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 avqust 2013cü il təvəllüdlü X11 adlı övladlarının saxlanması üçün Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(052)-94/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq 220 manat alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 11 fevral 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 04 avqust 2013-cü il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2018ci il tarixli, 2(052)-94/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər ay uşağın saxlanması üçün 100 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda ailənin bütün yükü tək ana kimi onun üzərindədir. Uşağı hazırlığa gedir. Məktəb xərcləri çox olduğundan onun tələbatını ödəməyə imkanı çatmır. Cavabdehin ödədiyi məbləğ isə bugünkü vəziyyətlə əladəqdar olaraq uşağın ehtiyaclarını ödəmir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, əvvəlki qətnamə ilə uşağın saxlanması üçün təyin edilmiş 100 manat məbləğ çox aşağıdır. O, hazırda xəstəxanada qeydiyyatçı işində işləyir və onun aylıq əmək haqqı 427 manat təşkil edir. Uşağın hazırda 11 yaşı vardır və 5-ci sinifdə oxuyur. Əvvəllər maddi vəziyyəti ilə əlaqədar məhkəmədə alimentin artırılması barədə iddia qaldırmağa ehtiyac duymamışdır. Lakin hazırda uşaq böyüdüyü və maddi tələbatları artdığı üçün iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, daimi iş yeri yoxdur. Bununla bağlı məhkəməyə arayış təqdim etmişdir. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla aylıq maksimum 350-450 manat məbləğində pul qazanır. Həmçinin nəzərə alınmalıdır ki, o, ikinci dəfə ailə qurmuşdur və evliliyindən bir nəfər 5 yaşlı uşağı vardır. Yaxın zamanda isə daha bir övladı dünyaya gələcəkdir. Hazırda iddianın qismən təmin edilərək 150 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Lakin daha çox miqdarda müəyyən ediləcəyi təqdirdə ödənişləri tam şəkildə edə bilməyəcəkdir. Belə ki, o, bir ailə başçısı olaraq yeni qurduğu ailəsinin də ehtiyaclarını ödəməlidir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 04 avqust 2013-cü il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X3 göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(052)-94/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında 11 fevral 2012-ci il tarixdə Naftalan Şəhər Qeydiyyat şöbəsində 05 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, xx.xx.2013-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir; Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 04 noyabr 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 2505 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şərifova soyadı verilmişdir; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 16 avqust 2019-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X9 göstərilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X1 Filialı tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” alt sistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman dəyişdirilmiş alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(052)-94/2018 saylı qətnaməsi ilə 04 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(052)-244/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-244/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver