Məhkəmə qərarları › İş №2(052)-25/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-25/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-25/2025 25.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı «X5 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X5 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X5 Azərbaycan» QSC-nin xeyrinə 18714.86 manat əsas, 1739.20 manat faiz, 120.98 manat cərimə olmaqla, cəmi 20575.04 manat pul vəsaitinin və 151.72 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə «X5 Azərbaycan» QSC və Cavabdeh arasında 301507 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 19000 (on doqquz min) manat məbləğində pul ayrılmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh ona ayrılmış kredit məbləğini 48 (qırx səkkiz) ay müddətində illik 16 % (on altı) faiz dərəcəsi olmaqla razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə «X5 Azərbaycan» QSC-yə 18714.86 manat əsas, 1739.20 manat faiz, 120.98 manat cərimə borcu olmaqla, cəmi 20575.04 (iyirmi min beş yüz yetmiş beş manat dörd qəpik ) manat borcu yaranmışdır. İddiaçı «X5 Azərbaycan» QSC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq işə onların iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 301507 saylı kredit müqaviləsindən görünür ki, ona xx.xx.2028-ci il tarixinədək, 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 19000 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «X5 Azərbaycan» QSC tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 18714.86 manat əsas, 1739.20 manat faiz, 120.98 manat cərimə borcu olmaqla, cəmi 20575.04 manat məbləğindədir. İş materiallarında olan «X5 Azərbaycan» QSC-in Problemli Kredit Əməliyyatları üzrə aparıcı mütəxəssisi Ayşən Məmmədova tərəfindən 13 fevral 2025-ci il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş SMS məlumatının çıxarışından görünür ki, Cavabdeh banka pretenziya məktubu üzrə 18714.86 manat əsas, 1194.14 manat faiz, 41.17 manat cərimə borcunun olduğu bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18714.86 manat əsas, 1194.14 manat faiz, 41.17 manat cərimə borcu olmaqla, cəmi 19950.17 manat məbləğində pul vəsaiti (pretenziyada qeyd edilən məbləğlərə əsasən) və 151.72 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X5 Azərbaycan» QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18714.86 manat əsas, 1194.14 manat faiz, 41.17 manat cərimə borcu olmaqla, cəmi 19950.17 manat pul vəsaiti və 151.72 manat dövlət rüsumu tutularaq iddiaçı «X5 Azərbaycan» QSC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar