Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-26/2023 30.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 (dörd yüz əlli) manat pul vəsaitinin və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehi əvvəllər tanımış, ailəvi münasibətləri olmuşdur. Cavabdeh 2021-ci ilin oktyabr ayında ona müraciət edərək pul lazım olduğunu bildirmişdir. Tezliklə qaytaracağına söz verərək ondan əvvəlcə 100 manat, sonra 300 manat, daha sonra isə 50 manat, cəmi 450 manat borc pul almışdır. Bu barədə ona yazılı qəbz də vermişdir. Cavabdeh aldığı pulu 2021-ci ilin noyabr ayının sonuna qədər qaytaracağına söz vermişdir. Artıq 2022-ci ilin dekabr ayıdır. Cavabdeh bu müddətdə ondan aldığı borc pulu qaytarmamışdır. O, dəfələrlə verdiyi borc pulu cavabdehdən istəsə də hər dəfə tezliklə qaytaracağına söz versə də sonda müxtəlif bəhanələr gətirərək qaytarmaq istəmir. O, hətta cavabdehin bu hərəkətlərindən polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən ona bildirmişlər ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, ondan borc aldığı 450 manat pul məhkəmə qətnaməsi əsasında cavabdehdən alınaraq ona verilsin. Cavabdeh pulunu könüllü vermək istəmədiyi üçün məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, cavabdeh ondan qeyd edilən məbləği borc almış, lakin cavabdeh almış olduğu borcu iddiaçıya qaytarmamışdır. Həmçinin o, ödəmiş olduğu dövlət rüsumunu da cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh 100 manat İddiaçı borc aldığını etiraf etmiş və 15 noyabr 2021-ci il tarixdə qaytaracağını qeyd etmişdir. Əlavə olaraq 50 manat və yenidən 300 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənəşdirilmiş pul məbləğini Cavabdeh borc vermiş, cavabdeh isə almış olduğu həmin məbləğin ona verilmiş olduğuna dair yazılı qəbz imzalamışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vermiş olduğu məbləğin geri qaytarılmasını ondan tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də iddianı tam əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(052)-26/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-26/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver