Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-29/2024 13.02.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 (dörd min beş yüz) manat məbləğində borcun və 66 (altmış altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin avqust ayında ondan 4500 (dörd min beş yüz) manat borc pul istəmiş, o da , Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pul vermişdir. Cavabdeh ondan borca pul götürdüyü vaxt, yəni həmin tarixdə borca pul alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, borca aldığı 4500 (dörd min beş yüz) manat pulu 3 (üç) aya qaytaracaqdır. Cavabdeh əvvəllər də, ondan borca pul götürmüş və vaxtında qaytarmışdır. Lakin Cavabdeh sonuncu dəfə, yəni 2023-cü ilin avqust ayında borca götürdüyü 4500 (dörd min beş yüz) manat puldan bir manat belə qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavbdeh hazırda “N” saylı hərbi hissədə işləyir, yüksək əmək haqqı alır və ondan aldığı 4500 (dörd min beş yüz) manat borc pulu qaytarmağa imkanı vardır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə elektron formada ərizə ünvanlayaraq bildirmişdir ki, gözündən əməliyyat olunduğu və hazırda müalicə aldığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. İddianı müdafiə edir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 31 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh onun yaşadığı Beyləqan rayonunda yerləşən hərbi hissədə işləyir. Onunla uzun müddətdir yaxın münasibətləri vardır. Əvvəllər cavabdeh ondan bir neçə dəfə pul aldığına görə ona inamı tam olmuşdur. Bu səbəbdən cavabdeh 2023-cü ilin avqust ayında ondan 4500 manat məbləğində borc pul istəyərkən ona güvənmiş və borc vermişdir. Bu zaman cavabdeh aldığı borc məbləğini 3 ay müddətində ona qatarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddət ərzində cavabdeh ona borcundan heç bir məbləğ qaytarmamışdır. 31 yanvar 2024 tarixdə keçirilən məhkəmənin hazırlıq iclasının gedişatında Cavabdeh ilə telefon rabitə vasitəsi ilə əlaqə saxlanılmış və iddiaya dair münaibəti soruşulmuşdur. Bu zaman cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılıq qəbz həqiqətən də, onun tərəfindən imzalanmışdır. İddiaçı ona əslində 4500 manat deyil, daha az pul məbləğlərini faizə vermişdir. Belə ki, iddiaçıdan ilk olaraq 2000 manat, daha sonra isə 500 manat faiz ilə borca pul götürmüşdür. Lakin iddiaçı ona qəbzi 4500 manat məbləğində yazdırmışdır. Qəbzi imzalamaqla səhv addım atdığını bilir. Hazırda onun iddiaçıya cəmi 2500 manat borcu vardır və iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh 4500 manat məbləğində pul vəsaitini İddiaçı borc almış və borcunu 3 ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsinin imperativ tələbinə əsasın qeyd olunan müqavilə yazılı formada bağlanılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış yazılı qəbz ilə cavabdehin iddiaçıdan 4500 manat məbləğində pul almış olması öz təsdiqini tapır. Cavabdeh isə hazırda iddiaçıya cəmi 2500 manat məbləğində borcunun olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 4500 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehin iddiaçıdan 4500 manat pul almış olması yazılı qəbzə əsasən öz təsdiqini tapmışdır. Odur ki, tərəflər arasında bağlanmış 4500 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 4500 manat pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu cavabdehə adi edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul vəsaiti və 66 (altmış altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(052)-29/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-29/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver