Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-3/2023 12.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-in nümayəndəsi X1 iştirakı ilə. Ləğv prosesində olan İddiaçı1 ASC-in cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı1 ASC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmrinə əsasən Goranboy rayonu, Qasımbəyli kəndində yaşayan Cavabdeh1 və ünvan 1 ünvanında yaşayan Cavabdeh2 müştərək qaydada 3510 ABŞ dolları əsas kredit borcu, 746 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı1 ASC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 həmin əmrə etiraz edərək əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(045)-2094/2021 saylı qərardadı ilə etiraz təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmışdır. Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(045)-251/2022 saylı qərardadına əsasən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Mülki iş Naftalan Şəhər Məhkəməsinin icraatında olan zaman kredit müqaviləsi üzrə əsas borclu (cavabdeh) Cavabdeh1 09 yanvar 2019-cu il tarixdə “ürəyin dayanması” səbəbindən ölməsi müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov 20 iyul 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh1 onun hüquqi varisi Naftalan şəhəri, Qasımbəyli kəndində qeydiyyatda olan Cavabdeh3 ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə təmin edilərək Cavabdeh1 hüquqi varisi Cavabdeh3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı1 ASC-nun “Goranboy” filialı ilə Cavabdeh1 arasında xx.xx.2016ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 30 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə, 3510 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüş olsa da, buna əməl etməmişdir. Həmçinin mülki işin gedişatı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 2019-cu ildə ölmüşdür. Sorğu əsasında isə müəyyən edilmişdir ki, 2019-cu ildə vəfat etmiş Cavabdeh1 adına Tərtər rayonu notariat ofisində vərəsəlik işi açılmış və mərhumun arvadı Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə ilə Cavabdeh3 mərhumdan qalmış fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirası qəbul etmişdir. Odur ki, iddianın təmin edilərək mövcud borc məbləğinin müştərək qaydada həm hüquqi varis kimi Cavabdeh3, həm də zamin Cavabdeh2 tutularaq iddiaçı təşkilata ödənilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASCnin “Goranboy” filialı ilə Cavabdeh1 arasında bağlanmış bu müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə, 3510 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir; İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cu il tarixli, AZ- İ№959123 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 09 yanvar 2019-cu ildə ölmüşdür; Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh1 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153.7 kvm olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Cavabdeh3 qanun üzrə vərəsə kimi tam hissədə pay verilmişdir. Azərbaycann Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, mərhum Cavabdeh1 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun hüquqi varisi Cavabdeh3 münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Həmçinin həmin qərar ilə yekun olaraq bu nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müvafiq normasına əsasən zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla dəqiq müəyyən edildiyndən və əsas borclunun ölümü zaminin öhdəliklərinin xitamına əsas vermədiyindən digər Cavabdeh2 münasibətdə də iddia tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaiti (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə) və 20 (iyirmi) manat dövlət rüsumu tutlaraq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-3/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-3/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver