Məhkəmə qərarları › İş №2(052)-43/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-43/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-43/2024 14.03.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tutulan alimentin miqdarının 120 manatdan sabit pul məbləği ilə 235 manat məbləğinə qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə faktiki nigahlarından xx.xx.2016-cı ildə Alıhüseynova Gülsəfa adlı övladları dünyaya gəlmişdir. Gülsəfa halhazırda onun himayəsindədir. Cavabdehlə mübahisələri olduğu üçün 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar və 2019-cu ildə Naftalan Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər ay 120 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Keçən müddət ərzində uşaqların yaşayış minimumu 4 dəfə qalxmışdır. Lakin o, təyin olunan alimentin miqdarının qaldırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu gün hər şeyin qiyməti qalxmış və o, alimentin miqdarını 2024-cü il üçün uşaqların yaşayış minimumu həddinə, yəni 235 manat məbləğinə qaldırılmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iş yeri vardır və o, sabit pul məbləği ilə 235 manat alimenti ödəmək iqtidarındadır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirdi ki, əvvəlki qətnamə ilə uşağın saxlanması üçün təyin edilmiş 120 manat məbləğ çox aşağıdır. İddiaçı 5 il ərzində alimentin qaldırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir, lakin hazırda uşaq böyüdüyü və maddi tələbatları artdığı üçün iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh isə qaz idarəsində işləməklə daimi əmək haqqı alır. Həmçinin cavabdehin başqa gəlir yerləri də vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, ikinci dəfə ailə qurmuş və evliliyindən iki nəfər azyaşlı uşağı olmuşdur. Hazırda əvvəlki qətnamə ilə müəyyən edilmiş 120 manatın artırılaraq 150 manat edilməsinə etiraz etmir. Çünki, bir ailə başçısı olaraq yeni qurduğu ailəsinin də ehtiyaclarını ödəmək məcburiyyətindədir. Daimi iş yeri olsa da, qazancı hər ay standart olmur. Belə ki, ona ödənilən əmək haqqının məbləği ay ərzində mövcud rəsmi iş günlərinin sayından asılı olaraq dəyişir. Hər ay ödənilən alimentin məbləği çıxıldıqdan sonra 500 manat civarında əmək haqqı alır. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası 1 saylı Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 yanvar 2016-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, onun ata qrafasında atası X8, ana qrafasında isə anası X6 göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(052)-85/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Goranboy rayonunda X6 tərəfindən doğulmuş - 01 yanvar 2016-cı il təvəllüdlü Gülsəfanın atası olması müəyyən edilmiş, 01 yanvar 2016-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 aprel 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman dəyişdirilmiş alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(052)-85/2019 saylı qətnaməsi ilə 01 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar