Məhkəmə qərarları › İş №2(052)-43/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-43/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-43/2025 03.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə verilmiş malların dəyəri olan 4220 (dörd min iki yüz iyirmi) manat, borc verilmiş 24000 (iyirmi dörd min) manat və ödənilmiş 312.20 manat (üç yüz on iki manat iyirmi qəpik) dövlət rüsumu olmaqla, cəmi 28532.20 manat (iyirmi səkkiz min beş yüz otuz iki manat iyirmi qəpik) pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, «X4 Tədris Mərkəzi» MMC-nin təsisçisi Cavabdeh həmin cəmiyyətin fəaliyyət göstərdiyi binanı təmir etdirərkən ondan 2021-ci ilin sentyabr ayından başlayaraq tikinti materialları almağa başlamış və beləliklə tanışlıqları yaranmışdır. (bəzi mötəbər adamlar cavabdehi ona tərifləmiş və narahat olmamasını, cavabdehin ona olan borcunu geri verəcəyini bildirmişlər). Cavabdeh ondan bir neçə dəfə tikinti materialları aldıqdan sonra onlar arasında yaranmış səmimi münasibətdən, yəni onun cavabdehə qoyuduğu hörmətdən istifadə edərək, ondan nisyə mal və borc pul almağa başlamışdır. Cavabdeh ona bildirmişdir ki, çox böyük bir iş görür, həmin işi başa çatdırdıqdan sonra yaxşı qazanc əldə edəcək və ona olan borcunu hər ay ən azı 1000-2000 manat olmaqla hissə-hissə qaytaracaqdır. Bir az işləri yaxşı getdikdən sonra, yəni digər borclarını bitirdikdən sonra isə bankdan kredit götürərək qalan borcunu da, tam şəkildə ona ödəyəcəkdir. Lakin cavabdeh bir neçə ildir işini görüb qurtarmasına, fəaliyyət göstərərək qazanc əldə etməsinə baxmayaraq, ondan aldığı nisyə malların dəyərini, həmçinin borc aldığı pulları müxtəlif bəhanələr gətirərək və yalan vədlər verərək qaytarmamışdır. Beləliklə Cavabdeh 4220 manatlıq nisyə aldığı malların pulunu və 24000 manat aldığı borc məbləğləri olmaqla, ümumilikdə 28220 manat borcu ona qaytarmamışdır. Bu səbəbdən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Goranboy rayonunda yerləşən magazasında təmir-tikinti materiallarının satışı ilə məşğuldur. Cavabdehi isə əvvəllər tanımamışdır. Cavabdeh 2021-ci ilin sentyabr ayında onun işlədiyi mağazaya yaxınlaşmış və Naftalan şəhərində tibbi təlim və ingilis dili üzrə tədris mərkəzi açmaq istədiyini, bu məqsədlə mərkəzin fəaliyyət göstərəcəyi binanı təmir etdirmək istədiyini ona demişdir. İlk olaraq cavabdeh təmir məqsədi ilə aldığı malların dəyərini ona tam şəkildə ödəmişdir. Daha sonra cavabdeh əlində yetəri qədər vəsait olmadığını, bu səbəbdən ondan tikinti mallarını nisyə almaq istədiyini demiş, o da, cavabdehə inandığı üçün təkliflə razılaşmışdır. Həmin ərəfədə cavabdeh ondan nisyə olaraq 4220 manat dəyərində material almışdır. Həmçinin cavabdeh borc pula ehtiyacının olduğunu demiş və tədris mərkəzi fəaliyyətə başlayan kimi geri qaytaracağını söz verərək ondan 2021-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin may ayının 27 kimi hissə-hissə olmaqla ümumilikdə 24000 manat borc pul almışdır. Həmin məbləğlər ayrı-ayrılıqda 9500, 3780, 2500, 2550, 500, 500, 500, 500, 1500, 280, 230, 300, 360 və 1000 manatdan ibarət olmuşdur. Cavabdeh söz vermişdir ki, tədris mərkəzi fəaliyyətə başladıqdan dərhal sonra bankdan təhsil krediti götürəcək və ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Lakin cavabdeh razılaşmalarına əməl etməmişdir. Bundan sonra o, mütəmadi olaraq cavadehdən ona olan borclarını istəsə də, cavabdeh müxtəlif bəhanələr ilə borcunu qaytarmaqdan yayınmış və qeyd edilən borcdan ona heç bir məbləğ qaytarmamışdır. Bu səbəbdən ilk olaraq Goranboy rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh orada izahat verərək borclarını etiraf etmiş və borcunu gələcəkdə hissə-hissə olmaq şərti ilə qaytaracağını bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh barəsində Goranboy rayon prokurorluğuna etmiş olduğu şikayəti əsasında toplanmış materialda olan Cavabdeh tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 28220 manat borcunun olduğunu və borcunu hissə-hissə ödəyəcəyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı nisyə malın dəyəri və borc pul olaraq ümumilikdə 28220 manat pul götürdüyünü qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin müqavilələrdən əmələ gələn öhdəliklər bölməsinə uyğun olaraq alğı-satqı (nisyə), borc müqaviləsi və əsassız varlanmaya dair müddəaları təşkil edə bilər. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, eləcədə iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında ilk olaraq şərtləri şifahi formada razılaşdırılmış nisyə alğı-satqı münasibətləri yaranmış, iddiaçı ümumi dəyəri 4220 manat olan müəyyən təmir materiallarını müxtəlif vaxtlarda cavabdehə nisyə satmış, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin o da müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi formada razılaşdırılmış borc münasibətləri yaranmış, iddiaçı müxtəlif vaxtlarda ümumilikdə 24000 manat pul vəsaitini cavabdehə borc olaraq vermiş, cavabdeh isə aldığı pul vəsaitlərini iddiaçıya tam şəkildə geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərində götürmüş olduğu öhədliklərini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli və ondan nisyə satılmış malların dəyəri olan 4220 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında 2500, 2550, 500, 500, 500, 500, 1500, 280, 230, 300, 360 və 1000 manat pul vəsaitlərin verilməsinə dair yaranmış münasibətlər borc, 9500 və 3780 manat vəsaitlərin verilməsinə dair yaranmış münasibətlər isə üç min manatdan çox olan borc müqaviləsinin yazılı formasına riayət olunmadığı üçün əsassız varlanmaya dair müddəalar əsasında həll olunmalı və ümumilikdə 24000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 312.20 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tam təmin edildiyindən həmin məbləğ cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4220 manat nisyə satılmış malların dəyəri, 24000 manat borc verilmiş pul vəsaiti və 312.20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 28532.20 (iyirmi səkkiz min beş yüz otuz iki manat iyirmi qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar