Məhkəmə qərarları › İş №2(052)-51/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-51/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-51/2023 21.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «vurulmuş zərər» tələbinə dair iddiası üzrə mülki işə Naftalan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilk olaraq cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə su sızması nəticəsində vurulmuş ziyana görə 1500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinə su sızması nəticəsində dəymiş zərərə görə 1500 manat, su çəninin dəyəri olan 100 manat və ödədiyi 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Mənzili təmirlidir. Üst mərtəbədə isə cavabdehin mənzili yerləşir. Cavabdehə məxsus mənzildən onun yaşadığı mənzilə dəfələrlə su axıdılmış və bu səbəbdən mənzil yararsız hala düşmüşdür. Hər dəfə cavabdehə bu barədə bildirsə də, su sızma hallarının qarşısı alınmamışdır. Hər dəfəsində xərc çəkərək mənzili yenidən təmir etdirmək məcburiyyətində qalmışdır. Mənzilinin dəhlizi, qonaq otağı, mətbəxi, hamam və tualeti yararsız vəziyyətə düşmüşdür. İndiyədək təmirə 500 manat xərc çəkmişdir. Mənzildə hazırda yenidən təmir işlərinin görülməsinə ehtiyac vardır və bunun üçün 1000 manat xərc tələb olunur. Həmçinin cavabdeh tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi zamanı ona məxsus bir ədəd 350 litr həcmdə 100 manat dəyəri olan plastik su çəni də deşilərək yarasız hala düşmüşdür. Naftalan Şəhər 2 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları 04 may 2022-ci il tarixdə onun müraciəti əsasında gəlib mənzilə baxış keçirmiş və cavabdehə məxsus mənzildən onun yaşadığı mənzilə su axıdılması barədə akt tərtib etmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə içlasında iddiaçı X2 izahat verərək bildirdi ki, cavabdehin mənzilindən uzun müddət onun mənzilinə su axıdılması nəticəsində ona ümumilikdə 1500 manat zərər dəymişdir. Bundan başqa cavabdeh öz evini təmir etdirərkən ona məxsus plastik su çənini də zədələyərək yarasız hala salmışdır. Su çəninin dəyəri də 100 manat təşkil edir. Odur ki, cavabdehdən həm dəymiş ümumu ziyan məbləğini, həm də ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun alt qonşusudur. Lakin iddiaçının mənzilinə onun tərəfindən su axıdılmamışdır. Belə ki, daha əvvəl onun üst qonşusunun mənzilindən onun mənzilinə, onun mənzilindən isə alt qonşu olan iddiaçının mənzilinə su sızmışdır. Ola bilsin ki, iddiaçının mənzilinə dəymiş zərər həmin sızma zamanı dəymişdir. Bu sızmaya isə o cavabdeh deyildir. Həmçinin binanın istilik sisteminin verilməsi zamanı da, boruda olan nasazlıq səbəbindən onun mənzilindən az miqdarda su iddiaçının mənzilinə axmışdır. Lakin həmin axıntı zamanı ümumilikdə bir neçə qram su axdığından iddiaçının mənzilinə zərər vuracaq dərəcədə olmamışdır. Plastik su çəninin zədələnməsindən isə ümumiyyətlə xəbəri yoxdur. Belə ki, bu iddiaçının ona atdığı böhtandır. Qeyd edilən hadisə ümumiyyətlə baş verməmişdir. Həmçinin ekspert rəyi ilə də razı deyildir. Çünki iddiaçının mənzilinə dəyən zərərin onunla heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. 04 may 2022-ci il tarixli Naftalan şəhər 2 saylı Mənzil İstismar Sahəsinin rəis əvəzi F.A.Ağayev, pasport qeydiyyatçısı N.Cəfərova, fəhlə X4, Naftalan şəhər İ.Həsənzadə küçəsi, 22 nömrəli evin, 32 nömrəli mənzilində yaşayan X6 və Naftalan şəhəri,İ.Həsənzadə küçəsi bina 22, mənzil 30-da yaşayan İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, üst qonşunun mənzilindən mənzil qış istilik sisteminə keçən zaman su axıdılmış və qonşunun mənzilininin qonaq otağını, tavanın bir hissəsini islatmışdır. Həmçinin mənzilə baxış keçirilən zaman əvvəlki tarixlərdə hamam otağından sızan suyun mətbəx və hamam otağının üst tavanını islatdığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 yanvar 2023-cü il tarixli, 10/6031 nömrəli rəydə qeyd edilmişdir ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 22 ünvanında yerləşən 30 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitariya-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçdikdən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 30 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin ünvan 3 ünvanında yerləşən 30 saylı mənzillərin divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan Naftalan Şəhər 2 saylı MİS işçiləri tərəfindən 30 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin üst mərtəbəsində yerləşən 32 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 1 saylı mənzilində su sızması nəticəsində əmələ gəlmiş qüsurlarının aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun 289,0 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X5 məxsus ünvan 2-dən İddiaçı məxsus ünvan 1-a suyun axıdılması nəticəsində sonuncunun mənzilinə 289,0 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması aşağıdakı ünsürlərin məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə cavabdehin iddiaya dair etirazında iddiaçının mənzilinə sızmış suyun onun tərəfindən deyil, mənzilinin üst mərtəbəsində yaşayan qonşunun mənzilindən sızmasını və daha sonra isə onun mənzilindən iddiaçının mənzilinə sızmış olduğunu qeyd etmiş olmasını əsaslı hesab etmir. Belə ki, əgər cavabdehin üst qonşusunun mənzilindən onun mənzilinə su axıdılması halı daha əvvəldən mövcud olmuşdursa, o bu barədə qonşusuna xəbərdarlıq etməklə qeyd edilən halın qarşısını almağa cəhd göstərməli idi. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməklə yanaşı, nə iddiaçı məhkəməyə müraciət edənə qədər, nə də bundan sonra iddia etdiyi kimi üst qonşusunun təqsirli hərəkətləri nəticəsində onun mənzilinə, onun mənzilindən isə iddiaçının mənzilinə axıdılan suyun qarşısını almaq üçün hər hansı bir addım atmamışdır. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin evindən su sızması nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Odur ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə uyğun həll edilməli və rəydə göstərilən zərərin həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının zədələnərək yararsız hala salınmış su çəninin dəyərinin cavabdehdən tələbinə münsibətdə qeyd edir ki, həmin çənin mövcudluğu və cavabdeh tərəfindən yararsız hala salınmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 289 (iki yüz səksən doqquz) manat ziyan məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar