Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-54/2023 14.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X21 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkil) X5 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 13 iyul 2005-ci il təvəllüdlü X6, 30 iyun 2006-cı il təvəllüdlü X4, 10 fevral 2009-cu il təvəllüdlü X2 və 21 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 1000 (min) manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsinə əsasən 13 iyul 2005-ci il təvəllüdlü X12, 30 iyun 2006-cı il təvəllüdlü X10, 10 fevral 2009-cu il təvəllüdlü X9 və 21 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən hər uşaq üçün 90 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda 90 manat aliment məbləği ilə uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqların gündəlik tələbatları çoxalır. Cavabdeh uşaqlara əlavə heç bir köməklik göstərmir. O, özü işsizdır. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur və aylıq qazancı çox yüksəkdir. Cavabdeh sanatoriya işlədir və bundan başqa mağazalara pivə paylamaq fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, sonuncu dəfə alimentin məbləği təyin edilən vaxtdan 5 il müddət keçmişdir. Hazırda hər uşaq üçün təyin edilmiş 90 manat məbləğ isə çox aşağıdır. Cavabdeh aliment pulundan başqa uşaqların saxlanılmasında ona heç bir köməklik etmir. Dörd nəfər uşağın bütün problemləri onun üzərindədir. Halbuki cavabdeh Naftalan şəhərində hər kəs tərəfindən tanınan bir sahibkar olmaqla yetəri qədər pul qazanır. Cavabdehin Naftalan şəhərində yerləşən və normal fəaliyyət göstərən özünəməxsus sanatoriyası vardır. Bundan başqa cavabdeh region üzrə də pivə satışını həyata keçirir. Cavabdeh onunla ayrıldıqdan sonra ikinci dəfə də ailə həyatı qurmuş və həmin nikahdan bir nəfər uşağı vardır. Əslində cavabdehin əsl məqsədi az məbləğdə aliment ödəməklə azyaşlı uşaqlarını daimi özündən asılı saxlamaq, özünə möhtac etməkdir. Əks halda iddia ərizəsində qeyd edilən məbləğ cavabdeh üçün çox kiçik bir məbləğdir. Həmçinin böyük oğlu Cavadın bir neçə ay sonra 18 yaşı tamam olacaqdır ki, bu zaman onun üçün ödəniləcək aliment məbləği də dayanacaqdır. Lakin uşaq yetkinlik yaşına çatmış olacağı təqdirdə də, onun himayəsində qalacaq və yenə uşağın problemləri onun üzərində olacaqdır. Odur ki, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) X13 izahat verərək bildirdi ki, cavabdeh iddianı qismən qəbul edir. İddia ərizəsində tələb edilən məbləğ hədsiz yüksək olduğundan onu qəbul etmir. İddiaçının isə iddianın əsası kimi qeyd etdiyi hallar tam əsassızdır. İlk olaraq qeyd olunmalıdır ki, uşaqların saxlanılmasında iştirak etmək hər iki valideynin borcudur. Cavabdeh də bir ata kimi müəyyən edilmiş alimentin miqdarını tam şəkildə ödəyir. Hazırda əvvəlki qətnamə ilə hər uşaq üçün tutulması müəyyən edilmiş 90 manat alimentin miqdarının artırılaraq 110 manat edilməsinə etiraz etmir. Həmçinin cavabdeh iddiaçı ilə boşandıqdan sonra X3 adlı qadın ilə rəsmi ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 adında uşağı vardır. Bundan başqa Cavabdeh hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, cavabdeh fiziki şəxs kimi fəaliyyətini dayandırmışdır. Həmçinin o, işsiz kimi Məşğulluq mərkəzində də qeydiyyata alınmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 579523 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 13 iyul 2005-cı il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 717740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 iyun 2006-cı il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 203862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 fevral 2009-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 579523 saylı doğum haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X14 21 noyabr 2014-cü il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsinin surətindən görünür ki, 13 iyul 2005-ci il təvəllüdlü X12, 30 iyun 2006-cı il təvəllüdlü X10, 10 fevral 2009-cu il təvəllüdlü X9 və 21 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 90 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV№ 649844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X3 göstərilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********413800 №-li məktubundan görünür ki, Cavabdeh (VÖEN : **********) fiziki şəxs kimi fəaliyyətini dayandırmışdır. X1 Sistemindən əldə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsi ilə 13 iyul 2005-ci il təvəllüdlü X6, 30 iyun 2006-cı il təvəllüdlü X4, 10 fevral 2009-cu il təvəllüdlü X2 və 21 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-54/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-54/2023
14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver