Məhkəmə qərarları › İş №2(052)-67/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-67/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-67/2023 18.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1710 manat məbləğində pulun və ödəmiş olduğu 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, 10 noyabr 2021-ci il tarixdə 2020 manat dəyərində olan 583 əyarlı, 7.4 qram çəkidə olan qızıl qolbağ və 585 əyarlı, 10.69 qram çəkidə olan qızıl boyunbağını cavabdehə satmışdır. Cavabdeh həmin qızılın dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüş və ilkin olaraq 220 manat pul ödəmiş, qalan məbləği isə 10 ay müddətinə hər ay 180 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin qızılın dəyərini cavabdeh hissə-hissə ödəməyə başlamış, lakin tam ödəməmiş, hazırda 350 manat məbləğində borcu qalmışdır. Bundan başqa o, cavabdehə 04 may 2022-ci il tarixdə 583 əyarlı, 19.92 qram çəkidə olan reket modelli qızıl sepi 2100 manata satmışdır. Cavabdeh həmin qızılın dəyərinin ilkin olaraq 400 manatını ödəmiş, qalan məbləği isə 10 ay müddətinə hər ay 170 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh borc pulundan iki ayını, yəni 340 manatını ödəmiş, lakin sonrakı aylarda pul ödəmələrini dayandırmışdır. Hazırda cavabdehin ona 1360 manat məbləğində borcu vardır. Beləliklə, cavabdehin hal-hazırda ona cəmi 1710 manat məbləğində pul borcu qalmışdır. O, həmin borcun qaytarılması üçün cavabdehə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh buna baxmayaraq borcunu ödəmir, onu get-gələ salır, borcun qalan hissəsini ödəməkdən imtina edir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma qəbzlərdən görünür ki, cavabdeh ondan qeyd edilən məbləğlərdə qızıl-zinət əşyaları almış, lakin ödəməli olduğu məbləğləri tam şəkildə ona qaytarmamışdır. Həmçinin o, ödəmiş olduğu dövlət rüsumunu da cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın tam təmin olunmasına razıdır. Onun iştirakı olmadan işə baxılıb qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin teleqramını nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh 2020 manat dəyərində 583 əyarlı, 7.4 qram reket qolbağ və 585 əyarlı, 10.69 qram boyunbağını ilkin ödəniş 220 manat, 10 ay 180 manat olmaq şərtilə İddiaçı aldığını etiraf etmiş və pulu ödəmədiyi halda aldığı malı geri qaytaracağını qeyd etmişdir. İş materiallarında olan 04 may 2020-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh 583 əyarlı, 19.92 qram reket model qızıl sepi ilkin ödəniş 400 manat, 10 ay 170 manat olmaq şərtilə İddiaçı aldığını etiraf etmiş və səbəbsiz yerə qızılı qaytaracağı təqdirdə heç bir ödəniş tələb etməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh iddiaçıdan iki dəfə olmaq şərti ilə ümumi dəyəri 2020 manat və 2100 manat olan qızıl əşyaları nisyə almış, əşyaların müəyyənləşdirilmiş dəyərini müəyyənləşdirilmiş müddət ərzində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, müəyyən ödənişlər etmiş, lakin öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən almış olduğu qızıl əşyaların dəyərinin tam şəkildə ona ödənilməsini tələb edir. Cavabdeh isə məhkəməyə teleqram ilə müraciət edərk iddianı qəbul etdiyini və təmin edilməsinə etirazının olmadığını bildirir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də iddianı tam əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1710 (min yeddi yüz on) manat borc məbləği və 37 (otuz yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar