Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-71/2023 08.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borc olaraq verdiyi 12000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci ilin aprel ayında ondan borc olaraq pul istəmiş, o, ilkin olaraq cavabdehə 1000 manat vermiş, cavabdeh isə bu pulu qaytaracağına söz vermişdir. Sonra cavabdeh başqa vaxtlarda da, ondan pul istəmişdir. O, cavabdehlə əvvəllər bir yerdə işləməsini nəzərə alaraq ona borc olaraq ümumilikdə 2022-ci ilin mart ayından iyul ayının əvvəlinə kimi 13000 manat vermişdir. Cavabdeh həmin pulları sentyabr ayına kimi qaytarmalı idi. Cavabdeh ondan aldığı borcdan 300 manat bir dəfə, 300 manat bir dəfə və 400 manat da bir dəfə qaytarmışdır. Bütövlükdə cavabdehin ona 12100 manat borcu qalmışdır. Cavabdeh həmin borcu bu günə kimi qaytarmamışdır. O, da cavabdeh barəsində polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və nəticədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdeh polis şöbəsində izahat verərək aldığı borcu etiraf etmişdir. O, götürdüyü pulu yaxın vaxtda qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Odur ki, cavabdehdən ona borc olaraq verdiyi 13000 manatdan ödənilməmiş qalan 12000 manat məbləğində pulun alınaraq ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh Rəşad ilə sinif yoldaşı, daha sonra isə iş yoldaşı olmuşlar. Münasibətləri çox yaxşı olmuşdur. Aralarında sonuncu borc məbləğlərindən əvvəllər də, pul alış-verişləri olmuşdur. Belə ki, onun cavabdehə inamı tam olmuşdur. Rəşad maşın alveri ilə məşğul olduğunu və pula ehityacı olduğunu, bu səbəbdən ona kömək etməsini istəmişdir. O da, Rəşada dəstək olmaq məqsəd ilə 2022-ci ilin mart ayında ilk olaraq Rəşada 2300 manat, aprel ayında isə 3000 manat, daha sonra isə kiçik məbləğlər olmaqla həmin ilin iyul ayına kimi ümumilikdə 15900 manat pul vermişdir. Dəfələrlə özü Naftalan ərazisində olmadığı vaxtlarda Rəşad ona pul üçün zəng etmiş, o isə bir neçə dəfə Rüfət adlı şəxsdən və ya müəyyən mağazalardan pul götürməsini ona demişdir. Rəşad həmin ilin sentyabr ayında borc aldığı pulları tam şəkildə ona qaytaracağına söz vermişdi. Həmin ilin avqust ayında borcun ödənilməsi ilə bağlı Rəşadın evində olmuş, orada Rəşadın anası Əntiqə ilə bu barədə söhbət etmiş, anası Rəşadın Elmir adlı başqa bir şəxs ilə hansısa işə girişdiyini, pulları ona verdiyini, Elmirin isə pulları başqa şəxslərə faizə verdiyini, hazırda isə ala bilmədiyini demişdir. Həmçinin anası bir dəftər vermiş, orada pulların verildiyi həmin şəxslərin adları və məbləğlər sadalanmışdır. O da, həmin siyahıya baxaraq özü ayrıca bir kağız parçasına həmin adları və məbləğləri köçürmüşdür. Qeyd olunan kağız siyahı isə iş materialı kimi məhkəməyə təqdim edilmişdir. Bu zaman Rəşadın anası həmçinin bildirmişdir ki, bir qədər möhlət verərsə Elmirdən pulları alaraq ona qaytaracaqlar. Elmirdən ala bilməsə də, həmin şəxslərdən pulları şəxsən yığaraq ona verəcəkdir. O da, Rəşadın anasına 10-15 gün gözləyə biləcəyini, əgər pullar ona qaytarılmayacaqsa Rəşadı məhkəməyə verəcəyini demişdir. Eyni gün Rəşadın anası ona bir neçə ədəd bankomat kartlarını da verərək, faizə pul götürmüş şəxslərə məxsus katlar olduğunu demişdir. Həmin kartları saxlamasını, borclular pullarını qaytardıqdan sonra özlərinə qaytaracaqlarını bildirmişdir. Həmin gündən 15 gün keçdikdən sonra isə Rəşadın anası Əntiqə polis şöbəsinə şikayət edərək həmin pulların qaytarılmasına köməklik etməsini xahiş etmişdir. Şöbədən onu çağıraraq məsələ barədə fikrini soruşan zaman isə o, həmin pulların ona məxsus olduğunu, Rəşada verdiyini, Rəşadın isə pulu nə etdiyini bilmədiyini bildirmişdir. Həmin ərəfələrdə isə Rəşadın anası ona bir neçə dəfə 300 manat olmaqla vəsaitlər ödəmiş və ümumi borc 13100 manat qalmışdır. Polis şöbəsində isə adlı siyahıda olan bəzi şəxslər şöbəyə çağırılmış və onlardan ümumilikdə 1100 manat alınaraq ona verilmişdir. Nəticə olaraq ümumilikdə 15900 manat borcdan 3900 manat ona pul ödənilmiş, borcun 12000 manat hissəsi isə ödənilməmiş qalmaqdadır. Elmiri iş yerindən tanımış olsa da, Rəşadın ondan almış olduğu pulları Elmirə verməsindən ümumiyyətlə xəbəri olmamışdır. Bu səbəbdən o, pullarını Rəşaddan tələb edir. Odur ki, iddianın tam şakildə təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin iddiaçıya qarşı olan tələbi tam qanunidir. Belə ki, borc münasibəti Elvira və Rəşad arasında yaranmışdır. Sonradan Rəşadın həmin pulları Elmirə və yaxud başqa şəxslərə vermiş olmasının işin hallarına heç bir təsiri yoxdur. X12 verdiyi pulları ondan ala bilmirsə, onu məhkəməyə verə bilər, necə ki, Elmira Rəşadı vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçını uzun müddətdir tanıyir. Onunla yaxın münasibətləri olmuşdur. Onunla həm məktəb, həm də iş yoldaşı olmuşdur. İddiaçıdan həqiqətən də 2100 manat faiz ilə borca pul almış, bir neçə aya həmin borcunu bağlamışdır. Həmin pulun müəyyən hissəsini isə iki dəfə olmaq şərti ilə iddiaçı kənarda olduğu üçün Rüfət adlı şəxs vasitəsi ilə iddiaçıdan almışdır. Daha sonra iddiaçı ilə Elmir adlı şəxsi tanış etmişdir. Elmir onun dostu olduğu üçün pula ehityacı olduğunu ona demiş, o da Elviraya zəng edərək Elmirə pul lazım olduğunu, lakin pulu veribverməyəcəyinə özü qərar verməsini demişdir. Elvira isə ilk olaraq Elmirə 300 manat, sonra isə 1000 manat pul vermişdir. Daha sonra isə onlar arasında müxtəlif məbləğlərdə pul alışverişləri olmuşdur ki, onun bundan məlumatı olmamışdır. Çünki Elvira və Elmir ona məlumat vermədən, özləri öz aralarında alış-veriş etmişlər. Elmir iddiaçıdan almış olduğu pulları faiz ilə başqa şəxslərə vermiş və həmin şəxslərin əmək haqqı kartlarını yığaraq Elviraya vermişdir. Elvira isə müəyyən vaxtlar həmin kartlar vasitəsi ilə pulları kartlardan çıxarmışdır. Sonradan Elmir pulları geri qaytarmamış, iddiçı isə ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçının Elmirə vermiş olduğu pul vəsaitlərini ondan tələb etməsinə səbəb isə Elmir ilə onu tanış etmiş olmasıdır. Hazırda Elmirin harada olmasından heç kəsin məlumatı yoxdur. Onun iddiaçıya olan borcuna görə arada qalmışdır. Hətta Elmiri iddiaçının yaşadığı evə aparmış, Elmir orada iddiaçıya pulun onda olduğunu, Rəşadın heç bir günahının olmadığını, pulu ona özü qaytaracağını bildirmişdir. Elmir ilə onun Whatsapp şəbəkəsi ilə yazışmasında olan və Elmirin ondan 9-10 min manat pul aldığını deməsi əslində Elmirin ondan yox, iddaçıdan həmin məbləğləri aldığını demək istəməsidir. Çünki o, Elmirə həmin pulları verməmişdir. X8 vermiş olduğu ifadəsini isə qismən qəbul edir. Belə ki, Rüfət ona beş və ya altı dəfə deyil, cəmi iki dəfə olmaqla, 200 və 300 manat məbləğlərində pullar vermişdir. Həmin pullar isə Elviradan aldığı ümumi 2100 manat pula daxildir. Hazırda tələb olunan mövcud borc onun deyil, Elmirin borcu olduğu üçün iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin iddiaçıdan özünün şəxsi ehtiyacları üçün aldığı pulun məbləği 2100 manat olmuşdur ki, onu da cavabdeh tam şəkildə iddiaçıya qaytarmışdır. Belə ki, daha böyük məbləğdə borc verilmiş olsa idi, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə əsasən tərəflər arasında yazılı formada müqavilə bağlanmalı idi. Bunu iddiaçı özü də etiraf edir. İddiaçı ilə cavabdeh arasında isə başqa hər hansı pul və ya öhdəlik münasibəti olmamışdır. İddiaçının cavabdehdən tələb etdiyi məbləğ iddiaçı tərəfindən X5 adlı şəxsə vermiş olduğu puldur. Lakin iddiaçı Elmir adlı şəxsdən həmin məbləği ala bilməyəcəyinə əmin olduğu üçün iddianı Elmirə qarşı deyil, Rəşada qarşı qaldırmışdır. Belə ki, Elmirin hazırda ümumiyyətlə harada olması məlum deyildir. O, mövcud borca görə qaçıb gizlənmişdir. İddiaçı Elmir ilə onu Rəşadın tanış etməsindən istifadə edərək hazırda Rəşada qarşı əsassız iddia qaldırmışdır. X10 əvəzinə borcun ödənilməsi ilə bağlı heç bir öhdəlik götürməmiş və ona zamin durmamışdır. Bu isə o deməkdir ki, Rəşad iddiaya cavab verməli olan şəxs deyildir. Həmçinin Elmirin iddiaçıya hansı məbləğdə borcunun olmasını sübut edəcək dəqiq məlumatları yoxdur. Borc məbləğləri iddiaçı tərəfindən Elmirə müxtəlif vaxtlarda verilmişdir. Həmçinin Elmir iddiaçıdan birinci və ikinci dəfə pul alan zaman Rəşad pulun verilməsində vasitəçilik etsə də, sonrakı vaxtlarda Elmir Rəşaddan xəbərsiz şəxsən iddiaçıdan pulları almışdır. Bu isə o deməkdir ki, iddiaçı ilə cavabdeh arasında borca dair hüquq münasibətləri yaranmamışdır. Həmçinin sonradan Rəşadın anasının iddiaçıya müəyyən qədər pul ödəməsinə səbəb onun bir ana kimi oğluna görə narahat olması, oğlunun problem yaşamasını istəməməsi olmuşdur. Qeyd edilənlərə əsasən iddianın tam şəkildə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı təşəbbüsü ilə dindirilmiş şahid X3 ifadə verərək bildirdi ki, həm iddiaçı, həm də cavabdeh ilə normal münasibətləri vardır. Tərəflər arasında olan borc məsələlərindən isə xəbərdar deyildir. Lakin İddiaçı təxminən 2022-ci ilin qış aylarında beş və ya altı dəfə ona zəng edərək Naftalan şəhərində olmadığını, Cavabdeh təcili pul vermək lazım olduğunu bildirmiş, o da hər dəfəsində Rəşad ilə görüşərək Elviranın yerinə ona pul vəsaitləri vermişdir. Daha sonra isə Elvira həmin məbləğləri ona qaytarmışdır. Verdiyi məblələr isə hər dəfəsində 300, 500 və 1000 manat civarında olmuşdur. Rəşada pul verməkdə heç bir məqsədi olmamış, sadəcə olaraq Elvira ilə yoldaş olduğundan onun xahişini yerinə yetirmişdir. Məhkəmə iclasında Cavabdeh təşəbbüsü ilə dindirilmiş şahid X4 ifadə verərək bildirdi ki, o, cavabdehin anasıdır. İddiaçını isə ilk dəfə onun evinə gələndə tanımışdır. Elvira Məstəliyeva bir gün onun evinə gəlmiş, əlində isə çoxlu plastik kartlar və bir ədəd dəftər olmuşdur. Həmin vaxt o, Elmir adlı şəxsin onda xeyli miqdarda pullar aldığını, lakin qaytarmadığını demişdir. Daha sonra kağız parçasına Elmirin ondan alaraq ayrı-ayrı şəxslərə verdiyi pulları yazmış və onunla birləşərək Elmirdən pullarının alınmasına köməklik etməsini ondan xahiş etmişdir. Elviradan bunu necə edəcəklərini soruşduqda, Elvira polisə müraciət edə biləcəklərini ona demişdir. O isə ilk olaraq bununla razılaşmaq istəmədiyi üçün polisə müraciət etməmişdir. Daha sonra isə çöl hadisələrini eşitmişdir. Belə ki, Elviranın başqa bir şəxs ilə birlikdə oğlunu maşına əyləşdirərək başqa yerə aparmasını, hədə-qorxu gələrək Elmirə verdiyi pulları oğlundan istədiyini eşitmişdir. Nəticədə oğlunun başına bir iş gələcəyindən çəkindiyinə görə polis şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Müraciətində isə həmin pulların Elmirdən alınmasına köməklik göstərilməsini polisdən xahiş etmişdir. Şöbədən isə ona işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməli olduqlarını dedilər. Daha sonra isə qızıllarını girov qoyaraq bankdan 2100 manat pul götürərək oğlu Rəşadın Elviraya olan şəxsi borcunu bağlamışdır. Həmçinin bir neçə dəfə olmaqla Elviraya 300 manatdan pullar da ödəmişdir. Elmirin Elviraya olan borcunun Rəşada heç bir aidiyyəti yoxdur. Belə ki, vaxtı ilə Elmir ilə Elviranı oğlu Rəşad tanış etdiyi üçün Elvira hazırda pulları oğlu Rəşaddan tələb edir. İş materiallarına əlavə edilmiş olan Naftalan Şəhər Polis Şöbəsinin 21 sentyabr 2022-ci il tarixli məktubunda İddiaçı cavab olaraq bildirilmişdir ki, münasibətlər mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazılardan görünür ki, Elmir Rəşaddan ümumilikdə 9- 10 min pul aldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazılardan görünür ki, Rəşad Elmirə “Kaş mənim başıma daş düşərdi, Allah canımı alardı mən o pulları sənə verdiyim yerdə” yazmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, İddiaçı ayrı-ayrı vaxtlarda müəyyən pul məbləğlərini Cavabdeh borc vermiş, cavabdeh isə iddiaçıdan almış olduğu həmin məbləğləri Elmir adlı digər üçüncü şəxsə vermişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vermiş olduğu məbləğlərin geri qaytarılmasını ondan tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatı ilə müəyyən olunur ki, onun cavabdehə verdiyi məbləğlər ayrı-ayrı vaxtlarda olmaqla ən çoxu 3000 manat və daha aşağı olmuşdur. Odur ki, iddianın hüquqi əsasını borc münasibətləri təşkil edəcəkdir. İddiaya münasibətdə qeyd edilməlidir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaitlərini vermiş olması müəyyən olnur. Lakin iddiaçı hazırda cavabdehin ona məhz 12000 manat məbləğində borcunun olduğunu sübut edə bilmir. İddiaçı həmin məbləği onunla əsaslandırır ki, o, cavabdehə ümumilikdə 15900 manat borc vermiş, lakin həmin pulun ümumilikdə 3900 manat hissəsi ona geri qaytarılmış, 12000 manat hissəsi isə cavabdehdə qalmaqdadır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ümumilikdə 3900 manat pulun qaytarılmış olması işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqlardan (yazılardan) görünür ki, Elmir Rəşaddan ümumilikdə ən çoxu 10000 manat pul aldığını etiraf etmişdir. Elmir adlı şəxsin cavabdehdən almış pul vəsaitlərini cavabdeh Elmirə verməzdən əvvəl iddiaçıdan almış olduğu nəzərə alınarsa, iddiaçının cavabdehə ən çoxu 10000 manat vermiş olması qəbul edilməlidir. Beləliklə formal həqiqət prinsipi baxımından iddiaçının cavabdehə ümumilikdə 10000 manat vermiş olması, cavabdehin isə iddiaçıya ümumilikdə 3900 manat qaytarmış olması müəyyən olunur ki, bu da hazırda cavabdehin iddiaçıya 6100 manat qalıq borcunun olmasını deməyə əsas verir. Odur ki, qeyd edilən məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin şahid X1 ifadəsinə müsbət yanaşaraq onu qəbul etmiş olsa da, digər şahid X2 ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, o, Cavabdeh yaxın qohumu olmaqla, onun maraqlarına uyğun ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 65 (altmış beş) manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6100 (altı min yüz) manat borc məbləği və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 65 (altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-71/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-71/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver