Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-75/2025 13.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(052)-34/2021 saylı qətnaməsi ilə 15 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 02 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 250 mamat, ümumilikdə 500 (beş yüz) manat miqdarında alimentin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(052)- 34/2021 saylı qətnaməsinə əsasən Cavabdeh 15 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 02 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 10 dekabr 2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh hal-hazırda fərdi əməklə məşğul olur və qazancı qeyri-müntəzəmdir. Naftalan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(052)-34/2021 saylı qətnaməsində qeyd edilən aliment məbləğinin miqdarı uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüdükçə ehtiyacları çoxalır və o, uşaqları tək saxlamaqda çətinlik çəkir. Odur ki, hər ay sabit pul məbləğində tutulan aliment məbləğinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, əvvəlki qətnamə ilə iki uşağın saxlanması üçün təyin edilmiş ümumilikdə 100 manat məbləğ hazırda çox aşağıdır. Belə ki, uşaqlar böyümüş və tələbatları gündən-günə artmaqdadır. İndiki vaxta qədər o, valideynlərinin maddi köməyi ilə uşaqları saxlaya bilmişdir. Hazırda Naftalan şəhərində yerləşən mağazaların birində satıcı işləyir və 350 manat əmək haqqı alır. O, cavabdehin işsiz və sağlamlığında olan problemləri nəzərə alaraq iddia ərizəsində hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulmasını xahiş etmiş olsa da, hazırda həmin məbləğin hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat müəyyən olunacağı təqdirdə buna etiraz etməyəcəkdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, uzun müddətdir işsiz olduğu üçün taksi fəaliyyəti ilə məşğul olur. Səhhətində problemlər olduğu üçün uzun müddət işləyə bilməmişdir. Son zamanlar müəyyən qədər işləməyə başlamışdır. İnsult xəstəliyi keçirdiyi üçün hazırda bir tərəfində hərəkət məhdudiyyəti vardır. Hazırda aylıq qazancı iddiaçının tələb etdiyi məbləği ödəməyə çatmır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilərək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin müəyyən edilməsini xahiş etdi. Müəyyən ediləcək məbləğ daha artıq olacağı təqdirdə isə ödənişləri edə bilməyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 15 oktyabr 2008-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 02 may 2013-cü il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(052)-34/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 02 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 10 dekabr 2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 50 (əlli) manat, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.11-1-ci bəndində qeyd edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay, hər uşaq üçün onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmalı, məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən, yəni 14 aprel 2025-ci il tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(052)-34/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılsın. 14 aprel 2025-ci il tarixdən hesablanmaqla 15 oktyabr 2008-ci il təvəllüdlü X1 və 02 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(052)-75/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-75/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver