Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-99/2024 04.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 27, mənzil 70-in təmirinə xərclədiyi 35000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu X1 ilə 1999-cu ildə ailə quraraq, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 27, mənzil 70-ə gəlin köçmüşdür. Mənzilə köçən zaman cavabdeh ona bildirmişdir ki, gəlin köçdüyü ev ona veriləcəkdir. O, mənzilin ona veriləcəyini hesab etdiyi üçün 2014-cü il tarixdə həmin mənzili təmir etdirmək qərarına gəlmişdir. Evi 5 otaqlı mənzilə düzəltdirmiş, yeni pol vurdurmuş, elektrik sistemini yenidən çəkdirmiş, divarları təmir etdirmiş, evin tavanına alçıpan vurdurmuş, hamam və tualeti tam dəyişmiş, mətbəxi böyütmüş və yeni balkon yığdırmışdır. Yəni ki, mənzili tam şəkildə təmir etirmişdir. O, təmir ilə bağlı ümumilikdə 35000 manat pul xərcləmişdir. Daha sonra cavabdeh 2023-cü ilin may ayında ona bildirmişdir ki, mənzili satıb pulun 50000 manatını ona verəcəkdir. O da, cavabdehin sözünə inanaraq mənzilin satılmasına razılıq vermişdir. Mənzil satıldıqdan sonra isə cavabdeh ona demişdir ki, onlara heç bir pul vermir, yeni alınacaq evi isə öz adına alır və onlara orada yaşamağa icazə verəcəkdir. Nəticədə cavabdeh onları aldadaraq qeydiyyatda olduqları mənzilin satılması üçün onlardan razılıq almış, evi satmış və onlara pul verməmişdir. Beləliklə onun Naftalan şəhəri, H.Əliyev küçəsi ev 27 mənzil 70-in təmirinə çəkdiyi xərclər cavabdehdən məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı Musa qızı izahat verərək bildirdi ki, cavabdeh onun qaynanasıdır. O, cavabdehin oğlu X2 ilə 1999-cu ildə ailə qurmuş və həmin vaxt cavabdehə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Nikahlarından iki nəfər övladları dünyaya gəlmişdir. Ailə quran zaman ona deyilmişdir ki, cavabdehin mülkiyyətində olan həmin mənzil onlara, yəni ona və ərinə veriləcəkdir. Gəlin gələrkən həmin mənzil 4 otaqdan ibarət olmuş, lakin şəraitsiz olmuş, təmiri çox pis vəziyyətdə olmuşdur. 2014-cü ildə artıq təmirsiz evdə uşaqlar ilə yaşamaq çox çətin olduğundan, o, şəxsi vəsaiti hesabına evi təmir etdirmək qərarına gəlmişdir. Cavabdeh və qaynatası da, buna razı olmuşlar. Belə ki, cavabdeh hətta ona demişdir ki, “onsuz evi mən sizə vermişəm, nə istəyirsiz, onu da edin”. O da, bu sözlərdən sonra evin gələcəkdə onun olacağını düşündüyü üçün evin təmirinə başlamışdır. İlk əvvəllər əmək haqqısı az olduğu və maddi vəziyyəti yaxşı olmadığı üçün evi bütövlükdə təmir etdirməmiş, ilk olaraq hamam otağını və ayaq yolunu düzəltdirmişdir. Bunun üçün ümumilikdə 3500 manat pul xərcləmişdir. Daha sonra isə mətbəxi tam şəkildə təmir etdirmişdir. Hamam, ayaq yolu və mətbəxin təmiri üçün ümumilikdə 8000 manat pul xərcləmişdir. Qeyd edilən işlərin görülməsi üçün isə öz adına hər dəfəsində bankdan müxtəlif məbləğlərdə kreditlər götürmüşdür. Artıq son dəfə 2017-ci ildə evin digər otaqlarının təmiri üçün kredit götürmüş və həmin ilin noyabr ayında təmiri tam şəkildə bitirmişdir. Bundan sonra cavabdehin qızı 2018-ci ildə boşanmış və qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Bir gün o, cavabdehin qızı ilə gizli söhbətini eşitmiş, qızı anasına demişdir ki, “ana sən bu beş otaqlı mənzili tək onlara verməməlisən, evdə mənim də payım vardır, evi sat, mənim payımı ayır ver özümə, mən də özümə bir otaqlı ev alım”. Bu söhbətdən sonra bir neçə il keçmiş, lakin ev satılmamışdır. Cavabdehin qızı yenidən ailə həyatı quraraq getmiş, lakin qısa müddət sonra yenidən ayrılaraq evə qayıtmışdır. Ev üstündə mübahisələri də, əsasən həmin vaxtdan sonra başlamışdır. Belə ki, qaynanası evi satmaq istədiyini demiş, bu zaman o, evin satılmasına narazılıq etmişdir. Əslində cavabdehin kənd yerində ayrı evi və torpaq sahəsi vardır. O, ilk olaraq cavabdehə təklif etmişdir ki, kənddə olan ev satılaraq pulu ilə bir otaqlı mənzil alınsın, cavabdehin qızı və nəvələri orada yaşasınlar. Cavabdeh isə bununla razılaşmamış, kənddə yerləşən evi satmayacağını bildirmişdir. Belə ki, cavabdeh digər oğlunun ailəsi ilə birlikdə orada yaşayacağını bildirmişdir. Cavabdehin isə axır sözü bu olmuşdur ki, mübahisəli mənzil satılsın, satışdan əldə olunan pulun 50000 manatı onlara verilsin, onlar özlərinə ev alsın, qalıq pulun müqabilundə isə qızına kiçik bir ev alınsın, qızı da, uşaqları ilə birlikdə orada yaşasın. O, da bu təklif ilə razılaşmışdır. Bu səbəbdən notariusda alqı-satqı həyata keçirilərkən qeydiyyatda olan şəxs kimi evin satılmasına öz imzası ilə razılıq vermişdir. İlk olaraq evin 75000 manata satılmasına qərar vermişlər. Daha sonra ev 2023-cü ilin may ayında satılmışdır. Lakin dəqiq hansı məbləğə satıldığından xəbəri yoxdur. Ev satıldıqdan sonra evin yeni sahibi onlara vaxt vermişdir ki, özlərinə ev alana qədər həmin mənzildə müvəqqəti yaşasınlar. Onlar 2023-cü ilin iyul ayında Naftalan şəhərində yerləşən 32 saylı binada almaq üçün üç otaqdan ibarət ev tapmış və evin sahibi ilə 60000 manat müqabilində razılaşmışlar. Həmçinin cavabdehlər razılıqlarına əsasən evin qiymətinin 50000 manatını cavabdeh, qalan 10000 manatını isə o ödəməli idi. Lakin, bunu bir şərtlə edəcəkdi ki, alınacaq ev ya ərinin, ya da oğlunun adına rəsmiləşdirilsin. Həmin vaxt evin sənədləri tam şəkildə qaydasında olmadığından, sənədləşməni həyata keçirə bilməmişlər. Cavabdeh isə ilk əvvəl buna razı olsa da, sonradan imtina etmiş və alınacaq evin onun adına rəsmiləşəcəyini bildirmişdir. Bu səbəbdən o, yeni alınacaq ev üçün 10000 manat pulu ödəməkdən imtina etmişdir. Hazırda cavabdeh özünə yeni ev almış və oğlu ilə həmin evdə yaşamaqdadır. Onun isə bundan sonra ümumiyyətlə cavabdeh ilə birlikdə yaşamaq fikri yoxdur. Belə ki, artıq baş verən münaqişələrdən bezmişdir. Yeganə istəyi 2014-2017-ci illər ərzində cavabdehə məxsus evə xərcləmiş olduğu pulların ona qaytarılmasıdır. Belə ki, həmin pulları xərcləməsinə səbəb evin ona veriləcəyini düşünməsi olmuşdur. Lakin, bu belə olmamış, o, aldadılmışdır. Bu səbəbdən iddianın təmin edilməsi və xərcləmiş olduğu pulların cavabdehdən alınaraq ona qaytarıması bardədə qətnamə qəbu edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh X4 ilə telefon rabitə vasitəsilə əlaqə saxlanılmış, bu zaman cavabdeh bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddiadan və məhkəmə iclaslarından məlumatlıdır. İddianı qəbul etmir və səhhəti ilə bağlı gələcəkdə keçiriləcək məhkəmə iclaslarında iştirak etməyəcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialları və digər sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, o, fərdi qaydada ustalıq edir. İddiaçı onun qohumudur. O, 2014-cü ildə usta kimi iddiaçının yaşadığı mənzildə işləmiş və hamam və ayaq yolunu təmir etmişdir. İddiaçı onun qohumu olduğu üçün təmir ilə bağlı ondan əziyyət haqqı almamışdır. Lakin, təmirin bütün xərclərini iddiaçının çəkdiyinin şahidi olmuşdur. Hətta iddaçı həmin il təmir ilə bağlı banklardan kreditlə pullar götürmüş, o da, kredit ilə bağlı iddiaçıya zamin durmuşdur. Təmir zamanı iddiaçının həyat yoldaşını və digər şəxsləri ümumiyyətlə görməmişdir. Bütün xərclər iddiaçı tərəfindən çəkilmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş Şahid1 izahat verərək bildirdi ki, iddiaçını şəhər sakini kimi tanıyır. O, 2014-cü ildən başlayaraq 2016-2017-ci illərədək iddiaçının yaşadığı evin otaqlarını hissə-hissə olmaqla təmir etmişdir. Belə ki, iddiaçının maddi imkanı zəif olduğundan evi hissə-hissə olmaqla, bir neçə ilə ərzində təmir etdirmişdir. Təmir ilə bağlı çəkilən xərcləri, eləcədə ona usta kimi verilən pulları iddiaçı qarşılamışdır. Evin təmiri zamanı yalnız iddiaçı ilə əlaqə saxlamış, lazım olan malmaterialları iddiaçıya demişdir. Təmir üçün alınan materiallara hansı məbləğdə pul xərcləndiyini bilmir. Lakin, iddiaçı şəxsən özü ona 2500 manat əziyyət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd edilən maddi hüquq normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və s. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 ilə yaxın müddətdə gəlin köçərək yaşamış olduğu cavabdeh X3 (qaynanasına) məxsus olan mənzildə təmir-tikinti işləri aparmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzildə iddiasında qeyd etdiyi kimi, müəyyən təmir işləri aparmış olsa da belə, bu zaman mülkiyyətçi ilə aralarında hər-hansı öhdəlik-hüquq münasibətləri olmamış, cavabdeh onu bu işlərə cəlb etməmişdir. Əgər İddiaçı könüllü olaraq öz yaşadığı və qaynanasına məxsus mənzildə lazımi şəraitin olmaması səbəbindən təmir işləri aparmışsa, bu hissədə cavabdeh Nuriyyə Paşayevanın, yəni mülkiyyətçinin öhədliyi yaranmamışdır. Odur ki, cavabdeh hazırda varlanan şəxs olmadığından, bununla bağlı cavabdehlik daşımamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələri iş üzrə mümkün sübutetmə vasitəsi hesab olunmadığından, həmin ifadələr nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia təmin edilmədiyindən, İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-99/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-99/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver