Məhkəmə qərarları › İş №2(053)-1042/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1042/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1042/2023 16.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(053)-265/2019 saylı qətnaməsi ilə 05 iyun 2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, iddiaçının cavabdehlə 19 avqust 2016-cı ildə ailə qurduğunu, birgə ailə münasibətlərindən 05 iyun 2017-ci ildə X2 adlı uşağının doğulduğunu bildirmişdir. Onların nikahı dövlət qeydiyyatına alınmamışdır. Birgə yaşamaları mümkün olmadığından 2016-cı ilin noyabr ayından ayrılmışlar. İddiaçının müraciəti əsasında müvafiq məhkəmə qətnaməsi ilə tərəflərin faktiki nikahından doğulmuş 05 iyun 2017-ci il təvəllüdlü Turanın atasının Cavabdeh olması müəyyən edilmiş, həmçinin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında cavabdehdən tutulan alimentin miqdarı bir neçə dəfə artırılmışdır. Sonuncu dəfə alimentin müəyyən olunmuş miqdarı Neftçala Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(053)-265/2019 saylı qətnaməsi artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı ilə uşağı onlarla birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. İddiaçı heç bir yerdə işləmir. X4 rayonu, Qobu qəsəbəsi, A.İbrahimov adına 2 saylı tam orta məktəbin 1-ci sinfində təhsil alır. Bundan əlavə uşaq «Şərəf» Tədris Mərkəzi kursunda da əlavə təhsil alır, onun məşğələ kurslarına hər ay 40 manat məbləğində vəsait xərclənir. Yol uzaq olduğundan uşağın məktəbə aparılıbgətirilməsi üçün xüsusi servis xidmətindən istifadə edilir. Həmin servis xidmətinə görə isə hər ay 50 manat ödəniş edilir. İddiaçı və uşağı onların himayəsində və maddi dəstəkləri sayəsində yaşayırlar. Bundan əlavə uşaq tez-tez xəstələndiyi üçün davamlı olaraq müalicəsinə ehtiyac yaranır və bu da özlüyündə müəyyən xərclər tələb edir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 130 manat məbləğində aliment az olduğundan uşağın normal təminatı üçün kifayət etmir. Özünə məxsus olan «Qazel» markalı yük maşını ilə sifariş əsasında rayonlararası yük daşımaqla, istifadəsində olan traktorla kənd təsərrüfatı işləri ilə, bəzi hallarda isə şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə, habelə heyvan alveri ilə məşğul olan cavabdeh aylıq kifayət qədər qazanc əldə edir. Buna baxmayaraq o, uşağın saxlanılması üçün alimentdən başqa iddiaçıya heç bir maddi köməklik göstərmir. Onun uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı var. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək, iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə həyatı qurduğunu, hazırda həyat yoldaşının ikinci uşağa hamilə olduğunu və hamiləliyini ağır formada keçirdiyini bildirmişdir. Qeyd edir ki, əvvəlki illərə nisbətən qazancı azalmış, xərcləri isə artmış və maddi çətinlikləri yaranmışdır. Həmçinin iddiaçının nümayəndəsinin qeyd etdiklərinə münasibət bildirərək məhkəmənin nəzərinə çatdırır ki, istifadəsində olmuş traktor başqa şəxsə məxsus olmuş, onu icarə əsasında işlətmiş və sonradan iş olmadığı üçün sahibinə qaytarmışdır. Yalnız «Qazel» markalı yük maşını ilə sifariş əsasında yükdaşıma xidməti ilə məşğul olur ki, hazırda bu işdən də normal qazancı yoxdur. Maddi vəziyyəti yaxşı olmadığından iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 05 iyun 2017-ci ildə X2 adlı uşaq doğulub. Neftçala Rayon Məhkəməsinin 2(053)-265/2019 nömrəli iş üzrə 03 may 2019-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-496/2018 nömrəli iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 05 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay 130 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə alimentin müəyyən edildiyi vaxtdan 4 il 6 aydan çox vaxt keçdiyini, uşağın 2019-cu ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən, o cümlədən məktəbə getməsi ilə əlaqədar qayğılarının da artdığını, həmçinin 2019-cu illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun artırıldığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 265/2019 nömrəli iş üzrə 03 may 2019-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 05 iyun 20176-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-265/2019 nömrəli iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 05 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar