Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1044/2022 05.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X3, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 4.884,58 manat miqdarında əsas borcun, 637,17 manat miqdarında faiz borcunun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,21 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə “iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)” əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən “Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir”, “Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur”. Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən “Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir”, “Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir”. Eyni Məcəllənin 74.2-ci maddəsinə əsasən “İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 363.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir». İddia ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələbinə zidd olaraq müvafiq qaydada təsdiqlənməmiş “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarış”ın surətində Rövşən Allahverdiyev İddiaçı ASC-nin qanuni təmsilçisi kimi göstərilib. Qeyd olunduğu kimi, həmin çıxarış MPM-nin 89-cu maddəsinin tələblərinə ziddir və bu səbəbdən məhkəmə tərəfindən Rövşən Allahverdiyevin səlahiyyətlərini təsdiq edə biləcək yazılı sübut kimi qəbul edilə bilməz. Bunu qeyd etməklə yanaşı, məhkəmə hər bir halda aşağıdakılara da diqqət yetirməyi zəruri sayır. İddiaçı ASC-nin idarə heyətinin sədri Rövşən Allahverdiyevin 17 fevral 2017-ci il tarixli əmri ilə «İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmə, hüquq mühafizə, icra xidməti və notariat orqanlarında, habelə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən müvafiq dövlət orqanında təmsil etmək və bu hərəkətlərlə bağlı imza etmək hüququna dair etibarnamələrin verilməsi səlahiyyəti bankın baş risk inzibatçısı X2 həvalə edil»misdir. Baş risk inzibatçısı Cavid Mirzəyev tərəfindən bankın Problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərovun adına etibarnamə verilmişdir. Sonuncu hazırkı iş üzrə iddia ərizəsini imzalayıb. Qeyd olunur ki, Elsevər Əkbərovun adına verilmiş etibarnamədə tarix (bağlandığı tarix) göstərilməyib. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, həmin etibarnamə Azərbaycan Respublikası MM-nin 363.1-ci maddəsinin qüvvəsinə görə istənilən bir halda əhəmiyyətsiz sayılmalıdır. Tək bu hal iddia ərizəsinin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına zidd olaraq tərtib edildiyi qənaətinə gəlmək üçün kifayətdir. Lakin məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri sayır. İddia ərizəsinə İddiaçı ASC-nin idarə heyətinin sədri Rövşən Allahverdiyevin bankın adından məhkəmədə çıxış etmək səlahiyyətini təsdiq edə biləcək heç bir mötəbər sübut əlavə edilməyib (məsələn, bankın nizamnaməsi, müşahidə şurasının qərarı (qanunvericiliyin tələbləri nəzərə alınmaqla mümkündür ki, müşahidə şurası bankı məhkəmədə təmsil etmək səlahiyyətini idarə heyətinin sədrinə deyil, məsələn, müqavilə bağlamaqla hansısa hüquq firmasına, vəkilə və s. həvalə etmiş olsun)). Bununla yanaşı, İddiaçı ASC-nin idarə heyətinin sədri Rövşən Allahverdiyevin 17 fevral 2017-ci il tarixli əmrində baş risk inzibatçısı Cavid Mirzəyevə etibarnamələr vermək səlahiyyəti həvalə olunduğuna baxmayaraq, həmin əmrdə ona Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində təsbit edilmiş və etibarnamədə xüsusi göstərilməli olan səlahiyyətlərin (o cümlədən iddia ərizəsini imzalamaq səlahiyyətinin) həvalə olunduğu göstərilmir. Qeyd olunmalıdır ki, qüvvədə olan mülki qanunvericiliyə görə şəxs yalnız özünə məxsus olan səlahiyyəti digər şəxsə etibar edə bilər. Şəxsin özünə aid olmayan səlahiyyəti başqasına ötürməsi isə yolverilməzdir. X1 müvafiq səlahiyyətə malik olmasına, iddia ərizəsini imzalamaq səlahiyyətinin onun tərəfindən Cavid Mirzəyevə və sonuncu vasitəsilə Elsevər Əkbərova ötürülməsinin qanuniliyinə dair suallar yaradır. Qeyd olunanları və Elsevər Əkbərovun adına verilmiş etibarnamənin Azərbaycan Respublikası MM-nin 363.1-ci maddəsinin qüvvəsinə görə əhəmiyyətsiz olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Elsevər Əkbərov mövcud vəziyyətdə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmayıb. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən “iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». İddia ərizəsinin imzalamış Elsevər Əkbərovun həmin səlahiyyətə malik olması halının təqdim edilmiş sənədlərlə müəyyən olunmadığını və prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin qüvvəsinə görə «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1044/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1044/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver