Məhkəmə qərarları › İş №2(053)-1047/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1047/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1047/2022 04.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu SW9W2QN2LH olan İPAD PRO 12.9-İNCH markalı tablet üçün 2686 (iki min altı yüz səksən altı) manat ödənilməmiş hissə, 268 manat (iki yüz altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 2954 (iki min doqquz yüz əlli dörd) manat borcun və 49,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-3.2.3-cü və 284-3.2.4-cü maddələrinə əsasən ərizədə «iddiaçının tələbi və onun əsaslandığı hallar» və tələbin əsaslılığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar» göstərilməlidir. Həmin Məcəllənin 284-3.3-cü maddəsinə əsasən «Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir». Azərbaycan Respublikasının MM-nin 386.1-ci maddəsinə görə «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Həmin Məcəllənin 389.1-ci maddəsinə görə «Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır». Həmin Məcəllənin 389.2-ci maddəsinə görə «Müqavilədə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir». Eyni Məcəllənin 324.4-cü maddəsinə görə «Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir». Bu Məcəllənin 331.1-ci maddəsinə görə isə «yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır». Adı çəkilən Məcəllənin 337.1-ci maddəsinə görə «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır» Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsinə əlavə olunmuş müqavilədən aydın olur ki, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi, İddiaçı MMC-ni təmsil edən X1 ilə Cavabdeh Rasim oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23242400 nömrəli müqavilə cavabdeh tərəfindən imzalanmış, lakin iddiaçının təmsil edən şəxs tərəfindən imzalanmamışdır. Digər tərəfdən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməli olduğu halda, iddia ərizəsində istinad olunan alğı-satqı müqaviləsi müvafiq möhürlə təsdiqlənmədən ərizəyə əlavə olunduğundan onun həqiqiliyini müəyyən etmək də mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar