Məhkəmə qərarları › İş №2(053)-1061/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1061/2024

13.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1061/2024 13.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmiyyətə məxsus 336.036 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş məbləğin alınıb verilməsi, habelə MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh əməlində mənimsəmə cinayətinin əlamətləri olduğundan prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən ««Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat» göstərilməlidir. Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən «Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir», «Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur». Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir», «Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir». Eyni Məcəllənin 74.2-ci maddəsinə əsasən «İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir». Qeyd olunur ki, iddia ərizəsi X1 tərəfindən imzalanmış, lakin sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Arzu Şahnəzərov mövcud vəziyyətdə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmayıb. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilir. Qeyd olunur ki, iddiaçı tərəfindən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun, həmçinin mülki-prosessual qanunvericiliyin tələblərinə də riayət edilməyib. Belə ki, tərəflər arasında mövcud olan hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Ona görə də «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisəyə mediasiya tətbiq edilməlidir. İddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməyib. Həmçinin iddiaçının adıçəkilən Qanunun tələbinə riayət etməsi təqdim edilmiş sənədlərdən görünmür. Azərbaycan Respublikası MPM-nin 152.1.2 və 152.1.6-1-ci maddələrinə əsasən «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;», ««Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar