Məhkəmə qərarları › İş №2(053)-1068/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1068/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1068/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən 214 manat məbləğində əsas borc və 149 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu olmaqla, cəmi 363 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala şəhəri, M.Qorki küçəsində yerləşən «Loqofon» satış mağazasının sahibidir. ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə «Loqofon» satış mağazası arasında 16 fevral 2018-ci ildə bağlanmış müqavilə əsasında sonuncuya «Samsung J320» markalı mobil telefon 369 manata satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı malın ümumi dəyəri olan 369 manatı qrafik əsasında 7 (yeddi) ay ərzində hissə-hissə ödəməsi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 155 manat məbləğində ödəniş etmiş, 214 manat borclu qalmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı malın borclu qaldığı hissəsini müqavilə şərtlərinə əsasən müntəzəm olaraq ödəməyi, həmçinin ödəmədiyi halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət verilməsini xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə qədər mağazaya olan borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırılmasına etiraz etmir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə edilmiş telefon zənglərinə və xəbərdarlıqlara baxmayaraq, borcu ödəməkdən yayınmış, ümumiyyətlə mağazaya heç bir məlumat verməmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh mağazanın tələbləri ilə tam razı olduğu, xəbərdarlıq etmədən borcunu gecikdirdiyi təqdirdə hər ay qalıq borcunun 10 faizi miqdarında cərimə ödəməlidir. Cavabdehin aldığı malın pulunu ödəmədiyini görüb onunla dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, ondan borcun ödənilməsi tələb edilmişdir. Lakin o, borcunu qısa bir vaxtda ödəyəcəyini bildirsə də buna əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurulmuşdur. 14 yanvar 2021-ci il tarixdə cavabdehə rəsmi xəbərdarlıq göndərilmişdir. Müqavilənin şərtinə əsasən «Alıcı» satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğin hər ay 10 faizi miqdarında cərimə hesablanması nəzərdə tutulsa da, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq ondan cəmi 7 ayın cərimə borcu, yəni 149 manat tələb edilir. Qalan aylar üzrə cərimə borcundan isə imtina edilir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Satıcı – «Loqofon» mağazası (İddiaçı) ilə alıcı – Cavabdeh arasında bağlanmış 16 fevral 2018-ci il tarixli müqavilədən görünür ki, satıcı - «Loqofon» mağazası (İddiaçı) alıcı – Cavabdeh qiyməti 369 manat olan 1 ədəd «Samsung J320» markalı mobil telefonu hər ay hissə-hissə ödəmək şərtilə 7 ay müddətinə satmışdır. 30 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdeh 16 fevral 2018-ci il tarixli müqavilə üzrə 214 manat ödənilməmiş əsas məbləğ və 149 manat cərimə olmaqla – cəmi 363 manat məbləğində borcu vardır. 14 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı («Loqofon» mağazasına) olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. 30 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, «Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 214 manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Həmin Məcəllənin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, cərimə borcu 30 manat həddində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 214 manat məbləğində əsas borc və 30 manat məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 214 (iki yüz on dörd) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 244 (iki yüz qırx dörd) manat borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar