Məhkəmə qərarları › İş №2(053)-1079/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1079/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1079/2023 27.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “220 (iki yüz iyirmi) manat məbləğində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatında qanunsuz olaraq balıq ovlamış, ünvan 1 ünvanda yaşayan Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu Vöen: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X1, Kodu: 210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 saylı hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı iddiasını onunla əsaslandırmışdır ki, 13 avqust 2023-cü il tarixdə Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxx 1974-cü il tarixində Salyan şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh qanunsuz balıq ovlamaq məqsədilə Şirvan Milli Parkının ərazisində müəyyən olunmuşdur. Vətəndaş Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatına qanunsuz olaraq dabanbalığı tutduğuna görə 220 (iki yüz iyirmi) manat ziyan vurduğu Cavabdeh bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə vətəndaşa müvafiq məktub göndərilmişdir. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatına dəymiş ziyanı könüllü olaraq ödəməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmədə tədqiq edilmiş və işdə olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı əməkdaşları tərəfindən tərtib edilmiş 13 avqust 2023-cü il tarixli, 61755 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatı əməkdaşları Parkın sahəsində Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirmişdir. Neftçala rayonu, Qırmızıkənd kəndi sakini Cavabdeh qanunsuz balıq ovlamaq məqsədilə Şirvan Milli Parkının ərazisində aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 13 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh 13 avqust 2023cü il tarixdə Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatı ərazisində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 06 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 13 avqust 2013-cü il tarixdə Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatı ərazisində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı tərəfindən tərtib olunmuş hesabatdan görünür ki, Cavabdeh Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatı ərazisində qanunsuz balıq ovu etməsi nəticəsində təbiətə 220 manat məbləğində (20 ədəd balıq, hər balıq üçün 11 manat, 20 ədəd x 11 manat = 220 manat) ziyan dəymişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında” Əsasnamənin 7.9-cu bəndinə əsasən “Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.” Həmin Əsasnamənin 7.10-cu bəndinə əsasən “Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Həmin Əsasnamənin 7.11-ci bəndinə əsasən “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbiətə dəymiş ziyana görə 220 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 220 (iki yüz iyirmi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar