Məhkəmə qərarları › İş №2(053)-1098/2022

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1098/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1098/2022 22.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2019-cu il tarixli VC-15459/1 nömrəli Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 244,74 (iki yüz qırx dörd manat yetmiş dörd qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu və 29 oktyabr 2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 21,06 (iyirmi bir manat altı qəpik) manat məbləğində adi faizlər üzrə borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 84.69 (səksən dörd manat altmış doqquz qəpik) manat məbləğində penya, cəmi 350,49 (üç yüz əlli manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında 29 oktyabr 2019-cu il tarixli VC-15459/1 nömrəli kredit xətti müqaviləsi (əmək haqqı kartı vasitəsilə) bağlanaraq cavabdehǝ 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 1140 (bir min bir yüz qırx) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş 12 aylıq müddətin sonuncu günündən gec olmayaraq tam olaraq banka qaytarmağı, faizlərin son ödənişini isə 2.11-ci bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni 29 oktyabr 2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmış faizləri tam şəkildə banka qaytarmamışdır. Həmin tarixə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 315,80 (üç yüz on beş manat səksən qəpik) manat olmuşdur ki, bunun da 294,74 (iki yüz doxsan dörd manat yetmiş dörd qəpik) manatı vaxtı keçmiş əsas borc, 21.06 (iyirmi bir manat altı qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditləşmə müddətinin bitdiyi 29 oktyabr 2020-ci il tarixindən sonra cavabdeh banka ümumilikdə 50 (əlli) manat ödəniş etmişdir ki, qeyd edilən məbləğ vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. İddia ərizəsinin verildiyi cari tarixə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 265.80 (iki yüz altmış beş manat səksən qəpik) manat təşkil edir ki, bunun da 244,74 (iki yüz qırx dörd manat yetmiş dörd qəpik) manatı vaxtı keçmiş əsas borc məbləğindən, 21,06 (iyirmi bir manat altı qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. 11 noyabr 2022-ci il tarixinə bu məbləğ 84.69 (səksən dörd manat altmış doqquz qəpik) manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 03 avqust 2021-ci il tarixli 381 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli VC-15459/1 nömrəli "xxxx"ndən görünür ki, ASC "xxxx" Bankı – “Bank” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 1140 (bir min bir yüz qırx) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx"nə 1 saylı əlavədən görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtləri ilə və kredit üzrə faktiki illik faiz dərəcəsi, həmçinin kredit müqaviləsinin bağlanması anına qüvvədə olan bankın tarifləri ilə tanış olmuş, onlarla razılaşaraq həmin müqaviləyə əlavəni imzalamışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına vaxtı keçmiş 244,74 AZN borcu, kredit müddətinin bitməsi tarixinə (xx.xx.2020) kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (18%) ilə hesablanmış 21,06 AZN adi faiz borcu və 84,69 AZN cərimə faizləri üzrə borcu olmaqla, cəmi 350,49 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 29 oktyabr 2019-cu il tarixli VC-15459/1 nömrəli "xxxx" ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı ASC "xxxx" Bankına ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 244,74 manat məbləğində əsas borc, 21,06 manat məbləğində faiz üzrə borc və 10 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 275,80 manat məbləğində borc ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbinin təmin edilmiş məbləğinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 244,74 (iki yüz qırx dörd manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 21,06 (iyirmi bir manat altı qəpik) manat faiz üzrə borc, 10 (on) manat cərimə üzrə borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 305,80 (üç yüz beş manat səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar