Məhkəmə qərarları › İş №2(053)-1102/2022

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1102/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1102/2022 22.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə iddiaçının xeyrinə 1092,88 (bir min doxsan iki manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 351,47 (üç yüz əlli bir manat, qırx yeddi qəpik) manat məbləğində cərimə, cəmi 1444,35 (bir min dörd yüz qırx dörd manat, otuz beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34,44 (otuz dörd manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış NFCK03757 nömrəli 29 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1342.88 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehǝ təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş "ödəniş qrafiki"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə iddiaçı tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1092.88 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1757.35 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 351.47 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2020-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi”ndən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə nisyə məbləği 1342,88 manat olan malı (əşyanı) “LG 55 (UHD) 55UN73506LB” markalı bir ədəd televizoru nisyə alqı-satqı şərtləri əsasında satmışdır. Borclu aldığı əşyalara görə ilkin ödəniş etmiş və borclu olduğu 1342,88 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 29 dekabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-i tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh NFCK03757 nömrəli 29 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1092,88 manat əsas borc, hesablanmış cərimə məbləğinin 20% güzəşti ilə əlaqədar 351,47 manat cərimə borcu qalmışdır. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçınə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 34,44 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, “alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, “əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir”. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, “əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, “əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 30 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 29 dekabr 2020-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi” üzrə 1092,88 (bir min doxsan iki manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1122,88 (bir min yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 31,22 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 29 dekabr 2020-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi üzrə 1092,88 (min doxsan iki manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 1122,88 (min yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 31,22 (otuz bir manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar