Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1130/2024 28.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 (on bir min) manat məbləğində pulun və 123 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, 2005-ci ildən Müdafiə Nazirliyinin Baş X2 Texniki Təminat tağımında əşya xidmətində anbardar vəzifəsində işləyir. İşlədiyi müddətdə kollektivlə, o cümlədən Cavabdeh ilə mehriban və səmimi münasibəti olmuşdur. Cavabdeh yanğın söndürmə şöbəsində işləyir. Cavabdeh onunla arasındakı yaxın münasibətdən istifadə edərək, 2023-cü ildə ondan 10.000 manat məbləğində borc pul istəmiş, həmin pulu 1 ay müddətinə geri qaytaracağına dair söz vermişdir. O da cavabdehə inanmış və 04 iyul 2023-cü il tarixdə, Bakı şəhəri 43 saylı notariat mərkəzində notariusun iştirakı ilə 45 gün müddətinə 10.000 manat məbləğində pulu müqavilə əsasında Cavabdeh borc vermişdir. Müqavilədən bir həftə sonra cavabdeh təkrar ondan 1.000 manat məbləğində borc istəmiş, bu zaman ona inandığı üçün müqavilə bağlamadan ona 1.000 manat da borc pul vermişdir. Cavabdehin hazırda ona olan borcu ümumilikdə 11.000 manat təşkil edir. Lakin cavabdeh ona olan borcundan bu günə kimi heç bir ödəniş etməmiş, onun etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehə və onun atasına pulu geri qaytarmaları ilə bağlı müraciət etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdehlə sonuncu telefon danışığı zamanı isə ona borclu olduğu 10.000 manat məbləğində pulu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 10 ildən çoxdur ki şəkərli diabet xəstəsi olduğu üçün insulin qəbul edir və bununla bağlı pensiya alırmış. Lakin sonradan həmin pensiyanı ləğv ediblər. Cavabdeh də həmin pensiyanı yenidən bərpa etmək üçün ona kömək edə biləcəyini bildirmiş, əvvəlcə ondan müqavilə əsasında 10.000 manat və müqaviləsiz 1.000 manat məbləğində pul almışdır. Lakin cavabdeh nə verdiyi vədi yerinə yetirmiş, nə də ona olan borcunu geri qaytarmışdır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə birlikdə işləyir və onunla yaxşı münasibəti olmuşdur. İddiaçının pensiyasını bərpa etməsi ilə bağlı işi olmuş, onun da xalasının vasitəsilə tanıdığı X1 ilə tanışlığı olduğu üçün, həm də Samirə Mirzəyeva onun xalasına pensiya düzəltdiyi üçün həmin qadına iddiaçının pensiya işi ilə bağlı müraciət etmişdir. Samirə Mirzəyeva da iddiaçının pensiya almasına köməklik edə biləcəyini bildirərək məsələnin həlli üçün 11.000 manat pul lazım olduğunu demişdir. O da həmin məbləği iddiaçıya bildirmiş və iddiaçı həmin məbləğlə razılaşmışdır. Daha sonra iddiaçı onunla borc müqaviləsi bağlayaraq həmin məbləği ona vermiş, o da həmin pulu Samirə Mirzəyevaya vermişdir. Samirə Mirzəyeva isə onu aldatmış və iddiaçının işini də həll etməmişdir. Qeyd edir ki, Samirə Mirzəyevanın hərəkətlərindən şikayət etmiş, onun barəsində Səbail Rayon Polis İdarəsində cinayət işi başlanmış və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Samirə Mirzəyeva hal-hazırda istintaq təcridxanasında saxlanılır və Ağır Cinayətlər Məhəməsində onun işinə baxılır. O, həmin cinayət işi bitdikdən sonra pulu Samirə Mirzəyevadan alıb iddiaçıya qaytarmağı güman edir. Cavabdeh iddiaçıdan həqiqətən də 11.000 manat məbləğində pul aldığını, vasitəçilik etdiyini və bunun yanlış olduğunu etiraf edir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş matriallarına əlavə olunmuş 04 iyul 2023-cü il tarixli Bakı şəhəri 43 saylı notariat mərkəzində notariusun iştirakı bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı – “borc verən”, Cavabdeh – “borc alan” olmaqla, cavabdehə 20 avqust 2023-cü il tarixinədək qaytarmaq şərtilə 10.000 manat məbləğində borc verilmişdir. Cavabdehin təqdim etdiyi Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində dindirilmiş, öz ifadəsində həmçinin iddiaçıdan aldığı 11.000 manat pulu xalası Mahirəyə verdiyini, sonuncunun da həmin pulu Samirə Mirzəyevaya verdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iddiaçıdan 2023-cü il tarixdə 11.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». İddiaçı məhkəməyə müraciət edərkən 123 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1130/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1130/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver