Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-117/2025 15.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 387 manat məbləğində əsas borc və 270 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu olmaqla, cəmi 657 manat borcun, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə 138 manat əsas borc və 96 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu olmaqla, cəmi 234 manat borcun, ümumilikdə isə 891 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala şəhəri, M. Qorki küçəsində yerləşən «Loqofon» satış mağazasının sahibidir. Neftçala rayonu, 1-ci Mayak kəndində yaşayan Cavabdeh ilə «Loqofon» satış mağazası arasında bağlanmış 16 sentyabr 2017-ci il tarixli və 30 oktyabr 2017-ci il tarixli müqavilələrə əsasən cavabdehə «XİAOMİ NOTE 4X» markalı mobil telefon 477 manata, «LEAGOO C6» markalı mobil telefon isə 148 manat satılmışdır. 16 sentyabr 2017-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı malın dəyəri olan 477 manatı qrafik əsasında 8 (səkkiz) ay ərzində hissə-hissə ödəməsi barədə və 30 oktyabr 2017-ci il tarixli müqavilənin şərtlərinə əsasən aldığı malın dəyəri olan 148 manatı qrafik əsasında 8 (səkkiz) ay ərzində hissə-hissə ödəməsi barədə öhdəliklər götürmüşdür. Buna baxmayaraq cavabdeh 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 16 sentyabr 2017-ci ildə 90 manat ödəniş etmiş, 387 manat borclu qalmış, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə isə 30 oktyabr 2017-ci ildə 10 manat ödəniş etmiş, 138 manat borclu qalmışdır. Hər iki müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı malların borclu qaldığı hissəsini müntəzəm olaraq ödəməyi, həmçinin ödəmədiyi halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət verilməsini xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə qədər mağazaya olan borcunu tam ödəməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırılmasına etiraz etmir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə edilmiş telefon zənglərinə və xəbərdarlıqlara baxmayaraq, borcu ödəməkdən yayınmış, ümumiyyətlə mağazaya heç bir məlumat verməmişdir. Cavabdeh müqavilələrdə göstərilən şərtlərlə, mağazanın tələbləri ilə, habelə xəbərdarlıq etmədən borcunu gecikdirdiyi təqdirdə hər ay qalıq borcunun 10 faizi miqdarında cərimə ödəməsi ilə razılaşmışdır. Cavabdehin aldığı malların pulunu ödəmədiyini görüb onunla dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış və ondan borcun ödənilməsi tələb edilmişdir. Lakin o, borcunu qısa bir vaxtda ödəyəcəyini bildirsə də buna əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurulmuşdur. 07 yanvar 2022-ci il tarixdə cavabdehə rəsmi xəbərdarlıq göndərilmişdir. Müqavilələrin şərtlərinə əsasən «Alıcı» satılan əşyanın qiymətini müqavilələrdə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğin hər ay 10 faizi miqdarında cərimə hesablanması nəzərdə tutulsa da, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq ondan hər iki müqavilə üzrə cəmi 7 ayın cərimə borcu, yəni 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 270 manat, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə isə 96 manat tələb edilir. Qalan aylar üzrə cərimə borclarından isə imtina edilir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı – «Loqofon» mağazası (İddiaçı) ilə alıcı – Cavabdeh arasında bağlanmış 16 sentyabr 2017-ci il tarixli müqavilədən görünür ki, satıcı - «Loqofon» mağazası (İddiaçı) alıcı – Cavabdeh qiyməti 477 manat olan 1 ədəd «XİAOMİ NOTE 4X» markalı mobil telefonu hər ay hissə-hissə ödəmək şərtilə 8 ay müddətinə satmışdır. İş materiallarında olan satıcı – «Loqofon» mağazası (İddiaçı) ilə alıcı – Cavabdeh arasında bağlanmış 30 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, satıcı - «Loqofon» mağazası (İddiaçı) alıcı – Cavabdeh qiyməti 148 manat olan 1 ədəd «LEAGOO C6» markalı mobil telefonu hər ay hissə-hissə ödəmək şərtilə 8 ay müddətinə satmışdır. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdeh 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 387 manat ödənilməmiş əsas məbləğ və 270 manat cərimə olmaqla – cəmi 657 manat məbləğində, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə isə 138 manat ödənilməmiş əsas məbləğ və 96 manat cərimə olmaqla – cəmi 234 manat məbləğində, ümumilikdə isə 891 manat məbləğində borcu vardır. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı («Loqofon» mağazasına) olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 10 manat, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə isə 5 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 387 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə olmaqla, cəmi 397 manat, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə isə 138 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla, cəmi 143 manat məbləğində, ümumilikdə isə 540 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 387 (üç yüz səksən yeddi) manat məbləğində əsas borc və 10 (on) manat cərimə olmaqla, cəmi 397 (üç yüz doxsan yeddi) manat, 30 oktyabr 2017-ci il tarixli müqavilə üzrə 138 (yüz otuz səkkiz) manat məbləğində əsas borc və 5 (beş) manat cərimə olmaqla, cəmi 143 (yüz qırx üç) manat, ümumilikdə isə 540 (beş yüz qırx) manat məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-117/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-117/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver