Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1205/2024 16.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladları - 04 avqust 2007-ci il təvəllüdlü X6, 17 aprel 2009-cu il təvəllüdlü X5 və 10 fevral 2014-cü il X1 üçün Neftçala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(053)-206/2021 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin artırılaraq hər uşağa 235 manat, cəmi 705 manat aliment Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(053)-206/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulan övladları 04 avqust 2007-ci il təvəllüdlü X6, 17 aprel 2009-cu il təvəllüdlü X5 və 10 fevral 2014-cü il X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, cavabdehlə birgə nikahlarından doğulan övladları 04 avqust 2007-ci il təvəllüdlü X6, 17 aprel 2009-cu il təvəllüdlü X5 və 10 fevral 2014-cü il X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Neftçala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(053)-206/2021 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin artırılaraq hər uşağa 235 manat, cəmi 705 manat həcmində müəyyən olunmalı və cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. Həmçinin cavabdehdən aliment alınmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsindən təxminən 3 (üç) ilə yaxın bir müddət keçmiş, həmin müddətdə iqtisadi və digər səbəblərdən ərzaq, enerji və digər istehlak sahələrində bazar qiymətləri kəskin artmış, övladlarının sosial və artan təhsil xərcləri onların saxlanmasında ehtiyac duyulan maddi tələbatları artmış və Cavabdeh sözügedən xərclərdə sadəcə hazırkı aliment məbləği ilə çıxış etməsi artıq yetərsiz qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh boşanmadan sonra övladlarının istər tərbiyə olunmasına, istərsə də maddi ehtiyaclarının ödənilməsinə bir valideyn olaraq olduqca qeydsiz yanaşmış, məhkəmə tərəfindən üzərinə qoyulan aliment öhdəliyini lazımınca icra etməmişdir. Beləcə, “Uşaq hüquqları haqqında” Konvensiya ilə müəyyən edilmiş “uşaqların tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması” prinsipinin pozulmasına, eləcə də hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdeh sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim edilir. İddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə göndərərək işi ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə işə iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında telefonla əlaqə yaradılaraq iddianı qismən qəbul etdiyini, uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa 150 manat, cəmi 450 manat aliment ödəməyə imkanı olduğunu, hazırda Türkiyə Respublikasında işlədiyini, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. “Məlumatların elektron sorğulanması” haqqında çıxarışdan görünür ki, İddiaçı halhazırda subaydır. Tərəflərin birgə nikahlarından 04 avqust 2007-ci il təvəllüdlü X6, 17 aprel 2009-cu il təvəllüdlü X5 və 10 fevral 2014-cü il X7 dünyaya gəlmişdir. Neftçala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(053)-206/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh “Alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 2(053)-715/2015 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılmış, azyaşlılar - 04 avqust 2007-ci il təvəllüdlü Hüseynin, 17 aprel 2009-cu il təvəllüdlü Altunayın və 10 fevral 2014-cü il Yusifin yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılmış və sabit pul məbləğində tutulmaqla hər ay hər uşağa 110 manat məbləğində müəyyən edilməsi qət edilmişdır. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan 12 mart 2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 04 avqust 2007-ci il təvəllüdlü X6, 17 aprel 2009-cu il təvəllüdlü X5 və 10 fevral 2014-cü il X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqlarını saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 04 avqust 2007-ci il təvəllüdlü X3, 17 aprel 2009-cu il təvəllüdlü X2 və 10 fevral 2014-cü il X4 yetkinlik yaşlarına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin artırlmış miqdarı 1800 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 38 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(053)-206/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş sabit miqdarı artırılsın. 04 avqust 2007-ci il təvəllüdlü X3, 17 aprel 2009-cu il təvəllüdlü X2 və 10 fevral 2014-cü il X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydalarla tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1205/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1205/2024
16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver